Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-832/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və buna dair məlumatların müvafiq elektron informasiya sistemində qeydiyyatının aparılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh MMC tərəfindən qəbul edilmiş 04 nömrəli, xx.xx.2022-ci il tarixli əmr nəzərə alınaraq onunla bağlanmış 18 nömrəli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də yol mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Orada çalışdığı zaman şirkət öz fəaliyyətini dayandırdığına görə öz xahişi ilə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə direktor Nümayəndə müraciət edərək işdən azad edilməsini xahiş etmiş və onun işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli, 04 nömrəli əmr verilmişdir. 2022-ci ilin noyabr ayında işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işləri üzrə şirkətə işə qəbul üçün müraciəti təsdiqlənmiş və onun işəgötürən tərəfindən məlumatlarının işçi kimi portala daxil edilməsi zamanı bildirilmişdir ki, əvvəlki iş yerindən azad edilməsi barədə əmr portala daxil edilməmişdir. Ona görə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən ona şirkətin direktoru olan Nümayəndə adlı şəxsin axtarışda olması səbəbindən tapılmadığı bildirilmişdir. Həmçinin ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olması bildirilərək bu mümkün olmadığı halda isə həmin tələblə bağlı məhkəməyə müraciət etmədi tövsiyyə edilmişdir. O, qeyd olunanlara əsasən əvvəlcə mediasiya təşkilatına, sonra isə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, o, Cəmiyyətin direktoru olan Nümayəndə qardaşı ilə əlaqə saxlamış və sonuncu vasitəsilə əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli 04 saylı əmri əldə etmişdir. Lakin direktorun özü olmadığından əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatı elektron sistemə daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatdan müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-də tikinti üzrə mühəndis vəzifəsində işləməklə əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən müəyyən edilir ki, o, öz təşəbbüsü ilə həmin tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 04 nömrəli əmrindən görünür ki, inzibati şöbədə yol mühəndisi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 18 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə (işçinin öz xahişi ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmr Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, adına aktiv əmək müqaviləsinin olması barədə iddiaçının müraciətinə həmin idarədə baxılmışdır. İddiaçıya bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlarından müəyyən edilir ki, VÖEN statusu aktivdir. X2 İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarış məlumatından müəyyən edilir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndədur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3963600 nömrəli məktubundan müəyyən edilir ki, Nümayəndə rəhbəri olduğu Cavabdeh MMC (VÖEN: **********) haqqında Baş İdarədə xx.xx.2021-ci il tarixdə AR CM-in 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Sonuncu cinayət işinin icraatı xx.xx.2022-ci il tarixdə AR CPM-in 53.1.3-cü ( təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə) maddəsi ilə dayandırılmışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsi üzrə Cəmiyyətdə “mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin VÖEN-i aktivdir, MMC-nin rəhbəri olan İddiaçı olduğu yer müəyyən edilmədiyindən Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılan araşdırma dayandırılmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir və elektron portalda iddiaçının hələ də cavabdeh MMC-də mühəndis vəzifəsində çalışdığı göstərilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, işəgötürən Cavabdeh MMC-nin qanuni təmsilçisi yəni işəgötürən İddiaçı olduğu yeri müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18 nömrəli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların müvafiq elektron informasiya sistemində qeydiyyatının aparılması hüququ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18 nömrəli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların müvafiq elektron informasiya sistemində qeydiyyatının aparılması hüququ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-832/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-832/2023
28.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver