Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-842/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 cəlb edilməklə cavabdeh “ABC” Telecom” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “ABC” Telecom” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ABC” Telecom” MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, 09.08.2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı işdən çıxarıldığı 09.08.2021-ci il tarixdən işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “ABC” Telecom” MMC-nin nümayəndəsi X1 17.01.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin etirazda qeyd etmişdir ki, iddiaçı öz iradəsi daxilində 09.08.2021-ci il tarixdə işlədiyi müəssisənin kadrlar şöbəsinə yaxınlaşaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizə yazmışdır. İddiaçı ərizəsində əmək müqaviləsinə elə 09.08.2021-ci il tarixdən xitam verilməsini qeyd etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra o, cavabdehə teleqram göndərərək işdən azad edilməsi barədə ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir. Lakin iddiaçının ərizəsinin etibarsız sayılması ilə bağlı teleqram işəgötürənə daxil olan zaman artıq onun əmək müqaviləsinə xitam verilmiş və bu barədə elektron bildiriş müvafiq elektron sistemə daxil edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 05.08.2021-ci il tarixdə evdə vacib işi olduğu üçün işdən icazə alıb evə getmişdir. Xəzər rayon Polis İdarəsinin qarşısında qadın cinayətlərinə qarşı aksiya olması barədə xəbər tutmuş və həmin aksiyada iştirak etmişdir. Ertəsi gün işdə ona işdən azad edildiyini və baş ofisə yaxınlaşmasını bildirmişlər. İnsan resurslarından bir xanım ona polis bölməsindən aksiyada iştirakı zamanı çəkilmiş şəkillərinin göndərildiyini bildirmişdir. Həmçinin buna görə işdən azad olunması barədə özü ərizə yazmasa cinayət məsuliyyətinə əsas olan maddə ilə işdən azad ediləcək. Ona 2-3 cümlə olan bir kağız imzalatmışlar. Ayın doqquzu isə saat 09:30 –da cavabdehə ərizənin etibarsız hesab edilməsi barədə teleqram göndərmiş, lakin bu nəzərə alınmamışdır. Suala cavab olaraq bildirir ki, ərizəni ayın altısında yazmış, ayın yeddisi və səkkizi şənbə bazara düşdüyündən teleqramı avqust ayının doqquzu, saat 09:30-da göndərmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Xəzər rayon Polis İdarəsinin qarşısında qadının şikayətinə baxmayaraq polisin hərəkətsizliyi nəticəsində polisin qarşısında qadın ölmüşdür. Qadınların, feministlərin iştirakı ilə həmçinin Emin və digər aktivistlərin də iştirak etdiyi aksiya avqust ayının altısında Polis İdarəsinin qarşısında keçirilmişdir. İddiaçı həmin vaxt icazəli olmuşdur. O, aksiyanın iştirakçısı olmuşdur, lakin təşkilatçısı deyildir. Həmin aksiya tamamilə dinc aksiya olmuş, polis əməkdaşları tərəfindən hər hansı protokol tərtib edilməmiş, karantin qaydaları pozulmamışdır. Həmin aksiyada iddiaçının şəkilləri çəkilmişdir. İnsan resurslarından iddiaçıya Polis İdarəsindən onlara iddiaçıya görə zəng gəldiyi və ona görə şirkətin adına xələl gələ biləcəyi və iddiaçı özü ərizə yazmasa müvafiq maddə ilə işdən azad ediləcəyi bildirilmişdir. İddiaçı həmin vəziyyətdə “maddə” sözünü tam başa düşmədiyindən ərizəni imzalamışdır. Ümumiyyətlə telefonla içəri keçə bilmədiyindən nə səs yazısı, nə də video qeydə ala bilmişdir.Ərizə avqust ayının altısında hazırlanmış, iddiaçı ərizəni ayın altısı imzalamışdır. Şənbə və bazar günləri qeyri-iş günləri olduğundan poçt vasitəsilə teleqram göndərmək mümkün olmadığından iddiaçı ayın doqquzu səhər saatlarında cavabdehə ərizəsinin etibarsız hesab olunması barədə teleqram vurmuşdur. Həmçinin bildirir ki, əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndə təqdim etdiyi etirazda teleqrama istinad etmişdir, bu da o deməkdir ki, teleqram həqiqətən də göndərilib və cavabdehin həmin teleqramın mətni barədə məlumatı vardır. Cavabdehin məqsədi iddiaçını aksiyada iştirak etdiyinə görə işdən azad etmək olmuş və qərəzli münasibət göstərmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, iddiaçı ərizəsində işdən azad ediləcəyi tarixi qeyd etmişdir. O, ərizədə yazdığı gündən işdən azad edilməlidir. İddiaçının teleqram yazmağı ilə bağlı saat məlum deyildir. 09 avqustda iş saatı başlayanda, yəni saat 09:00-da ərizəyə baxılaraq işdən azad edilməsi mümkündür. İş saatı başlayandan sonra gələn müraciət isə nəzərə alına da bilər, alınmaya da bilər. İddiaçının sübutları yetərsizdir. İddiaçı avqust ayının doqquzunda teleqram göndərdiyini bildirsə də, göndərilmə saatı və məzmunu qeyd olunmamışdır. Teleqram mübahisəlidir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “ABC” Telecom” MMC ilə İddiaçı arasında bağlanmış 02.11.2020-ci il tarixli, 4551 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı 02.11.2020-ci il tarixdən “ABC” Telecom” MMC-nin “Kontakt Home 44” mağazasına fəhlə vəzifəsinə təyin edilmişdir. Əmək haqqısı 425 manat olmuşdur. İş materiallarında olan İddiaçı 09.08.2021-ci il tarixli ərizəsinə əsasən o, “ABC” Telecom” MMC-nin direktoru Həsən İsrafilzadəyə müraciət edərək 09.08.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, 02.11.2020-ci il tarixdə 02.11.2020-ci il tarixli, 4551 nömrəli əmək müqaviləsin üzrə Cavabdeh MMC-də fəhlə vəzifəsinə qəbul edilmiş, 9**-İR-***1 saylı, 09.08.2021-ci il tarixli əmrə əsasən isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 09.08.2021-ci il tarixli dublikat çekinə əsasən İddiaçı 09.08.2021-ci il tarixdə Cavabdeh MMC-yə (Kontakt Home rəhbərliyinə) teleqram göndərmişdir. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda 02.11.2020-ci il tarixdən fəhlə vəzifəsində işləməyə başlamış, iddiaçı ərizə ilə müraciət edərək 09.08.2021ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı həmçinin 09.08.2021-ci il tarixdə cavabdehə (işəgötürənə) teleqram göndərərək ərizəsinin etibarsız sayılmasını xahiş etmiş, lakin o, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı ərizəsinin etibarsız hesab edilərək əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmasını xahiş edir. Cavabdeh isə işdən azad olunma barədə ərizədə işdən azad olunma tarixi qeyd edildiyində iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, işdən azad edilmə barədə əmrin ləğv edilməsi tələbi əsaslıdır. Belə ki, ilk növbədə iddiaçının işdən azad edilməsi barədə ərizənin forma və məzmununa nəzər saldıqda müəyyən olunur ki, “Xahiş edirəm məni ____ tarixdən işdən azad edəsiniz” məzmunlu hazır ərizə nümunəsidir. İddiaçı həmin ərizədə boş buraxılmış tarix yerinə “09.08.2021”, o cümlədən, ərizənin verildiyi tarixə də “09.08.2021” qeyd etmişdir. Lakin iddiaçı həmin ərizəni avqust ayının altısı, həftənin cümə günü verdiyini bildirir. Cavabdeh isə etiraz ərizəsində iddiaçının 09.08.2021-ci il tarixdə işəgötürənə yaxınlaşıb işdən azad edilməsi barədə ərizə yazdığını qeyd etmişdir. İddiaçı, cavabdehin etiraz ərizəsində qeyd edildiyi kimi, cavabdehə teleqram göndərərək işdən azad edilmə barədə ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Göründüyü kimi, işçinin işəgötürənə teleqramla müraciət edərək onun işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etməsi işin mübahisəsiz halıdır. Teleqramın göndərilmə tarixinə gəldikdə, iş materiallarında olan Azərpoçt” MMC-nin 09.08.2021-ci il tarixli dublikat çekindən müəyyən olunur ki, iddiaçı “Kontakt Home” rəhbərliyinə 09.08.2021-ci il tarixdə teleqram göndərmişdir. Cavabdeh isə etiraz ərizəsində iddiaçı tərəfindən teleqram göndərildiyini etiraf etmiş, lakin teleqramı məhkəməyə təqdim etməmişdir. Cavabdeh, həmçinin ərizənin etibarsız hesab edilməsi barədə teleqramın göndərilməsindən əvvəl işçini işdən azad etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, işiçinin işdən azad edilmə barədə ərizəsindən onun yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması halları müəyyən olunmur. Azərbaycan Respublikası Əmək Məcələsinin Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbi pozmaqla əmək müqaviləsinə xitam verildiyindən və işçi işdən azad edilməsi barədə əmr ləğv edilərək işə bərpa olunduğundan işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “ABC” Telecom” MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 9**-İR-***1 saylı, 09.08.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı işdən çıxarıldığı 09.08.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə “ABC” Telecom” MMC-də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, ərizənin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tələb təmin edildiyindən cavabdeh “ABC” Telecom” MMCdən 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində aliment ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “ABC” Telecom” MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 9**-İR-***1 saylı, 09.08.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı “ABC” Telecom” MMC-də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. İddiaçı 09.08.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “ABC” Telecom” MMC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-842/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-842/2022
17.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver