Məhkəmə qərarları › İş №2(004)-895/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-895/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-895/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X2 Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 360 manat əsas borcun, 100 mənəvi zərərin və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayında yaşamaq üçün kirayə ev axtarmış, təsadüfən cavabdehin M.Muxtarov 166 ünvanında yerləşən evinin yanından keçərkən evin pəncərəsində elanı görmüş və ev barəsində məlumat almışdır. Tələbələrin Bakı şəhərinə olan axını nəticəsində evsiz qala biləcəyinin narahatlığı ilə özünü ev sahibəsi kimi tanıdan cavabdeh ilə ev barəsində sövdələşmiş və evi bəyəndiyini bildirmişdir. Evə xx.xx.2020 tarixində köçmək istəmiş və kirayə haqqını da müqavilə bağlandıqdan sonra evə köçdükdə ödəmək fikrində olmuşdur. Lakin cavabdeh onun ev barədə narahat olduğunu görmüş, 1 aylıq kirayə haqqını müqavilə imzalanmadan tələb etmiş, əks halda evi başqasına kirayəyə verəcəyini bildirmişdir. Bu vəziyyəti gördükdə cavabdehə xx.xx.2020 tarixində 1 aylıq kirayə haqqını 360 manat məbləğində ödəmişdir. Bu zaman aralarında kirayə müqaviləsi, yaxud da beh haqqında razılaşma bağlanmamışdır. Ödəniş edildikdən 1 gün keçmədən o, cavabdehə zəng etmiş, əvvəlcədən qaldığı evin sahibi ilə razılaşdığı üçün cavabdehin evinə köçməyəcəyini bildirmiş və ödənişin kiçik bir miqdarı çıxılmaqla geri ödənilməsini xahiş etmişdir. Bunun qarşılığında cavabdeh razılığını ifadə etmiş və 360 manat vəsaiti sonrakı gün ödəyəcəyini bildirmişdir. Lakin ardınca yenidən əlaqə quraraq ona “Mən o pul ilə bank borcumu ödədim, sənin pulunu bir neçə günə evi kirayəyə verdikdən sonra ödəyəcəm.” Demişdir. Bu minvalla cavabdeh ödənişi oktyabr ayının əvvəllərinə qədər yubatmışdır. Bunu gördükdə o, cavabdehə pulu ödəməyəcəyi halda şikayət edəcəyini bildirmişdir. Cavabdeh onu mədəni olmayan küçə söhbətinə çağırmış, arxasında kimin olduğunu bilmədiyini söyləmiş və ən sonda demişdir ki, şikayət olunsa, pul ödənilməyəcək. Cavabdeh telefonunda onun telefon nömrəsini əngəlləmiş (bloklamaq), telefonlara cavab verməmiş, ödənişdən boyun qaçırmışdır. Bu günə qədər 1 aydan çox vaxt keçməsinə baxmayaraq ev hələ də başqa şəxsə kirayəyə verilməmiş və buna baxmayaraq, elan pəncərədən götürülmüşdür. Bu, onda ev sahibinin dürüstlüyünə, səmimiliyinə, qazancını qanuni yollarla qazanmasına qarşı əsaslı şübhələr yaratmış və onun elə bu yolla insanların etimadından sui-istifadə etməsinə dair düşünməyə vadar etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini 360 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edərək, iddia ərizəsinin həmin hissədə təmin edilməsini, lakin mənəvi zərərə 100 manat məbləğində pulun ondan tutulması hissəsində qəbul etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Səmidzadə Mirhadi Sakit oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməldə haqlıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh iddia tələbini 360 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf etmişdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən 360 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, Cavabdeh 360 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Səmidzadə Mirhadi Sakit oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bundan əlavə məhkəmə iddia tələbinin 100 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki X2 tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Səmidzadə Mirhadi Sakit oğlunun xeryinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X2na ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar