Məhkəmə qərarları › İş №2(004)-816/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-816/2023

13.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-816/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinin və bildirişin etibarsızlığı” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi” ilə bağlı əmək müqaviləsi bildirişinə daxil edilməsi və Cavabdeh MMC-dən vurduğu maddi zərərə görə 2500 manat pulun və ödənilmiş dövlət rüsumu olan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı işləmək üçün Şirkətlərin birinə müraciət etmişdir. Bu zaman ona bildirmişlər ki, başqa bir şirkətlə əmək müqaviləsi var. Bunu araşdırarkən ona məlum olmuşdur ki, hər hansı əmək müqaviləsinə girmədiyi halda qanunsuz olaraq barəsində əmək müqaviləsi tərtib edərək Cavabdeh MMC elektron sisteminə bu barədə məlumatlar daxil etmiş və o, həmin şirkətdə yardımçı fəhlə vəzifəsinə təyin edilməyi ilə 720 manat əməkhaqqı rəsmiləşdirilmişdir. Bu fakt ona 2022-ci ilin əvvəlində məlum olmuşdur və o, aidiyyəti qurumlara şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin ona qarşı edilən haqsızlığa son qoyulmur. Nəticədə o, yeni iş yeri ilə müqavilə bağlaya bilmədiyi üçün işləyə bilmir və bu səbəbdən də maddi vəziyyəti günü-gündən pisləşir. Halbuki, qeyd edilən müddət ərzində işləsəydi müvafiq qaydada əməkhaqqı alardı. Bütün bu hanqsızlıqların qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000600 nömrəli müqavilənin və bildirişin etibarsız hesab edilməsi, buna dair müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Ağdaş rayonunda yaşamış, orada əvvəllər kababçı yanında köməkçi işləmişdir. Daha sonra o, tanışı vasitəsi ilə iş tapmaq üçün Bakı şəhərinə gəlmiş, bir müddət iş axtarmış, sonra tanışının köməkliyi ilə pizzaçı vəzifəsinə işə düzəlmişdir. Lakin sonradan elektron sistem vasitəsi ilə ona məlum olmuşdur ki, onunla guya Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış və o, orada fəhlə vəzifəsində işləmiş və hər ay guya 720 manat əmək haqqı almışdır. Lakin iddiaçı bildirdi ki, o, belə bir şirkəti ümumiyyətlə tanımır, onlarla heç bir əmək müqaviləsi bağlamamış, heç bir müqavilə imzalamamış və o, bir gündə olsun orada işləməmişdir və əmək haqqı da almamışdır. Ümumiyyətlə o şirkəti tanımır və harada yeləşməsini də bilmir. O, uzun müddət həmin şirkəti axtarmağa çalışmış, lakin tapa bilməmiş, bu barədə şikayət ərizəsi ilə müxtəlif qurumlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamış və ona müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 izahatında göstərmişdir ki, iddia tələbinə etiraz etmir, iddia ərizəsinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərddar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı uzun müddətdir tanıyır. İddiaçı Ağdaş rayonunda yaşamış və orada işləmişdir. Daha sonra o, iş tapmaq üçün Bakı şəhərinə gəlmiş və bu müddət ərzində də onunla bir yerdə yaşamış, hal– hazırda da bir yerdə qalırlar. Bir müddət İddiaçı iş axtardı, sonra onu özünün işlədiyi "xxxx" MMCdə pizzaçı kimi işə düzəlməsini xahiş etmiş və İddiaçı orada işə düzəlmişdir. Daha sonra İddiaçı məlum olmuşdur ki, guya onunla hansısa şirkət arasında əmək müqaviləsi var. O, bu müddət ərzində bir yerdə yaşadıqlarından İddiaçı hər hansı bir şirkətdə işləməsinin şahidi olmamışdır. Daha sonra onlar bu şirkəti axtarmağa çalışsalar da, buna nail olmamışlar. İddiaçı hal-hazırda "xxxx" MMC-də pizzaçı vəzifəsində işləyir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı ərizəsinə əsasən onun pozulmuş hüququnun bərpa edilməsi üçün Cavabdeh MMC (təsisçi X6, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 46) tərəfindən qanunsuz bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və Cinayət Məcəlləsinin tələblərinə uyğun cinayət işinin açılmasına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı **********4 saylı, 13 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən adına aktiv əmək müqaviləsinin olması barədə onlayn müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına (ünvan 1iş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlum etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Bildirmişlər ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, məhkəmə tərəfindən əmək müqaviləsi bildirişinin etibarsız hesab olunması barədə qərar qəbul edilməli və həmin qərarın icrası X4 Xidmətinə həvalə edilməlidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı **********4 saylı, 09 avqust 2022-ci il tarixli cavab məktubuna əsasən eyni məzmunlu müraciəti ilə bağlı tərəfindən 03 iyun 2022-ci il tarixli, **********1 nömrəli məktubla müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi üçün hüquqi şəxs Cavabdeh MMCnin ünvanına (ünvan 1iş, lakin məktuba cavab verilməmiş, bununla bağlı ona 13 iyun 2022-ci il tarixli **********4 nömrəli məktubla cavab verilmişdir. - xx.xx.1996-cı il təvəllüdlü, Ağadaş rayonu, M.Ə.Rəsulzadə küçəsi, 21A ünvanında qeydiyyatda olan İddiaçı sosial arayışına əsasən onunla Cavabdeh MMC arasında xxxxxxx000600 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı qeyd edilmiş, həmin MMC-də fəhlə vəzifəsinə təyin edildiyi və 720 manat məbləğində maaş aldığı göstərilmişdir. Hal-hazırda müqavilə qüvvədədir. Həmçinin onunla "xxxx" MMC arasında xxxxxxx000803 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı qeyd edilmiş, həmin MMC-də pizzaçı vəzifəsinə təyin edildiyi və 498,29 manat məbləğində maaş aldığı göstərilmişdir. Hal-hazırda müqavilə qüvvədədir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını formal olaraq müəssisənin fəhlə vəzifəsinə təyin edilməsinin onun iradə ifadəsi olmaması, orada fəhlə kimi bir gün də olsa fəaliyyət göstərməməsi, hər hansı formada əmək haqqı almaması, Cavabdeh MMC-nin rəhbərlərini tanımaması, onlarla heç bir əlaqəsi olmaması təşkil etmişdir. İşin materiallarından görünür ki, xxxxxxx000600 nömrəli, 05 mart 2022-ci il tarixli müqavilə ilə İddiaçı Cavabdeh MMC-də fəhlə vəzifəsinə təyin edilmiş, 720 manat məbləğində maaş aldığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarına qiymət verərək iddiaçının irəli sürdüyü arqumentlərin iş materialları uzlaşdığı üçün daha inandırıcı sayır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, 05 mart 2022-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-də fəhlə vəzifəsinə təyin edilməsi barədə müqavilə bağlanılarkən o, "xxxx" MMC-i ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq əmək münasibətlərində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-2-ci bəndlərinə görə, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə və 12-ci maddəsinin “h” bəndinə əsasən, elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək işçinin hüququ, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin vəzifəsidir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndlərinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi qanunverici, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün bu münasibətlərin yaranması, dəyişməsi və xitamı ilə bağlı məlumatların işçinin əldə edə biləcəyi elektron informasiya sisteminə daxil edildikdən sonra hüquqi qüvvəyə minməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu qayda, işəgötürən kimi təsisçilərin vəzifəsi olmuşdur. Lakin işin materiallarından göründüyü kimi, iddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixdən "xxxx" MMC ilə müqavilə bağlayaraq orada pizzaçı vəzifəsində işləməkdə davam edir, müqavilə hal-hazırda qüvvədədir. Bu hal bir daha Cavabdeh MMC ilə bağladığı 05 mart 2022-ci il tarixli müqavilənin saxta və görüntü xatirinə qəbul edilmiş müqavilə olması anlamına gəlməsinə tam əsas verir. Beləliklə də, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh MMC-də fəhlə kimi, müəssisə ilə heç bir əmək müqaviləsi bağlanmamış, müqavilənin bağlanmasında iştirak etməmiş, bir gün də olsa orada çalışmamış, hər hansı formada əmək haqqı almamış, müəssiənin rəhbərini tanımamış, onlarla da heç bir əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin fəhlə vəzifəsinə İddiaçı təyin edilməsi barədə xxxxxxx000600 nömrəli, 05 mart 2022-ci il tarixli əmək müqaviləsi və bildiriş qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, məlum olduğu kimi, əmək hüquq münasibətləri mülki hüquq münasibətlərinin tərkib hissəsidir. Məhz bu səbəbdən Mülki Məcəlləsinin 2.3-cü maddəsində göstərilmişdir ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən bir şəxsin öz davranışı ilə qarşı tərəfdə güvən oyandırdıqdan sonra bu davranışa və güvənə zidd hərəkət etməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Mülki Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədi Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000600 nömrəli müqavilə və bildiriş etibarsız hesab edilsin və müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar