Məhkəmə qərarları › İş №2(004)-90/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-90/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-90/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh İnqilab oğlunun iştirakı ilə. İddiaçı ASC-nın Cavabdeh İnqilab oğluna qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh İnqilab oğluna qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 03.05.20l9-cu il tarixli, 15-BİZG-1-0-4-19 saylı kredit müqaviləsi üzrə 108077,51 manat əsas borc, 15785,74 manat faiz borcu, 548,31 manat cərimə olmaqla, cəmi 124411,56 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi icra edilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 03.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İnqilab oğlu "xxxx" İKB ASC-nin “5 saylı” filialından illik 18%-lə 60 ay müddətinə 120000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh İnqilab oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 03.05.20l9-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 26.02.2021-ci il tarixinədək Cavabdeh İnqilab oğlunun kredit müqaviləsi üzrə banka 108077.51 manat əsas, 15785.74 manat faiz, 548.31 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 124411.56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh İnqilab oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənişlər edildiyini göstərmiş və Cavabdeh İnqilab oğlundan iddiaçının xeyrinə 03.05.20l9-cu il tarixli, 15-BİZG-1-0-4-19 saylı kredit müqaviləsi üzrə 83077,51 manat əsas borc, 31003,66 manat faiz borcu, 3009,05 manat cərimə olmaqla, cəmi 117090,22 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi icra edilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İnqilab oğlu izahatında iddia tələbini qəbul etmədiyini göstərərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" İKB ilə Cavabdeh İnqilab oğlu arasında bağlanmış 03.05.20l9-cu il tarixli, 15-BİZG- 1-0-4-19 saylı kredit müqaviləsindən görünür ki, borc alana 60 ay müddətinə illik 18% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ilə Cavabdeh İnqilab oğlu arasında bağlanmış 03.05.20l9-cu il tarixli, 15-BİZG- 1-0-4-19 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evin iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 17.02.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nın maliyyə arayışından göründüyü kimi, Cavabdeh İnqilab oğlunun 03.05.20l9-cu il tarixli, 15-BİZG-1-0-4-19 saylı kredit müqaviləsi üzrə borcu 83077,51 manat əsas borc, 31003,66 manat faiz borcu, 3009,05 manat cərimə olmaqla, cəmi 117090,22 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İnqilab oğlunun 03.05.20l9-cu il tarixli, 15-BİZG-1-0-4-19 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 83077,51 manat əsas borc və 31003,66 manat faiz borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və kredit müqaviləsinin ləğvi hissələrində təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən 3009,05 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 300 manat məbləğinədək azaldılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 16.08.2021-ci il tarixli, 075 saylı hesabatına əsasən Cavabdeh İnqilab oğluna məxsus ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 956000 manat, likvid dəyəri isə 875000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti 875000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “evə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehin evdən çıxarılması və evin boşaldılması” hissəsi də təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin evdən istifadə hüququnun itirilməsi və evin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan İddiaçı ASC-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İnqilab oğlundan 03.05.20l9-cu il tarixli, 15-BİZG-1-0-4-19 saylı kredit müqaviləsi üzrə 83077,51 manat əsas borc, 31003,66 manat faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 114381,17 (yüz on dörd min üç yüz səksən bir manat 17 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı İddiaçı ASC-nın xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, Cavabdeh İnqilab oğluna məxsus ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 875000 (səkkiz yüz yetmiş beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh İnqilab oğlundan tutulsun. ünvan 1 ünvanında istifadəsində olan 0.01125 ha torpaq sahəsi üzərində yerləşən 6 otaqlı, 234.75 kv.m ümumi, 123.2 kv.m yaşayış, 111.55 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh İnqilab oğlu evdən çıxarılsın və ev boşadılsın. "xxxx" İKB ilə Cavabdeh İnqilab oğlu arasında bağlanmış 03.05.20l9-cu il tarixli, 15-BİZG- 1-0-4-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar