Məhkəmə qərarları › İş №2(004)-881/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-881/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-881/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və mənzilə istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və mənzilə istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 104 ünanda yerləşən mənzildən istifadə hüququnun müəyyən olunması, həmin mənzilə məcburi köçürülməyi və həmin mənzildən istifadə hüququna Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə anası vəfat etmişdir. Həmin 1994-cü ildə atası ünvan 1 ünvandan bir otaqlı mənzil almışdır. Nənəsi də atası ilə birlikdə həmin bir otaqlı mənzildə yaşamış, onu da həmin mənzilə qeydiyyata salmışlar. Nənəsi 2017-ci ildə vəfat etmişdir. 2018-ci ildə bibilərinin təkidi ilə ata tərəfindən qohumları olan bir şəxslə qeyri-rəsmi el adəti ilə ailə qurmağa məcbur olmuş və evləndikdən sonra müvəqqəti Türkiyə Respublikasına getmişlər. Türkiyədə nikahlarını rəsmiləşdirmişlər. Həmin vaxtlar atası tək qaldığından və cavabdeh olan bibisinin əri vəfat etdiyindən bibisi öz evini və uşaqlarını qoyaraq müvəqqəti gəlib atasının yaşadığı mənzildə qalmışdır. Atası da 2023-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra əri ilə münasibətləri pozulduğundan faktiki ayrılmışlar və birgə faktiki nikahdan doğulmuş üç uşaq onun yanında qalmışdır. Qeydiyyatda olduğu və atasından qalan mənzilə köçmək istədikdə cavabdeh olan bibisi onu mənzilə buraxmamışdır. Belə ki, cavabdeh özünün mülkiyyətində yaşayış sahəsi olduğu halda, atasının vəfatından sonra atasına məxsus mənzildə qalıb yaşamaqda davam etmiş və mənzilə yad kişi gətirərək onunla birlikdə yaşayır. Dəfələrlə cəhd etsə də cavabdeh mənzili boşaltmamış, onu mənzilə buraxmamışdır. Cavabdehin özünün yaşayış mənzili, övladları olduğu halda atasından qalan mənzili zəbt etmiş, onu üç azyaşlı uşaqla kirayələrdə yaşamağa məcbur etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Həmin evdə qeydiyyatdadır. Həmin ev nənəsinə məxsus olmuş, nənəsi və atası həmin evdə yaşamışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Həmin ev əvvəl anasına məxsus olmuşdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, İddiaçı, X2, X1 və X3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 2(004)-881/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, yerli baxış zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq ibarət olması və həmin evdə Cavabdeh yaşadığı müəyyən edilmişdir. Yerli baxış zamanı qonşular Əminə Hacamanova və Güllü Hacıyeva İddiaçı həmin ünvanda heç vaxt yaşamadığını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin 10,5 kv.m sahədən ibarət 1 otağı Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsindən isə görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin Qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qardaşı qızıdır. Mübahisəli ünvan 2 ünvanında yerləşən mənzilin 10,5 kv.m sahədən ibarət 1 otağı xx.xx.2018ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı sözügedən mübahisəli mənzilin atasına məxsus olduğunu iddia edərək, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 104 ünanda yerləşən mənzildən istifadə hüququnun müəyyən olunması, həmin mənzilə məcburi köçürülməyi və həmin mənzildən istifadə hüququna Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı öz iddiasının əsası kimi mübahisəli mənzilin əslində onun atasına məxsus olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə mövcud fərdi yaşayış evinin mübahisəli hissəsinə dair özünün mülkiyyət hüquqlarını təsdiq edən Çıxzarışı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin 10,5 kv.m sahədən ibarət 1 otağı Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə mübahisəli mənzilə yerli baxış keçirilmiş və yerli baxış zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq ibarət olması və həmin evdə Cavabdeh yaşadığı müəyyən edilmişdir. Yerli baxış zamanı qonşular Əminə Hacamanova və Güllü Hacıyeva İddiaçı həmin ünvanda heç vaxt yaşamadığını bildirmişlər. İddiaçı isə qeyd edilən faktları təkzib edəcək heç bir sübut təqdim edə bilməmişdir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, iddiaçının sözügedən mənzil üzərində heç vaxt istifadə hüququ olmamış, istifadə hüququnun yaranmasına gətirib çıxaracaq heç bir əsas olmamışdır. Belə ki, iddiaçı cavabdehin ailə üzvü hesab edilmir, eyni zamanda cavabdehin iddiaçının onun mənzilindən istifadəsinə yazılı razılğı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və mənzilə istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və mənzilə istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar