Məhkəmə qərarları › İş №2(004)-827/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-827/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-827/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 3680,98 ABŞ dolları, faiz borcu üzrə 1883.03 ABŞ dolları, cəmi 5564,01 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 114,59 manat və iddianın təmin tədbirinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SEDAN” markalı minik (buraxılış ili 2013, Ban-L6T7844Z4DN022309, rəngi-qara) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR MM-nin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Belə ki, "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra bank) Cavabdeh arasında 09.09.2013-cü il tarixdə, 1260 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 14360 ABŞ dolları məbləğində kredit verilmişdir. 03.10.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SX- *** dövlət qeydiyyat nişanlı, “GEELY SEDAN” markalı minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 14360 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçı QSCnin onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 edilməsi Agentliyi” MMC 29.08.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas və faiz borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli 2(004)- 5789/2019 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş səsnədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı QSC-nin onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 edilməsi Agentliyi” MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 17.10.2019-cu il tarixli 2(103)-13161/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon məhkəməsinin 05.09.2019-cu il tarixli 2(004)-5789/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X4 edilməsi Agentliyi” MMC-yə 25.10.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsinin məhkəmə tərəfindən üzrlü hesab olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıdakı məzmunda izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili tələbə etirazını bildirərək iddia müddətinin tətbiqi barədə ərizələrində qeyd etdikləri kimi iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 24.11.2017-ci il tarixli, S- AVK-1500 nömrəli Aktdan görünür ki, borclu Cavabdeh "xxxx" ASC-yə olan borcunu tələb etmək hüququ İddiaçı QSC-yə keçmişdir. Tərəflər "xxxx" ASC və İddiaçı QSC Cavabdeh aid problemli aktivlərlə bağlı müvafiq sənədlərin təhvil-təslim aktını təsdiq etmişlər. İş materiallarında olan 09.09.2013-cü il tarixli, 01260 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sənaye filialı (borc verən) Cavabdeh (borc alan) nəqliyyat vasitəsinin alınması məqsədilə 14360 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borc alan isə həmin müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 ay olmaqla kredit vəsitindən istifadə müddəti 09.09.2016-cı il tarixində 12.00 saatda bitəcəyi qeyd olunmuşdur. Habelə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17-lə hesablanacağı qeyd olunmuşdur. İş materiallarında olan 1260 nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin Sənaye filialı (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka verən) bağlanmış 09 sentyabr 2013cü il tarixli, 1260 nömrəli kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər həmin müqavilə ilə müəyyən edilmiş nəqliyyat vasitəsinin (Geely FE.minik, tip-sedan, buraxılış ili-2013, mühərrik-*02849.Ban- L6T7844Z4DN022309, rəngi-qara) ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 101035 nömrəli 09.09.2013-cü il tarixli Çıxarışdan görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış 1260 nömrəli 09.09.2013-cü il tarixli müqaviləyə əsasən GEELY MİNİK markalı **-SX-*** qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AC seriyalı 064558 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh GEELY MİNİK markalı **-SX-*** qeydiyyat nişanlı avtomobilin sahibidir. İş materiallarında olan 26.05.2016-cı il tarixli, 29.07.2016-cı il tarixli, 24.08.2020-ci il tarixli Cavabdeh ünvanlanmış Bildiriş məktublarından görünür ki, Cavabdeh "xxxx" ASC-nin Sənaye filialı ilə arasında bağlanan 09 sentyabr 2013-cü il tarixli, 1260 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş dəfələlə olunan yazılı xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə olan borcun ödənişi aparılmamış və xəbərdarlıqlar nəticəsiz qalmışdır. İş materiallarında olan 20.07.2016-cı il tarixli 19/1600 nömrəli Azərbaycan Respublikası BDYPİ-NİN QİŞ-nə "xxxx" ASC-nin Sənaye filialı tərəfindən ünvanlanmış məktubdan görünür ki, Cavabdeh göndərilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişi “İpoteka haqqında” AR Qanununun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan 10.12.2021-ci il tarixli 3-11/2846 nömrəli Arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiya məbləği 3900,05 ABŞ dolları olmaqla, X2 09.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 3680,98 ABŞ dolları, faiz borc üzrə 1883,03 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən iddia tələbi üzrə iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Tərəflər arasında 09.09.2013-cü il tarixdə bağlanmış 1260 saylı kredit müqaviləsinin müddəti 09.09.2016-cı ildə başa çatmışdır, beləliklə iddiaçı müqavilə üzrə öhdəliklərinin yetirilməsi üçün AR MM ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsində iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi 29.08.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edildiyini, iş üzrə qəbul edilmiş qərardaddan apellyasiya məhkəməsinə şikayət edildiyini, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərini 25.10.2021-ci il tarixdə rəsmi qaydada geri qaytarıldığını qeyd etsə bu hal iddia müddətinin üzrlü səbəbdən ötürülməsi halı kimi qiymətləndirilməməlidir, belə ki, iddia ərizəsinin geri qaytarılması iddia müddətinin axımını dayandırmır. Bu baxımdan iddia müddəti tətbiq olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilən Cavabdeh nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı Mülki Məcəllədə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iş üzrə iddia müddəti tətbiq olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi 09 sentyabr 2016-cı il tarixdən başlamış, iddiaçı 29.08.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin qərardadı ilə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi 28.02.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin 28.02.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün 31.12.2019cu il tarixədək son müddət müəyyən edilmişdir. Bununla da göstərilən tarixdən sonra iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 22 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 114,59 manat və iddianın təmin tədbirinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 114,59 manat və iddianın təmin tədbirinə görə ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydad verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar