Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-841/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70”ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi və və öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin təmin edilməsi vəzifəsinin “X4" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətlə iddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Səbail rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Müdiriyyət tərəfindən iddiaçıya iş olana kimi evdə gözləməsini və özləri tərəfindən dəvət ediləcəkləri bildirildiyi üçün, bir müddət gözləmiş, lakin MMC-i tərəfindən heç bir məlumat verilmədiyindən bir müddət yenidən yaxınlaşıb nə vaxt iş olacağını soruşmuşdur. Lakin yenə eyni sözlər söyləyərək iddiaçıya gözləməyini təklif etmişlər. Məsələ ilə bağlə ”X4” MMC-yə müraciət etdikdə İddiaçı iş olmadığı üçün öz xahişi ilə işdən azad olmağı barədə ərizə yazdırmışlar, sonradan isə məlum olmuşdur ki, guya işə davamiyyəti olmadığına görə xx.xx.2021-ci il tarixli **********9 saylı əmrlə Əmək Məcəlləsinin 70”ç” bəndinə əsasən işdən azad etmişlər. Halbu ki İddiaçı işə dəvət olunmamış və hər dəfə gözləməsini, iş olan kimi xəbər edəcəylərini bildirmişlər. Hesab edir ki, verilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı əmr qanunsuz və əsasızdır, ləğv edilməlidir, belə ki, qeyd etdiyi kimi iddiaçını işə dəvət etməmişlər, iş olan kimi xəbər edəcəklərini bildirmişlər və öz xahişi ilə işdən azad olması barədə ərizə yazdığı halda əmək Məcəlləsinin 70”ç” bəndinə əsasən işdən azad etmişlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli **********9 nömrəli əmrin ləğv edilməsi və öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin təmin edilməsi vəzifəsinin “X4" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, iddiaçı İ.Bünyatovun iddia tələbi əsassızdır, həmçinin iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi rədd edilməlidir. Bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "işsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram X4 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində Cavabdeh MMC hal-hazırda 50 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyininə (bundan sonra - İcraçı qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Səbail rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Səbail Rayon İcra Hakimiyyəti, İcraçı qurum və Mərkəz arasında xx.xx.2019-cu il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş’lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı qurum işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əməkhaqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçı qurumun tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. İcraçı qurum tərəfindən İddiaçı işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt Cavabdeh MMC-ə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9 nömrəli xəbərdarlıq məktubu hazırlanaraq İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmiş və xəbərdarlıq məktubunun xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən alınması barədə F.119 nömrəli xəbərnamə Cavabdeh MMC-ə daxil olmuşdur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq İddiaçıla Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, lakin İddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. İddiaçının tələbi fərdi əmək mübahisəsinin həll ilə bağlı olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcəllənin müddəaları da nəzərə alınmalıdır. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq edərək İddiaçı Cavabdeh MMC-yə qarşı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2021ci il tarixli **********9 nömrəli əmrin ləğv edilməsi və öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin təmin edilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verildiyini 2023-cü ilin aprel-may ayında, yeni işə qəbul olmaq istəyərkən elektron sistemə baxış edən zaman bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil çıxış edərək bildirdi ki, verdiyi vəkil sorğusu əsasında əmrin surətini almışdır. Əmək kitabçası da cavabdeh tərəfindən həmin dövrdə verilmişdir. Ancaq qanuna əsasən şəxs işdən azad edilmişdirsə, onun əmək kitabçası ən azından poçt vasitəsilə elə işdən çıxarıldığı dövrdə verilməlidir. İddia tələbinin verilməsi üçün əmrin surətinin alınmasını gözləyirmişlər. Cavabdeh tərəfindən əmrin verilməsi gecikdiyinə görə iddia tələbini bu müddətdə verilmişdir. Çünki dəfələrlə iddiaçı özü müraciətlər etsə də, əmrin surətini ala bilməmişdir. Hətta öncəliklə İnzibati Məhkəməyə də müraciət etmiş, ancaq iddia ərizəsi geri qaytarılmışdır. İddianın əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək etirazın və iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2020-cui il tarixli əmək müqaviləsindən görünür ki təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə 1 aylıq müddətinə bağlanılmışdır. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X4nin xx.xx.2021-ci il tarixli **********5 nömrəli əmrindən görünür ki, əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq İddiaçıla Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İş materiallarında olan X4nin MMC-nin arayışından görünür ki, İddiaçı son haqq-hesab 13 iyul 2021-ci il tarixdə ödənilmişdir. İş materiallarında olan 08/962 saylı X4 təhvil-təslim aktından görünür ki, İddiaçı ******* saylı əmək kitabçasını 14 avqust 2023-cü il tarixində təhvil almışdır. İş materiallarında olan 09/1250 saylı X4 təhvil-təslim (sənədlərin təhvil-təslim edilməsinə dair) aktından görünür ki, İddiaçı 07 iyul 2021-ci il tarixli **********65 nömrəli əmrin surətini və əmrə əlavələri 14 sentyabr 2023-cü il tarixində təhvil almışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunmuşdur. İddiaçı işə mənfi davamiyyəti ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli **********9 nömrəli xəbərdarlıq məktubu İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmiş və xəbərdarlıq məktubunun xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən alınması barədə F.119 nömrəli xəbərnamədə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq İddiaçıla Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçıya xəbərdarlıq məktubu göndərilmiş və yaşadığı ünvandan 07 iyun 2021-ci il tarixdə qəbul edilmişdir. Son-haqq hesab 13 iyul 2021-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Eyni zamanda, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi, sözügedən əmrdən 2023-cü ilin aprel-may ayında məlumatı olmuşdur. Bundan əlavə İddiaçı əmək kitabçasını 14 avqust 2023-cü il tarixdə qəbul etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi, işəgötürənə müraciətləri, cavabdehin 14 iyun 2023-cü il tarixli cavab məktubu bunu sübut edir) baxmayaraq Mediasiya Şurasına 31 iyul 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 03 ay sonra mediasiya şurasına müraciət etmişdir. Bundan əlavə Mediasiya arayışı 17 avqust 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, 2 ay sonra inzibati məhkəməyə, daha 2 ay sonra Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkili R.Əmirova yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Əmək Məcəlləsinin 70”ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi və və öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin təmin edilməsi vəzifəsinin “X4" MMC-yə həvalə edilməsi tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi və öz xahişi ilə işdən azad olunması barədə ərizənin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-841/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-841/2024
21.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver