Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-842/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1983-cü il təvəllüdlü Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 13 nömrəli evin 49 nömrəli mənzilindən istidadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 13 saylı evin 49 saylı mənzilinin mülkiyyətçisidir. xx xxxxxx 1983-cü il təvəllüdlü övladı Cavabdeh mənzildə qeydiyyatdadır. Cavabdeh 16 ilə yaxındır ki, Türkiyə Respublikasının ərazisinə getmişdir və o vaxtdan hazırki vaxta kimi Azərbaycan Respublikasının ərazisinə gəlməmişdir. 2008-ci ilin sonunundan onun barəsində xəbəri yoxdur. Qızı onunla təmasda olmamışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ona verilmiş yazılı məlumata əsasən Cavabdeh 24 dekabr 2008-ci il tarixdə Türkiyə Respublikasına daxil olmuş və həmin tarixdən bu ölkəni tərk etməsinə dair müvafiq məlumat aşkar edilməmişdir. Cavabdeh 26 oktyabr 2006-cı il tarixdə P2274162 nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuş və həmin sənədin etibarlıq müddəti 25 oktyabr 2011-ci ildə bitdikdən sonra yenidən ümumvətəndaş pasportu almaq üçün müraciət etməmişdir. Cavabdeh 29 noyabr 2008-ci il tarixdə AZE seriyası 06549846 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş və yeni şəxsiyyət vəsiqəsi alınması və dəyişdirilməsi üçün müraciət etməmişdir. Beləliklə, Cavabdeh adına etibarlı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu mövcud deyildir. Cavabdeh 2008-ci ilin sonunundan sonra Azərbaycana qayıtmamışdır. Cavabdeh mənzillə bağlı hüquq bağlığını itirmişdir. Bununla əlaqədar olaraq onun mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdeh uzun müddət ərzində mənzildə faktiki yaşamaması və Azərbaycan Respublikasının ərəzisində olmaması, başqa ölkədə olması faktları onun mənzildən istifadə hüququna xitam verilməsi əsaslardır. Uzun müddət ərzində mənzildə faktiki yaşamayan və Azərbaycan Respublikasının ərazisindən kənarda olan, mənzillə bağlı hüquq bağlığını itirmiş Cavabdeh mənzildən istifadə hüququna xitam verilməlidir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 13 nömrəli evin 49 nömrəli mənzilə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, bütün iclasların onun iştirakı olmadan keçirilməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 470 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Akim Abbasov küçəsi, ev 13, mənzil 49 nömrəli ünvanında xx.xx.1986-cı ildən qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin seriya RX, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 13, mənzil 49 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - X2, X1, X5 və X3 tərəfindən imzalanmış 25 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən onlar bildirmişlər ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 13, mənzil 49 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2012ci ildən etibarən həmin ünvanda yaşamır. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İddiaçı ünvanladığı 3-20-15/2-7- 48491/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən övladı Cavabdeh Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirilyində konsulluq uçotuna alınmamış habelə ümumvətəndaş pasportunun alınması ilə bağlı müraciəti olmamışdır. Bununla yanaşı ərizəsində qeyd edilən məsələlərin araşdırılması zamanı məlum olmuşdur ki, qızı Cavabdeh xx.xx.2008-ci il tarixində ona məxsus ümumvətəndaş pasportu ilə “Artvin Sarp” sərhəd-buraxılış məntəqəsindən Türkiyə Respublikasına daxil olmuş və həmin tarixdən bu ölkəni tərk etməsinə dair müvafiq məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı 18/2-5-38682/2 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən övladı X6 xx.xx.2006-cı ii tarixdə P2274162 nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuş və həmin sənədin etibarliq müddəti 25.10 2011-ci ildə bitdikdən sonra ümumvətəndaş pasportu almaq üçün müraciət etməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müraciətindəki digər xüsusatlara dair aidiyyatı qurumlara müraciət etməyi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 3-13-53/2-S-45290/11/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixdə AZE (0*******) nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş və bu günə kimi şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün müraciət etməmişdir. Ərizədə qeyd etdiyi qızı Cavabdeh başqa ölkələrdə əcnəbi statusunun əldə edib-etməməsi barədə məlumat vermək imkanları xaricindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 3-13-53/2-S-9216/42/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixdə AZE(0*******) nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş və bu günə kimi şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün müraciət etməmişdir. Ərizədə qeyd etdiyi qızı Cavabdeh başqa ölkələrdə əcnəbi statusunun əldə edib-etməməsi barədə məlumat vermək imkanları xaricindədir. Bildirmişlər ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun” müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanından Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar o, mülki qaydada məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı 3-38-33/2-F-1259-44/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən şəxslərin dövlət sərhədindən hərəkətləri barədə suallara məhkəmə, hüquq mühafizə orqanlarının müvafiq sorğuları və ya şəxs (notariat kontonı tərəfindən təsdiq edilmiş qanuni nümayəndəsi) tərəfindən Dövlət Sərhəd Xidmətinə yazılmış ərizəsi (şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməklə) əsasında cavablandırılır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2008-ci il tarixdə çıxış qeydə alınmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda — həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda — hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə — həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə — onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə — bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə — bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə — orada olduğu bütün müddətdə; 7) həbs olunduqda — istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə — təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə görə isə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, «mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.». «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. İşin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 13 ünvanında yerləşən 49 saylı mənzil İddiaçı adına tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdeh 2008-ci il tarixdə ölkə ərazisini tərk edərək, Türkiyə Respublikasına getmiş və o vaxtdan onun barəsində xəbər yoxdur. İş materiallarında olan X2, X1, X5 və X3 tərəfindən imzalanmış 25 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 13, mənzil 49 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2012-ci ildən etibarən həmin ünvanda yaşamır. Cavabdeh 10 ildən artıq müddətdir ki, mübahisəli mənzildə yaşamaması işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 13 ünvanında yerləşən 49 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 13 ünvanında yerləşən 49 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-842/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-842/2025
22.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver