Məhkəmə qərarları › İş №2(004)-865/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-865/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-865/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb olunmaqla Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyeva X7 Roza İlyazovnaya qarşı “borc və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 23.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 ABŞ dolları, vurulmuş zərərə görə 750 manat və iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı 2014-cü ilin aprel ayında onun tanışı Cavabdeh Bakı şəhəri İnşaatçılar metrostansiyasının yanında 7500 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh alverlə məşğul olurdu və iddiaçıya bildirmişdir ki, həmin pula yaxşı mal gətirib satacaq və iddiaçının pulunu artıqlaması ilə ödəyəcəkdir. O, cavabdehə həqiqətən inanırdı və aralarında səmimi münasibət olduğu üçün o, cavabdehlə borc müqaviləsini yazılı qaydada bağlamamışdı. Ötən müddət ərzində dəfələrlə pulu tələb etməyinə baxmayaraq, cavabdeh malı gətirib tanışı Xanbudaqova Lətafətə verdiyini, Lətəfətin malı satsa da, onun pulunu qaytarmadığını bildirərək, iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq 2020-ci ilin sentyabr ayında pulunu qaytarmadığı üçün iddiaçı cavabdehdən Yasamal RPİ-nə şikayət etmişdir. Yasamal RPİ-nin 29-cu Polis Bölməsində cavabdeh tərəf iddiaçıdan həmin məbləği alıb Xanbudaqova Lətafətə verdiyini etiraf etmişdir, lakin Polis bölməsi onun əməlində cinayət tərkibi olmadığını bildirərək, məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Əlavə olaraq bildirir ki, pul alver məqsədilə verilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirir ki, vəkilinin izahatını təsdiq edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 4000 o, 2000 isə iddiaçı pul qoymuşdur. Belə olan halda o da 4000 məbləği tələb etməlidir. İddiaçının ona pul vermısi ilə bağlı əlində heç bir sübutu yoxdur. İddiaçı faiz müqabilində pul verir və kiməsə pul verərkən öz dəftərinə qol çəkdirir. Əgər o da pul almış olsaydı, ona da qol çəkdirərdi. Suala cavab olaraq bildirir ki, onun iddiaçıgilə getməkdə məqsədi iddiaçının bişirib satdığı mürəbbələrdən almaq olmuşdur. Həmçinin qeyd edir ki, iki-üç dəfə Çin Xalq Respublikasına uçmuş, 12 saat gedişinin əziyyətini çəkib və hər gedib gələndən sonra iddiaçıya 1000 manat vermişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X5 bildirmişdir ki, nə cavabdehə nə də iddiaçıya borcu vardır. İddiaçı ilə cavabdeh pul qoyaraq birlikdə ticarətlə məşğul olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin 17.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Çin Xalq Respublikasından birlikdə ticarət etmək məqsədilə tanışı, eyni zamanda sələmçi olan vətəndaş İddiaçı ümumilikdə 7500 manat pul qoyaraq xırda geyim əşyaları gətizdirmiş və onların malını isə ortaq tanışları X1 dolanmışdır. Bundan əlavə X11 Cəfərovadan 36000 ABŞ dolları faizə pul götürmüşdür. Sonradan onların arasında pul məsələsi ilə əlaqədar yaranmış anlaşılmamazlıq səbəbindən Lətafət onların mallarını ələ keçirmişdir. Buna görə də Arifənin və özünün pulları hal-hazırda Lətafətdədir. Onunla əlaqə saxlayan zaman Arifənin pulunu artıqlaması ilə qaytardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, iddiaçının qızıdır. Cavabdeh dəfələrlə iddiaçıdan pul götürmüşdür. Pul cavabdehə onun yanında ayrı-ayrı vaxtlarda evdə və bir dəfə də İnşaatçılar metrostansiyasının yanında 350 manat məbləğində pul verilmişdir. Suala cavab olaraq bildirmişdir ki, cavabdeh pulu alver məqsədi ilə almışdır. Cavabdehə iddiaçı tərəfindən 7500 məbləğində pulu hissə-hissə verilmişdir. Pulun cavabdehə hansı tarixlərdə verilməsini yada sala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, cavabdehlə iddiaçı şərikdirlər, pulu iddiaçı verir, cavabdeh isə malı almağa gedirdi. Cavabdehi 30-40 ilə yaxın tanıyır. İddiaçı ilə cavabdehgildə tanış olmuşdur. Onu iddiaçının şəriki olaraq tanımışdır. Cavabdeh Çinə, Dubaya gedib satmaq üçün mal alıb gətirirdi. Cavabdehin 4000 manatın verilməsini görməmişdir, amma cavabdehin sözlərindən bilirdi ki, o, 4000 manat vermişdir. Cavabdeh ilə yaxın olmuş, həmişə alış-veriş etmişdir. Götürülmüş pulun uşağın müalicəsinə xərclənməsi ilə bağlı bildirmişdir ki, cavabdehin uşağın müalicəsinə hər zaman pulu var idi. İşin halları odur ki, iddiaçı 2014-cü ilin aprel ayında cavabdehə 7500 dollar borc verdiyini bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına və şahid ifadəsinə istinad edir. Cavabdeh isə iddiaçıdan borc almadığını, hər ikisinin ticarət etmək məqsədilə ortaya pul qoyduqlarını və həmin puldan 4000 min manatının onun pulu olduğunu və iddiaçının pulunu qaytardığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 7500 dollar məbləğində borc verdiyini sübut edə bilmir. Belə ki, iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarında cavabdeh izahatında 7500 dollar ona borc verilməsini deyil, hər ikisinin birlikdə 7500 manat ticarət etmək üçün pul qoyduqlarını etiraf etmişdir. Yəni, valyuta olaraq dollar deyil, manat və cəmi 7500 manat məhz ticarət etmək məqsədilə pul qoyduqlarını bildirmişdir. İddiaçının istinad etdiyi digər sübut isə qızının şahid ifadəsidir. Lakin şahid ifadəsi iddiaçının özünün bildirdikləri ilə üst-üstə düşmür. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 7500 ABŞ dollar məbləğini Bakı şəhəri İnşaatçılar metrosunun yanında cavabdehə vermişdir. Lakin şahid X3 isə 350 manatın İnşaatçılar metrosunun yanında, qalan məbləğin isə evdə onun yanında verildiyini ifadəsində bildirmişdir. Bundan əlavə, 17.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, cavabdeh bildirmişdir ki, “Çin Xalq Respublikasından birlikdə ticarət etmək məqsədilə İddiaçı ilə 7500 manat pul qoyaraq xırda geyim əşyaları gətizdirmiş və onların malını isə ortaq tanışları X1 dolanmışlar. Lətafət onların mallarını ələ keçirmişdir. Arifənin və özünün pulları hal-hazırda Lətafətdədir. Onunla əlaqə saxlayan zaman Arifənin pulunu artıqlaması ilə qaytardığını bildirmişdir” Cavabdehin bu izahatından müəyyən olunur ki, hər ikisi 7500 manat pul qoymuş, cavabdeh mallar gətizdirirmiş, mallar Lətafətdədir. Məhkəmə iclasında isə cavabdeh bildirmişdir ki, sözügedən qərarda qeyd etdiyi pulun 4000 manatı onun puludur. İddiaçının pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, cavabdehlə iddiaçı şərikdirlər, pulu iddiaçı verir, cavabdeh isə malı almağa gedirdi. 17.10.2020-ci il tarixli qərarda adı keçən X5 isə məhkəmə iclasında bildirmişdir ki, nə cavabdehə nə də iddiaçıya borcu vardır. İddiaçı ilə cavabdeh pul qoyaraq birlikdə ticarətlə məşğul olmuşdur. Məhkəmə qeyd edir ki, 17.10.2020-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdeh 7500 manat birlikdə pul qoyduqlarını və cavabdehin həmin pula mal alıb ticarət etmələrini etiraf etmişdir. Daha sonra məhkəmə iclasında cavabdeh həmin məbləğdən 4000 manatının məhz onun pulu olduğunu bildirmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı mal gətirmək məqsədilə cavabdehə 3500 manat (7500-4000=3500) pul vermişdir. Sözügedən qərarda cavabdeh qeyd edir ki, iddiaçının və özünün pulları ilə aldığı mallar Lətafətdədir. Lətafət isə bildirir ki, onun nə iddiaçıya, nə də cavabdehə borcu yoxdur. Məhkəmə iclasında isə cavabdeh fərqli izahat verərək iddiaçının pulunu qaytardığını bildirir. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçının ona mal gətirmək üçün pul verdiyini etiraf etmişdir, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçıya pulu qaytarmasını sübut edə bilmir. Məhkəmə hesab edir ki, cavabdeh malı satıb iddiaçının pulunu qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 3500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55 (əlli beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55 (əlli beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar