Məhkəmə qərarları › İş №2(004)-861/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-861/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-861/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 Sövdəgar oğlunun və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Sövdəgar oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Sövdəgar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 Sövdəgar oğlu və X1 10 iyun 2008ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. birgə nikahdan üç övladları vardır. İddiaçılar mübahisəli ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mübahisəli mənzildə onlardan başqa cavabdehlərdən yalnız Cavabdeh1 qeydiyyatdadır. Lakin cavabdehlərin rəsmi nikahı olduğuna görə onların hər ikisini cavabdeh qismində təqdim etmişlər.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 biz İddiaçı1 Sövdəgar oğlunun anası və atasıdır. Sözügedən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 14 ünvanında yerləşən 64 saylı mənzilin Dövlət Mənzil Fonduna və yaxud Xüsusi Mülkiyyət fonduna daxil olmasına dair məlumatları yoxdur. Həmin mənzilin hər hansı sənədlərinin heç adi surətləri də onlarda yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, üç azyaşlı uşaqları ilə birlikdə kirayə yaşadıqları mənzil balacadır. Cavabdehlər onları Şamaxı rayonunda yerləşən evdən də çıxartmışlar, əşyaları isə üç aydır ki, çöldədir. Ona görə də, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 14 ünvanında yerləşən 64 nömrəli mənzili istəyir. Qaynanası Müşfiqabad qəsəbəsində yerləşən mülkünü sataraq onlara həmin binadan mənzil alacağını bildirmişdir. Ona görə də onlar mənzil alınana qədər kirayə mənzilə köçmüşlər. Lakin qaynanası mənzili almış və başqa şəxslərə kirayəyə vermişdir. Mənzil yataqxanadır və mənzilə dair sənəd onda yoxdur, cavabdehlərdədir. 3 ildir ki, həmin binada başqa mənzildə kirayədə yaşayır. İddiaçı1 Sövdəgar oğlu iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, əvvəl anasıgilnən birlikdə yaşamışlar. Artıq üç ildir ki, kirayə mənzildə yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 10 iyun 2008-vi il tarixli AZ-İ seriyalı, 391119 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 Sövdəgar oğlu və X3 xx.xx.2008-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Mikayılova” soyadı verilmişdir. İş materiallarında olan 09 avqust 2008-ci il tarixli AZ-İİ 113860 nömrəli, xx.xx.2010-cu il tarixli AZ-İİ 463709 nömrəli və xx.xx.2013-cü il tarixli AZ-İİİ 009070 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ididaçıların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı üç uşaqları vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 Sövdəgar oğlu ünvan 1 ünvanında yerləşən 64 saylı mənzildə 06 oktyabr 2022-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 64 saylı mənzildə 17 oktyabr 2022-ci il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində daşınmaz yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 Sövdəgar oğlu və İddiaçı2 nikahda olmaqla, İddiaçı1 Sövdəgar oğlu cavabdehlərin oğlu, İddiaçı2 isə gəlinləridir. İddiaçılar hazırda kirayədə yaşadıqları mənzildən uşaqları ilə birlikdə cavabdehlərin faktiki sahibliyində olan, yataqxanada yerləşən mənzilə köçürülmələrini tələb edirlər. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 14 ünvanında yerləşən 64 saylı mənzil cavabdehlərin mülkiyyətində deyildir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin (evə faktiki sahiblik edən şəxsin arvadı, uşaqları və s.) yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, iddiaçıların köçürülməsini tələb etdiyi sahənin yataqxana olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, hazırkı işdə nə birinci nə də ki ikinci halın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçılar köçmək istədikləri mənzildə yaşamaları barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Əksinə iddiaçının izahatından aydın olur ki, onun əşyaları Şamaxı rayonunda yeləşən evdə olmuşdur. Onların mübahisəli mənzildə qeydiyyata düşmələri isə 2022-ci ilin oktyabr ayında olmuşdur. Bundan başqa, iddiaçıların əvvəl həmin mənzildə yaşadıqları hesab edilsə belə, yaşadıqları yerdən məhrum edilmə halı mövcud deyildir. Belə ki, iddiaçılar məhkəmə iclasında izahatlarında üç il əvvəl könüllü şəkildə kirayəyə mənzilə köçdüklərini bildirmişlər. Birinci və ikinci halın mövcudluğu müəyyən edilmədiyindən, məhkəmə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə əsasən, digər halın araşdırılmasına lüzum qalmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 Sövdəgar oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 Sövdəgar oğlu tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Sövdəgar oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 Sövdəgar oğluna aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar