Məhkəmə qərarları › İş №2(004)-885/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-885/2022

07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-885/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Grand Hayat MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzilin boşaldılması və giriş qapısının açarlarının Cavabdeh alınaraq mənzilin İddiaçı MTK-ya təhvil verilməsi; Cavabdeh müqavilə qiymətinin 20%-i, yəni 22.100,0 manat məbləğində cərimənin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 156,30 manat məbləğində pulun İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MTK (İddiaçı) ilə Cavabdeh (Cavabdeh) arasında Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzilin (Mənzil) satışı ilə bağlı 05.12.2017-ci il tarixdə № Gll-A 1/001595 saylı Müqavilə imzalanmışdır. İddiaçı həmin Müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmişdir. Buna baxmayaraq, cavabdeh qeyd edilən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, aylıq ödənişlərini gecikdirmiş və 22.06.2020-ci il tarixə 19.680,00 manat borcu yaranmışdır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdehə bildiriş ünvanlanmış, yaranmış borcunun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks halda müqavilənin 10.1-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. Buna baxmayaraq, cavabdeh yaranmış borcunun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görməmiş və 09.10.2020-ci il tarixdə ərizə ilə İddiaçıya müraciət edərək 166 saylı mənzilə dair bütün hüquqlarından imtina etdiyini və 05.12.2017-ci il tarixli GH-A 1/001595 saylı Müqavilənin ləğv edilməsinə dair saziş bağlanılmasını xahiş etmişdir. Bundan sonra, 26.10.2020-ci il tarixdə tərəflər arasında “Müqavilənin ləğvinə dair Saziş” imzalanmış və həmin tarixdən 05.12.2017-ci il tarixli № GH-A 1/001595 saylı Müqavilə ləğv edilmişdir. Müqavilənin ləğv olunmasından artıq 1 ildən artıq müddət ötsə də, cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Həmçinin, hesab edirik ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) üçün müqavilə qiymətinin 20%-i, yəni 22.100,00 manat (110.500,00 x 20%) məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini həyata keçirməmiş, nəticədə özü ərizə yazaraq müqavilənin xitam edilməsi və mənzilin təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. Müqavilənin tələblərinə görə müqavilədən imtina edildikdə cərimə ödənilməlidir, odur ki, göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun könüllü ərizə verərək öz mənzilindən imtina etməsi və GH-A 1/0015956 saylı müqavilənin ləğv edilməsinə dair saziş bağlaması barədə iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, MTK-nın bütün işlərini aparan Süleyman adlı şəxs onunla danışıb borcla bağlı köməklik etmək istədiyini və bunun üçün qalan borcu “banka salmaq” təklifini ona bildirmişdir. O, bu təklifə razı olduğunu bildirdikdə, Süleyman ona ərizənin məzmununu diqtə edərək yazdırmış və notariusda təsdiqlətdirmək lazım olduğunu bildirmişdir. Onu inandırmışlar ki, bütün bu sənədlər qalan borc məbləğini müəyyən bir müddətdə ödəmək üçün banka veriləcəkdir. Hazırkı iddia ərizəsi ona verilənə qədər onun aldadılaraq mənzilinin əlindən alınmasından xəbəri olmamışdır. İddiaçı qeyd etdi ki, tam qiyməti 110.500,00 manat olan mənzilin 90,820 manat məbləğini ödəmiş olduğu halda və cəmi 19.680 manat borcu qaldığı halda, ona “könüllü olaraq” mənzildən imtina etməsi və əlavə olaraq “cərimə pulu” ödəmək vəzifəsi qoyulmuşdur. Bundan əlavə həmin bir otaqlı mənzildə onun tərəfindən rekonstruksiya işləri aparıldığını və bir neçə il ərzində hissəhissə olmaqla həmin mənzilin təmir olunub ərsəyə gəlməsinə 26.000 manatdan çox xərc çəkilmişdir. Belə bir vəziyyətdə onun könüllü şəkildə dəyərinin 83%-ni ödədiyi mənzilindən imtina etməsi absurd hal olardı və o, belə bir xahişlə heç kimə müraciət etməməmiş, əksinə MTK-nın işçisi ona belə bir “yol” göstərmişdir. Onun məqsədi yalnız yerdə qalan borcunun bankdan kredit şəklində ödənilməsinə nail olmaq olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla işin hallarının aşağıdakılardan ibarət olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 05 dekabr 2017-ci il tarixli GH-A 1/001595 nömrəli Müqaviləyə əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı mənzil Cavabdeh satılmışdır, mqavilənin qiyməti 110500,00 AZN müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı 166 saylı mənzili cavabdehə təhvil verməyi, cavabdeh isə bunun qarşılığında İddiaçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, iddiaçının cavabdehdən ödəniş də daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Cavabdeh müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətini və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri (ƏDV xaric) 110.500.0 (bir yüz on min beş yüz manat, 00 qəpik) AZN (Qiymət) təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiyməti 05.12.2020-ci il tarixinədək (bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən) ödəniş cədvəli (Əlavə 1) əsasında ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 10.1-ci bəndinə əsasən Cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə bəndin tələbləri tam və ya qismən) pozularsa İddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ vardır. Cavabdeh bununla əlaqədar İddiaçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin tərkib hissəsi olan 1 №-li Əlavəyə əsasən müqavilə qiymətinin 22.100.0 manat hissəsi 05.12.2017-ci il tarixində ödənilmiş, qalan 88.400,00 manat hissəsinin isə aylıq 2.460,00 manat olmaqla 36 ay ərzində hər ayın 5-dən gec olmayaraq 05.12.2020-ci il tarixinədək hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş ‘‘Öhdəliklərin İcmalı’nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödəyəcək. İddiaçı ödəniş cədvəlinə uyğun şəkildə ödənişləri bir hissəsini həyata keçirsə də, sonradan müqavilə öhdəliklərini icra etmədiyi üçün onun 22.06.2020-ci il tarixə 19.680,00 manat borcu yaranmışdır. İddiaçı MTK tərəfindən cavabdehə ünvanlanmış 22.06.2020-ci il tarixli məktubdan görünür ki, qeyd edilən mənzilə dair müqavilə üzrə aylıq 2460 manat olmaqla pul vəsaitini hər ayın 5-dək ödəmək öhdəliyi cavabdeh tərəfindən icra edilmədiyindən gecikdirilmiş borc məbləği 19680 manatın 5 iş güün ərzində ödənilməsi ,əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi Cavabdeh bildirilmişdir. Cavabdeh notarial qaydada təsdiq edilmiş 19.10.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı saylı mənzilə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından imtina etmiş və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia, pretenziya) irəli sürməyəcəyini bildirmiş və mənzilə dair bağlanmış 05.12.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını xahiş etmişdir. Tərəflər arasında 26.10.2020-ci il tarixdə müqavilənin ləğvinə dair Saziş bağlanaraq yuxarıda qeyd edilən müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Həmin Sazişdə göstərilir: a) bu Sazişi imzalamaqla Müqavilə ilə tərəflər arasında yaranmış bütün hüquq və vəzifələrə xitam verilir; b) Müqavilə və bu Sazişlə əlaqədar tərəflərin bir-birlərinə qarşı heç bir pretenziyaları (tələb, iddia) yoxdur və gələcəkdə də olmayacaqdır. Sazişin imzalandığı andan hüquqi qüvvəyə minməsi müəyyən edilmişdir. Mübahisəli mınzil halhazırda cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Göründüyü kimi, mülki qanunvericilik mülki hüquq subyektlərinin müqavilə azadlığını mülki qanunvericliyin əsas prinsipi kimi müəyyən etmişdir. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi, onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməməsi, əsl niyyətinin borclu olduğu məbləğin mənzilin ipoteka ilə yüklü edilərək bankdan kredit götürmək olması, müqaviləyə xitam verilməsi barədə notarial təsdiq edilmiş ərizəni və müqaviləyə xitam verilməsi barədə Sazişi aldatma əsasında yazmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmışdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzillə bağlı bütün hüquqlarından imtina etməsi barədə 09.10.2020-ci il tarixli ərizəni şəxsən imzalamış, həmin müqavilə notariat qaydada təsdiq edilmişdir və bunun əsasında mənzillə bağlı müqaviləyə xitam verilməsi barədə 26.10.2020-ci il tarixli Saziş tərəflərin imzası ilə bağlanmışdır. Tərəflər qeyd olunan sənədlərdəki imzalarını mübahisələndirməmişlər. Belə olan təqdirdə hər hansı sübuta istinad etmədən, yalnız cavabdehin izahatları əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin könüllü və şüurlu şəkildə üzərlərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilin boşaldılaraq, açarları ilə birlikdə iddiaçı Grand Hayat MTK-ya təhvil verilməsi hissısində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə idda tələbini bu hissədə təmin edərkən həm də, hal-hazıradək tərəflər arasında 05.12.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğvinə dair bağlanılmış, 26.10.2020-ci il tarixli sazişin də, cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməməsini nəzərə alır. Bununla yanaşı, məhkəmə onu da eyd edir ki, tərəflər arasında bağlanmış 05.12.2017-ci il tarixli, GH-A 1/001595 nömrəli Müqavilənin 10.2-ci bəndində müəyyən edilmiş razılığa görə, müqavilənin ləğv edilməsi halında, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş vəsait müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır. Göründüyü kimi, tərəflər müqavilənin ləğv edilməsi halında, cavabdeh tərəfindən ödənilmiş məbləğin qaytarılacağı barədə əvvəlcədən razılığa gəlmişlər. Odur ki, məhkəmə iddia tələbini bu hissədə təmin edərkən hesab edir ki, Cavabdeh, mübahisəli mənzillə bağlı müqavilə ləğv edilənədək ödənilmiş məbləğin və eləcə də, mənzilin təmirinə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən müqavilə qiymətinin 20%i, yəni 22.100,0 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə hüquqi əsası kimi, İddiaçı MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödənilməsinin razılaşdırılmıasına dair müddəaya əsaslansa da, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, tərəflər arasında bağlanılmış 05.12.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilədə isə belə bir müddəanın olması müəyyən edilməmişdir. Ümimiyyətlə məhkəmə hesab edir ki, hətta belə bir müddəa mövcud olmuş olsaydı belə, bu hal iddanın həmin hissədə təmin olunması üçün əsas ola bilməzdi. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin faktiki halına görə, tərəflər arasında bağlanmış müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmiş və həmin sazişə əsasən tərəflər Müqavilə və bu Sazişlə əlaqədar bir-birlərinə qarşı heç bir pretenziyalarının (tələb, iddia) olmaması və gələcəkdə də olmayacağı barədə razılığa gəlmişlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində cərimə, yəni 22.100,0 manat pulun iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 (bir) otaqdan ibarət 166 saylı saylı mənzildən çıxarılmaqla, həmin mənzil İddiaçı MTK-ya təhvil verilməli; tmüqavilə qiymətinin 20%-i, yəni 22.100,0 manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, məhkəmə dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 156,30 manat məbləğində pulun 78,15 manat İddiaçı MTK-ya, 78,15 manat Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 otaqdan ibarət 166 saylı mənzil boşaldılaraq, açarları ilə birlikdə iddiaçı Grand Hayat MTK-ya təhvil verilsin. İş üzrə ödənilmiş 156 (bir yüz əlli altı) manat 30 (otuz) qəpik dövlət rüsumun 50% yəni 78 (yetmiş səkkiz) manat 15 (on beş) qəpik məbləği İddiaçı MTK-ya aid edilsin, qalan 50% yəni 78 (yetmiş səkkiz) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh Grand Hayat MTK-nın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar