Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-870/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X9 və X6 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi 30.12.2020-ci il tarixli, **********1 nömrəli əmrinin etibarsız hesab edilməsi və onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının və mənəvi ziyana görə 2000 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 01.08.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi qayğıya ehtiyacı olan uşaqların X3 təlimatçı vəzifəsində işləmişdir. 07.12.2019-cu il tarixdə Əlilliyi olan şəxslər Pansionatında fəhlə yardımçısı vəzifəsinə keçirilmişdir. 07.12.2020-ci il tarixdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Mərkəzdə xəstələrin qəbulu olmadığından Mərkəzin baş həkimi ona bildirmişdir ki, fəaliyyətləri bərpa olunandan sonra ona nə vaxt işə çıxmalı olduğunu bildirəcəkdir. Müəyyən müddət sonra isə, ona məlum olmuşdur ki, onu heç bir əsas olmadan qanunsuz olaraq işdən azad ediblər. Ondan sonra o 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı Qaynar xəttinə zəng edərək qanunsuz olaraq işdən çıxarılmasına görə şikayət etmişdir. Oradan isə, ona onu 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində açılacaq Reabilitasiya Mərkəzində işlə təmin edəcəklərini bildirmişlər. Lakin 2021-ci ilin may ayında onu işlə təmin etməmişlər. Bununla bağlı o, ƏƏSMN yanında Əmək müfəttişliyi Xidmətinə şikayət etmiş, həmin qurumdan ona guya öz ərizəsilə işdən azad edildiyini bildirmişlər. Lakin o, işdən azad edilməsi ilə bağlı ərizə yazmamış və belə bir ərizəyə imza etməmişdir. O, dəfələrlə işdən azad edilməsinə dair əmrin surətini istəsə də əmrin surəti indiyədək ona verilməmişdir. Belə ki, onlarla əmək müqaviləsi hər dəfə 3 ay müddətinə bağlanıb və hər dəfə müddət bitdikdən sonra müddət eyni müddətə - 3 ay müddətinə uzadılıb. Belə ki, onunla Cavabdeh MMC arasında əmək müqaviləsi bağalanarkən hansı müddətə bağlanması barədə məlumatı olmamışdır. Belə ki, o 1-ci dərəcə gözdən əlil olduğundan əmək müqaviləsini oxumaq imkanı olmamış və ona əmək müqaviləsi imzaladılarkən onun məzmunu barəsində ona məlumat verilməmişdir. Yalnızca, əmək müqaviləsi imzalanarkən ona bildirmişlər ki, bu, müqavilənin növbəti müddətə uzadılmasıdır və onu imzalamaq lazımdır. Həmçinin əmək müqaviləsinin nüsxəsi belə ona verilməmişdir. Onun işdən azad edildiyini bildiyi vaxtdan sonra etdiyi şikayətdən sonra ona onunla bağlandığı bildirilən imzasız və möhürsüz 17.12.2021-ci il tarixli əmək müqaviləsinin surəti göndərilmiş, həmin müqaviləyə etirazını bildirdikdən sonra isə əvvəl ona göndərilən əmək müqaviləsindən məzmunca nisbətən fərqli olan, 07.12.2021-ci il olan imzalı və möhürlü müqavilə göndərilmişdir. Bunlardan başqa, onun şikayətləri ilə bağlı ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 avqust 2021-ci il tarixli, **********1 saylı cavab məktubunda onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildiyini, Cavabdeh MMC-nin isə, 24 avqust 2021-ci il tarixli, **********6 saylı cavab məktubunda isə onun öz ərizəsi ilə işdən azad edildiyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi, habelə izahatında qeyd etdi ki, o Şağanda işləyərkən ona müqavilənin yenilənməsi ilə bağlı ərizə imzalatmışlar. Onun da gözləri görmədiyi üçün orda nə yazıldığını bilməmişdir. Sonradan bilmişdir ki, orada onunla qısa müddətli müqavilə bağlayıblar ki, sonra onu işdən azad etsinlər. Orada onun kimi neçə işçiyə belə ediblər. Hal hazırda orada onun yerində başqa işçi işləyir. Belə ki, onu işdən azad edib yerinə sağlam adam götürmüşlər. Hal hazırda da bu səbəbdən onu əvvəlki vəzifəsinə bərpa edə bilmirlər. İddiaçı həmçinin izahatına əlavə olaraq bildirdi ki, baş həkim Jalə Həsənova ona struktur dəyişməsi ilə əlaqədar əvvəlcə işdən ayrılma ilə bağlı, sonra da işə götürmə ilə bağlı ərizə yazmalı olduğunu bildirib. Cavab olaraq isə o yaza bilməyəcəyini bildirmişdir. Belə ki, iş yerindən hər hansı bir sənəd və ya digər şeylər lazım olduqda qızının telefonu ilə göndərildiyindən qızının nömrəsi onlarda qalıb. Bundan sonra onun xəbəri olmadan qızına Şağanın işçisi Həbibə xanım zəng edərək, anasının müqaviləsinin müddətinin bitdiyini bu səbəbdən də anasının adından ərizə yazmasını bildirmişdir. Qızına inandırıcı şəkildə “ananızın müddəti bitir, ərizə təqdim etməsəniz işdən çıxardılacaq” deyildiyinə görə qızı onlara inanmış, sonra da dedikləri kimi ərizə yazaraq whatsapp vasitəsi ilə şəklini çəkib onlara atmışdır. O həmçinin izahatında qeyd etdi ki, 2000-ci ildən əri ilə boşanmış, qızı isə atasının himayəsində onun yanında qalmışdır, qızı ilə ayrı-ayrı yaşayırlar. Bu səbəbdən də həmin gün bu hadisədən xəbər tutmamışdır. Gözdən əlil olduğundan telefon işlətməkdə və ya telefonu harasa qoyub sonra tapmaqda çətinlik çəkir. Belə ki bu hadisədən 2 gün sonra qızı ona belə bir şey olduğunu bildirmişdir. Daha sonra o iş yoldaşlarına belə bir hadisənin olduğunu bildirmiş, onlar da narahat olmamasını, onların da elə etdiyini söyləmişlər. Sonradan hər birinin işdən çıxarıldığını öyrənmişlər. İş yoldaşları nazirliyə gedərək haqqlarını tələb etmiş və işə bərpa olunmuşlar. O isə xəstə olduğu üçün gedə bilməmişdir. Hal hazırda isə pozulmuş hüquqlarının bərpasını tələb edir və məhkəmədən xahiş edir ki, iddia tələbi təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, burada mübahisəli olan məsələ whatsapp vasitəsilə göndərilən ərizədir. O qeyd etdi ki, whatsapp vasitəsilə göndərilən ərizə ilə işçinin işdən çıxarılmağı kobud şəkildə qanun pozuntusudur, həmin ərizənin heç bir hüquqi qüvvəsi olmamalıdır. Orada xanımın heç bir iradə ifadəsi yoxdur. Həmçinin əlavə olaraq qeyd etdi ki, oradakı imza İddiaçı aid deyil. Habelə xanıma Cavabdeh ilə yazışmalarda vəzifəli şəxslər tərəfindən xeyli cavablar verilmişdir. Həmin cavabların birində xanımın əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən çıxdığı, digərində isə öz ərizəsi ilə işdən çıxdığı göstərilmişdir. Əmək müqaviləsi Əmək Məcəlləsinə uyğun tərtib edilmədiyindən əmək müqaviləsinin özündə də müəyyən problemlər vardır. Sonda isə izahatında qeyd etdi ki, bütün bu dəlillər saxtakarlığın edildiyini deməyə əsas verir. İşdən azad edilmə ilə bağlı əmr onlara verilmədiyindən işdən azad edilmənin hansı əsasla olduğuna dair məlumatları yoxdur. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında qeyd etdi ki, onlar tərəflərlə hər hansı bir müqavilə və ya digər sənədlə bağlı işlər görmürlər, sadəcə tərəf hansı qurumla müqavilə bağlayırsa və ya hər hansı bir işdən ayrılma ilə bağlı ərizə təqdim edirsə, həmin qurum təqdim olunmuş ərizəni sonradan onlara yönləndirir. Belə ki, xanım quruma hansı şəkildə ərizə təqdim edibsə, həmin ərizə əsasında da işdən azad olunmuşdur. Daha sonra o qeyd etdi ki, onlar X7 xanımın işdən azad olunma haqqında ərizəsini hansı şəkildə təqdim etməsi barədə sual ünvanlamış, oradan isə cavab olaraq bildirmişlər ki, xanımın qızı ərizəni yazaraq, whatsapp vasitəsi ilə şəklini çəkib onlara atmışdır. Həmin göndərilmiş ərizə əsasında da xanım işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, tərəfin öz ərizəsi əsasında işdən ayrıldığını əsas gətirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.12.2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 07.12.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddətinin bitdiyi vaxt kimi 30.12.2020-ci il tarixi qeyd olunmuşdur. İş materiallarında olan 30.12.2020-ci il tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış 07.12.2020-ci il tarixli əmək müqaviləsinə 30.12.2020-ci il tarixli, **********1 nömrəli əmrlə , AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsi İddiaçı Əlinağı qızı ilə Cavabdeh MMC-nin işəgötürəni – direktor vəzifəsini icra edən X12 arasında 07.12.2020-ci il tarixdə bağlanmışdır, həmin əmək müqaviləsinin qüvvədə olma müddəti 30.12.2020-ci il tarixinədəkdir. Tərəflər həmin əmək müqaviləsini imzalamışdır. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli, **********1 nömrəli Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 X17 ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il 28 avqust tarixində **********0 nömrəli əmr ilə öz xahişinə əsasən Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslər üçün X11 Texniki Xidmət şöbəsində yardımçı fəhlə vəzifəsindən azad edilmişdir. Həmin ilin 07 dekabr tarixində Cavabdeh MMC vasitəsilə sosial agent olaraq işlə təmin olunmuşdur. Və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Əmək müqqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli, 14 iyun 2021-ci il tarixli, 10 avqust 2021-ci il tarixli, 12 oktyabr 2021-ci il tarixli, 11 noyabr 2021-ci il tarixli Cavabdeh MMCnin İddiaçı ünvanladığı məktublarda qeyd edilmişdir ki, 07.12.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanaraq, ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. İşdən azad olunmaqla bağlı Cavabdehnə təqdim etdiyi ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30.12.2020-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan İddiaçı Əlinağı qızı Cavabdeh MMC-nin direktoru Firudin Cəbrayılova ünvanladığı 11.10.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 30.12.2020-ci il tarixinədək Cavabdeh MMC-də əmək münasibətlərində olmuşdur. 30.12.2020-ci il tarixində ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Lakin işdən azad olunmağı ilə bağlı ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. Cavabdeh MMC-yə müraciəti ilə bağlı oraya dəvət olunmuş və görüş zamanı ona Cavabdeh MMC-də ictimai işçi vəzifəsində çalışmaq təklif olunmuşdur. Lakin əmək haqqı az olduğundan həmin təklifdən imtina etmiş və sosial agent vəzifəsinə işə bərpa olumasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı Əlinağı qızı Cavabdeh MMC-nin direktoru Firudin Cəbrayılova ünvanladığı 25.10.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, o 2018-2019cu illərdə qayğıya xüsusi ehtiyacı olan uşaqların reabilitasiya mərkəzində idman təlimatçısı vəzifəsində çalışmışdır. 2019-2020-ci illərdə X7 keçirilmişdir, 2020-ci il avqust ayında 1-ci qrup əlil olmasına baxmayaraq ixtisar olunmuşdur. 07.12.2020-ci il tarxiində Cavabdeh MMC-də sosial agent vəzifəsinə təyin olunmuşdur və 30.12.2020-ci il tarxidə işdən azad olunmuşdur. O, DTSREA-ya masajçı vəzifəsinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmiş və DTSREA-da digər vəzifələrə qəbul edilməsinə etiraz etməmişdir. İş materiallarında olan 25 avqust 2017-ci il tarixli, 003154 nömrəli Əlillik vəsiqəsindən görünür ki, İddiaçı Əlinağı qızı 1-ci qrup gözdən əlildir və müddətsiz olaraq verilmişdir. İş materiallarında olan jpg formatında olan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ərizə ilə müraciət edərək onu müddət gözləmədən öz arzusu ilə işdən azad etməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrindən Çıxarışa əsasən, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrdən görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş sosial agent vəzifəsində işləyən, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarxili “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən, İddiaçı Əlinağı qızının müraciəti əsasında rayon prokurorluğunda toplanmış C-494/21 nömrəli araşdırma material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 12.01.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əlinağı qızı ilə Cavabdeh arasında 07.12.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim olunmuşdur. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30.12.2020-ci il tarxili **********6 nömrəli məktubu ilə S.Amirovanın işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin skan olunmuş surəti Cavabdeh MMC-yə daxil olmuşdur. İddiaçı işdən azad olunması barədə 30.12.2020-ci il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Belə ki, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29.11.2021-ci il tarxili, **********8 nömrəli məktubu ilə 2020-ci il 14 dekabr tarixindən 2021-ci il 18 yanvar tarixinədək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildiyindən S.Amirovanın işdən azad olunması barədə müraciətinin Cavabdeh MMC-yə çatdırılması üçün (əlaqə nömrələrinin olmaması səbəbindən) qızının nömrəsindən “whatsapp” proqramı vasitəsilə jpg formatında X4 əməkdaşı X8 göndərildiyi, H.Məmmədovanın öz növbəsində həmin ərizənin Cavabdeh MMC-yə çatdırılmasını təmin etdiyi və İddiaçı işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin əslinin kağız versiyasının olmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə 12.01.2022-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı Əlinağı qızı ilə Cavabdeh arasında 07.12.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim olunmuşdur. ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30.12.2020-ci il tarxili **********6 nömrəli məktubu ilə S.Amirovanın işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin skan olunmuş surəti Cavabdeh MMC-yə daxil olmuş, İddiaçı işdən azad olunması barədə 30.12.2020-ci il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Habelə əlavə olaraq göstərilmişdir ki, AR ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.” Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası ƏM-nin 79.3-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Belə ki, həmin məcəllənin 12-ci maddəsinin “i” bəndinə əsasən əmək müansibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etməkdir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Belə ki, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir (AR ƏM 16.2). Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır və ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər (AR ƏM 16.4). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarxili Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. 21.2. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. 21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. 21.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Əlinağı qızı 07.12.2020-ci il tarixdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrindən Çıxarışa əsasən, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. Lakin işəgötürən tərəf işçinin öz imzası ilə təsdiq etdiyi əmək müqaviləsinə xitam verilməsi barəsində ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən jpg formatında olan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ərizə ilə müraciət edərək onu müddət gözləmədən öz arzusu ilə işdən azad etməsini xahiş etmişdir. Lakin bu ərizə İddiaçı qızı tərəfindən yazılmış və “whatsapp” proqramı vasitəsilə mesaj şəklində göndərilmişdir. Habelə həmin ərizədəki imza ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsindəki İddiaçı Əlinağı qızının imzasına vizual olaraq baxdıqda ərizədəki imzanın İddiaçı Əlinağı qızına aid olmadığı açıq aşkar görünür. Belə olan halda jpg formatında olan ərizə işçi İddiaçı Əlinağı qızının iradəsini ifadə etmədiyindən əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki işəgötürənin əlil olan şəxs barəsində onun özünə məlumat vermədən “whatsapp” proqramı vasitəsilə kimin tərəfindən göndərildiyi məlum olmayan ərizə əsasında və ərizənin kimin tərəfindən göndərildiyini dəqiqləşdirmədən əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuna ziddir. Ona görə də məhkəmə belə hesab edir ki, Cavabdeh MMC-nin **********1 saylı, 30.12.2020-ci il tarixli əmri qanunsuzdur və həmin əmr ləğv edilməli, İddiaçı işə (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə) bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 (beş yüz) manat mənəvi ziyan İddiaçı cavabdeh tərəfindən ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından görünür ki, iddiaçıya işdən azad olma barədə əmrin, əmək kitabçasının və digər sənədlərin əsli və ya surəti ümumiyyətlə təqdim olunmamış, iddiaçı yalnız məhkəməyə müraciət etdikdən sonra həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə ünvanlanmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı barədə “əmək müqaviləsinə xitam verilməsi” haqqında **********1 saylı, 30.12.2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı işə (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə) bərpa olunsun, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 (beş yüz) manat mənəvi ziyan İddiaçı xeyrinə Cavabdeh MMC tərəfindən ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-870/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-870/2022
24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver