Məhkəmə qərarları › İş №2(004)-89/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-89/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-89/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 01.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi üzrə 8600,02 manat əsas, 318,05 manat faiz, 11555,68 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 978,18 manat məbəğində faiz borcu olmaqla, cəmi 21451 manat borc və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin evin boşaldılaraq ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-89/2022 saylı, 01.02.2022-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məmkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi üzrə 8600,02 manat əsas, 318,05 manat faiz, 11555,68 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 978,18 manat məbəğində faiz borcu olmaqla, cəmi 21451 manat borcu yaranmışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, hazırda ipoteka predmeti olan evdə cavabdehlərdən Cavabdeh2 yaşayır. O, Almaz və Fərmanın kürəkənidir. Cavabdeh2 xəstə olduğundan onun böyük qızı da nənəsi ilə qalır. Cavabdehlərdən Günel isə onunla bərabər Bərdə şəhərində yaşayır. Cavabdeh4 isə ölkə hüquqlarından kənardadır. Mərhum qaynatası öldükdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. Ekspert rəyi ilə razıdır, borcu isə mart ayında etibarən ödəyə bilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsinə əsasən, bank borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün 36 ay müddətinə illik 6% ödəmək şərtilə 15000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh5 arasında bağlanmış 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş 12.10.2020-ci il tarixli, **********225 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi üzrə 30.09.2020-ci il tarixə 8600,02 manat əsas, 318,05 manat faiz, 11555,68 manat cərimə, kredit üzrə müddət bitəndən sonra hesablanan 978,18 manat məbəğində gecikmə faizi olmaqla, cəmi 21451 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, 06778097 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı ev 30000 manat məbləğində qiymətləndirilməklə 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi Cavabdeh5 tərəfindən "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04.08.2021-ci il tarixli 9/3614 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 30.09.2020-ci il tarixə "xxxx" ASC-yə olan borcu 7781,11 manat əsas, 713,27 manat gecikmə faizi, 0 manat faiz borcu təşkil edir. Qeyd edilir ki, AG Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi üzrə cərimənin hesablanmasına dair heç bir məlumat qeyd olunmamışdır. Bu səbəbdən Cavabdeh1 cərimə hesablanmamışdır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə "xxxx" MMC tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, LP-139/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evin likvid dəyəri 45000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli, 4 nömrəli arayışa əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Ordubad rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09.07.1989cu il tarixli, V-JQ № 257723 saylı nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh5 ilə X3 09.07.1989-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən az olduğundan cavabdehdən rəyə uyğun məbləğdə borc tutulmalıdır. Məhkəmə ekspert rəyinə əsaslanaraq qeyd edir ki, müqavilədə cərimənin hesablanması nəzərdə tutulmadığından iddia tələbi kredit müqaviləsi üzrə Cavabdeh1 cərimənin tutulması hissəsində əsassızdır. AR Mülki Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh5 miras qalmış və miras qoyanın arvadı Cavabdeh2 tərəfindən faktiki qəbul edilmiş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evə yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ipoteka qoyan Cavabdeh5 16.09.2020-ci il tarixdə vəfat etsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evdə yaşayır. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli qərarını nəzərə alaraq hesab edir ki, iddia tələbinə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə də məhkəmə qaydasında baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16.10.2020-ci il tarixli qərarına əsasən mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc Cavabdeh5 tərəfindən ipoteka ilə yüklü edilmiş, lakin onun ölümündən sonra miras qalmış və miras qoyanın arvadı Cavabdeh2 tərəfindən faktiki qəbul edilmiş ipoteka ilə yüklü edilmiş evə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi 17.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 30000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evin likvid dəyəri 45000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 45000 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada Cavabdeh1 tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 17.06.2015-ci il tarixli, 121.LN.2004.170615.00002 saylı kredit müqaviləsi üzrə 7781,11 manat əsas, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 713,27 manat faiz borcu olmaqla, cəmi 8494,38 (səkkiz min dörd yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh5 miras qalmış və Cavabdeh2 tərəfindən faktiki qəbul edilmiş ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 95D saylı evə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 45000 (qırx beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq miras əmlakı faktiki olaraq qəbul edən Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh1 tutulsun. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, H/h AZ30AZRT********************, "xxxx" ASC, Kod 512565, VÖEN **********, Müxbir hesab AZ02NABZ**********0000022944, S.W.İ.F.T. AZRT AZ 22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar