Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-831/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır kı, cavabdeh ilə xx.xx.1999-cu il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Yasamal rayon qeydiyyat şöbəsində (VVAQ) V-JQ № 398772 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından övladları yoxdur. Beş ildir faktiki ayrı yaşayırlar. Bu səbəbdən nikahın rozulması üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət edən zaman məlum olmuşdur ki, bu nikah saxtadır, cavabdeh isə başqa bir nikahda qeydiyyatdadır. Göstərilənlərə əsasən onunla Cavabdeh ilə arasında bağlanmış xx.xx.1999-cu il tarixdə qeydə alınmış nikahın etibarsız hesab edilməsi və onun soyadının nikahdan əvvəlki Abbasova soyadı kimi saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbi həcminin azaldılması barədə ərizə verərək, tərəflər arasında bağlanmış xx.xx.1999-cu il tarixdə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı nikahın rozulması üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət edən zaman məlum olmuşdur rəsmi nikahda olduğunu hesab etdiyi nikahı saxtadır. Onların şikayəti əsasında araşdırılmışdır ki, belə bir nikah ümumiyyətlə dövlət qeydiyyatına alınmamış və verilmiş nikah haqqında şəhadətnamə də, Yasamal rayon Qeydiyyat şöbəsinə aid deyildir. Bundan başqa məlum olmuşdur ki, Cavabdeh iddiaçı ilə nikah bağlayan zaman artıq rəsmi nikahda olmuşdur. Onu da, bildirir ki, cavabden həmin saxta nikah şəhadətnaməsinə əsasən öz soy adını da, dəyişdirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış nikah etibarsız hesab edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, birliyin məktubuna əsasən bildiriş cavabdehə çatdırılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.1999-cu il tarixdə Yasamal rayon VVAQ şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1788 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə Nurəliyeva (Abbasova) İradə Tofiq qızı barəsində Yasamal rayon qeydiyyat şöbəsin nikah haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin məktubundan görünür ki, Cavabdeh xx.xx.1958-ci il təvəllüdlü Nurəliyeva (Babayeva) Gülnarə Rauf qızı ilə xx.xx.1979-cu il tarixli, 5307 nömrəli aktla Səadət Sarayında nikaha daxil olmuşdur. Cavabdeh ilə Nurəliyeva (Abbasova) İradə Tofiq qızı arasında nikahın bağlanması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10—12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.1-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 26.1.2-ci maddəsinə əsasən nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.1.5-ci maddəsinə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Nurəliyeva (Babayeva) Gülnarə Rauf qızı ilə xx.xx.1979-cu il tarixli, 5307 nömrəli aktla Səadət Sarayında nikaha daxil olmuşdur. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə aralarında rəsmi qaydada bağlanılaraq qeyde alındığına guman etdiyi nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmədə irəki sürdüyü iddia tələbinin əsası yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iş üzrə tərəflər arasında xx.xx.1999-cu il tarixdə Yasamal rayon VVAQ şöbəsində nikah bağlandığını və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1788 nömrə ilə qeyd edildiyini bildirsə də, bu məhkəmə iclasında araşdırılmış sübutlarla təqzib edilmişdir. Belə ki, məhkəmə tərəfindən Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarında dair məlumatların əldə edilməsi üçün Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə məhkəmə sorğusu göndərilmiş, həmin şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Cavabdeh Nurəliyeva (Babayeva) Gülnarə Rauf qızı ilə xx.xx.1979-cu il tarixli, 5307 nömrəli aktla Səadət Sarayında nikaha daxil olduğu, lakin iddiaçı ilə cavabdeh arasında isə nikahın bağlanmadığı müəyyən edilmişdir. İşin bu halı iddiaçının nümayəndəsinin tərəflər arasında bağlanılmış nikaha dair verilmiş nikah şəhadətnaməsinin saxta olması və tərəflər arasında bağlanıldığına guman edilən nikahın rəsmi olaraq dövlət qeydiyyatına alınmamasına dair etiraf edici izahatı ilə də təsdiq edilmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddianın əsası kimi, cavabdeh tərəfin iddiaçı ilə nikaha girən zaman, artıq rəsmi nikahda olması və bununda qanunvericiliyə əsasən bağlanılmış nikahın etibarsız hesab olunmasına əsas olmasına dair mülahizələri ilə bağlı qeyd edir ki, qanunvericiliyin mənasına görə, qanuna zidd olaraq bağlanılmış və rəsmi olaraq dövlət qeydiyyatına alınmış nikahlar məhkəmə qaydasında etibarsız sayılır. İşin halları ilə isə müəyyən edilmişdir ki, tərəflər arasında nikahın bağlanılmasına dair təqdim edilmiş V-ЖГ 398772 saylı nikah şəhadətnaməsi saxta olmaqla, tərəflərin nikahları dövlət qeydiyyatına alınmamış və tərəflər arasında rəsmi nikah münasibətləri yaranmamış, bu illər ərzində isə iddiaçı cavabdehlə faktiki nikah münasibətlərində yaşamışdır. Beləliklə məhkəmə hesanb edir ki, rəsmi qaydada mövcud olmayan, yəni dövlət reyestrində (vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində) rəsmi olaraq qeydiyyata alınmamış nikah etibarsız hesab edilə bilməz. Belə ki, tərəflər arasında ümumiyyətlə belə bir nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahları özü-özlüyündə ilk gündən saxta olmuşdur. Movcud olmayan nikahın isə, etibar hesab edilməsi yolverilməzdir. Məhkəm eyni zamanda iddiaçının saxta nikah şəhadətnaməsinə əsasən öz soy adını da, dəyişdirməsi ilə bağlı izahatına münasibət bildirərək qey dedir ki, saxta sənədlər özü-özlüyündə etibarsız olduğundan, heç bir hüquqi nəticələr doğura bilməz, belə bir nəticələr (rəsmi sənədlə qeydiyyata alınmış və rəsmiləsdirilmiş) olduğu halda isə həmin nəticələr də, etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz və buna görə də, rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə xx.xx.1999-cu il tarixdə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-831/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-831/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver