Məhkəmə qərarları › İş №2(004)-830/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-830/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-830/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili 2015-ci il 19 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrn 8-dək Cavabdeh1 2015-ci il 19 iyun tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 35805.55 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilərinin müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 08.09.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1554.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37360.35 ABŞ dolları borcu vardır. 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə, 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1554.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37360.35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsaiti hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, bankdan 2015-ci il 19 iyun tarixində illik 26 faiz ödəmək şərtiylə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bir müddət kredit borcunu ödəsə də, lakin sonradan ödəmələrində gecikmələr yaranmışdır. Belə ki, dolların devalvasiyası onlara mənfi təsir etmişdir. Hazırda da, davam edən pandemiya şəraitində ümumiyyətlə gəlirləri olmadığı üçün ödənişləri edə bilmir. Lakin bunlara baxmayaraq banka müraciət edərək ona güzəşt edilməsini xahiş etsə də, onun müraciətinə müsbət yanaşılmamışdır. Bundan başqa bank tərəfindən ona şişirdilmiş məbləğdə faiz, cərimə və əldən çıxmış faydaya görə borcda hesablanmışdır. O, tələb edilən məbləği ümumiyyətlə ödəmək iqtidarında deyildir. Odur ki, ona ödənişlər etmək üçün vaxt verilməsini və iddia tələbinin əsas borca hesablanmış faiz, cərimə və əldən çıxmış faydaya görə əlavə məbləğin tutulması hissəsində təmin edilməməsini xahiş edir. Cavabdeh2 da, digər Cavabdeh1 ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər onun ailə üvzləridir. Onlarında hazırki mənzildən başqa yaşamağa yerləri yoxdur. Ümumiyyətlə bankın tələb etdiyi məbləğlər çox şişirdilmişdir. Onları evləri əllərində alınacağı təqdirdə məcbur olaraq çöllərdə qalacaqlar. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehlər X3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 26 faiz olmaqla 14300 ABŞ dolları məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili banka ipoteka qoyulmuşdur. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/761 nömrəli, 08.04.2021-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehin kredit müqaviləsinin qüvvədə olma tarixinə yəni, 19.06.2018-ci il tarixinə əsas borc üzrə 14033.65 ABŞ dolları, faiz borcu üzrə 10243.78 ABŞ dolları borcu vardır. xxxx MMC-nin LP-046/21 saylı, 05.04.2021ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin likvid qiyməti 43000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 13902.97 ABŞ dolları əsas borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, ekspert rəyinə əsasən cavabdehin əsas borc üzrə 14033.65 ABŞ dolları borcu olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə əsasən borc üzrə 13902.97 ABŞ dolları məbləğində pul vəsatiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehdən 17578.35 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissəsdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 9/761 nömrəli, 08.04.2021-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin 19.06.2018-cı il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixi üzrə) 10243.78 ABŞ dolları faiz borcunun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7 maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməli və həmin və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbləri bu hissədə qismən təmin edilməlidir. Belə ki, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1554.80 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəməli olduğu məbləği ödəmədiyi və kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi halda məhkəməyə müraciət etməmiş, kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra da, iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi bu halı bankın öz hüquqlarından istifadəsi kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda iddiaçı əldən çıxmış faydaya görə məsuliyyəti (riski) özü daşımış və eyni zamanda əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə 19.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 13902 (on üç min doqquz yüz iki) ABŞ dolları 97 (doxsan yeddi) sent, faiz borcu üzrə 10243 (on min iki yüz qırx üç) ABŞ dolları 78 (yetmiş səkkiz) sent, cərimə üzrə 1000 (bir min) ABŞ dolları, cəmi 25146 (iyirmi beş min yüz qırx altı) ABŞ dolları 75 (yetmiş beş) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılmalı, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına cavabdeh Cavabdeh1 «xxxx» ASC-yə borcu ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh1 verilməli, ipoteka predmetinin ilkin satış məbləği 43000 (qırx üç min) manat müəyyən edilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 32.70%-i, yəni 9 (doqquz) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilməli, qalan 67.30%-i, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpik ödənilmiş məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı «xxxx» ASCyə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 16 (on altı) manat 35 (otuz beş) qəpiyi iddiaçı «xxxx» ASCdən, qalan 67.30%-i, 33 (otuz üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 98 (doxsan səkkiz) manat 10 (on) qəpiyi iddiaçı «xxxx» ASC-dən, qalan 67.30%-i, 201 (iki yüz bir) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq “xxxx” MMC-nin xeyrinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə 19.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 13902 (on üç min doqquz yüz iki) ABŞ dolları 97 (doxsan yeddi) sent, faiz borcu üzrə 10243 (on min iki yüz qırx üç) ABŞ dolları 78 (yetmiş səkkiz) sent, cərimə üzrə 1000 (bir min) ABŞ dolları, cəmi 25146 (iyirmi beş min yüz qırx altı) ABŞ dolları 75 (yetmiş beş) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satılsın, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 «xxxx» ASC-yə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh1 verilsin. İpoteka predmetinin ilkin satış məbləği 43000 (qırx üç min) manat müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 32.70%-i, yəni 9 (doqquz) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilsin, qalan 67.30%-i, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpik ödənilmiş məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı «xxxx» ASCyə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 16 (on altı) manat 35 (otuz beş) qəpiyi iddiaçı «xxxx» ASCdən, qalan 67.30%-i, 33 (otuz üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 98 (doxsan səkkiz) manat 10 (on) qəpiyi iddiaçı «xxxx» ASC-dən, qalan 67.30%-i, 201 (iki yüz bir) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq “xxxx” MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar