Məhkəmə qərarları › İş №2(004)-916/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-916/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-916/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması və ya onun dəyərinin pul şəklində tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması və ya onun dəyərinin pul şəklində tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təhvil verdiyi sep - 2280 manat (25 qram), kolye-bilərzik, üzük sırğa komplekti - 2500 manat + 1500 manat (18 qram, 15 qram), sep - 1600 manat (22 qram), qalın sep - 1800 manat (18 qram), üzük, sırğa komplekti - 1200 manat (12 qram), bibi tros sep - 3600 manat (36 qram), tək qaş brilliant üzük, klon - 700+300 manat (4 qram, 3 qram), tros sep - 2500 manat (25 qram), ciyciyə - 2400 manat (24 qram), sep - 1500 manat (15 qram), bilərzik-1200 manat (12 qram) qızıl-zinət əşyalarının əvvəlki vəziyyətində ona qaytarılması, bu mümkün olmadıqda, ona 15000 (on beş min) manat pul vəsaitinin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh satmaq üçün şifahi razılaşmaya əsasən satmaq üçün : sep - 2280 manat (25 qram), kolye-bilərzik, üzük sırğa komplekti - 2500 manat + 1500 manat (18 qram, 15 qram), sep- 1600 manat (22 qram), qalın sep - 1800 manat (18 qram), üzük, sırğa komplekti - 1200 manat (12 qram), bibi tros sep -3600 manat (36 qram), tək qaş brilliant üzük, klon -700+300 manat (4 qram, 3 qram), tros sep - 2500 manat (25 qram), ciyciyə - 2400 manat (24 qram), sep - 1500 manat (15 qram), bilərzik-1200 manat (12 qram) adda qızıl-zinət əşyaları təhvil vermişdir. Hazırda 15.000 (on beş min) məbləğində ona borcu vardır. Təhvilvermə faktını təsdiq edən və cavabdehin tərəfindən qızıl-zinət alınmasını qəbul etdiyi, həmçinin onları satmağa öhdəlik götürdüyü yazışmalar mövcuddur. Cavabdeh həmin yazışmalarda qızıl-zinət əşyalarını satdıqdan sonra ona onların satışından əldə etdiyi pulu verəcəyini bir daha təsdiq edir. Lakin hazırki günədək cavabdeh nə qızıl-zinət əşyaları, nə də onların satışından əldə edilmiş pul cavabdeh tərəfindən ona verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ilə bağlı ancaq “whatsapp” yazışmaları və cavabdehə məxsus səs yazıları mövcuddur. O, xalası ilə birlikdə yaşamış, xalası vəfat etdikdən sonra ondan və anasından ona bəzi qızıl-zinət əşyaları qalmışdır. Həmin qızılları satıb dəyişmək üçün işlədiyi xəstəxananın texniki işçisi olan bir nəfərə vermişdir. O, ona Gülnar adında digər texniki işçinin (iş üzrə cavabdehin) qızılları istədiyini bildirmişdir. O, Gülnar xanımla 2022-ci ilin may ayından işləməyə başlamış, ara-sıra gecikmələr olurdu, bir ara onun 4 ay gecikdirməsi oldu, ona deyirdi ki, bu gün sabah verəcək, lakin sonra o, başa düşdü ki, cavabdeh onu aldadır və süründürür. Cavabdeh ya deyirdi anası istəyir, ya bibisi, ya gəlni, ondan başa düşdü ki, o, yalan danışır. O, fevral ayına kimi dözmüş, fevral ayında isə bütün münasibətləri korlamışdır. Bundan sonra o, lombarddan 3 ədəd qızıl boyunbağı götürüb ona satdıqdan sonra, lombardın sahibi onunla əlaqə saxlayaraq həmin qızıl boyunbağıların ona daha ucuz qiymətə geri satıldığını bildirmişdir. O, bundan sonra ona, bu hərəkətlərinə görə onunla işləməyəcəyini bildridikdə, cavabdeh ona heç bir ödəniş etməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, həmişə qızılların miqdarına baxıb, aralarında olan razılaşmaya əsasən qızılın miqdarına uyğun pul təyin edirdi, məsələn 5 qramlıq qızılı (5 manatlıq) 5 aya verirdi, həmişə fərqli olurdu. Qızılların üzərinə az məbləğdə pul qoyub qiymət deyirdi. Cavabdehin ona fevral ayında 4000 manata yaxın borcu qalmışdır, o, cavabdehə bildirmişdir ki, ona təcili aprel ayına kimi pul lazımdır, o, isə deyirdi ki, toya istəyən var, 5 günə istəyən var. O, cavabdehə qramı 87 manatdan olan qızıl vermiş, çoxdan onunla işlədiyi üçün üstünə pul qoymurdu. Cavabdeh isə onun pulunun üstünə pul qoyub satırdı. O, polis idarəsinə şikayət edəndə və iş Xətai RPİ-də olanda cavabdeh borcunun 10000 manat olduğunu demişdir, daha sonra müstəntiq işin əsas hissəsinin Mingəçevir PŞ-də olduğundan ora müraciət etməyi bildirmiş, artıq orada cavabdeh borcunun 6000 manat olduğunu etiraf etmiş, hal-hazırda isə 1880 manat olduğunu bildirir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdehin iddiaçıya 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayınadək olan borcu 7100 manat olmuşdur. Əslində isə həmin borc 3270 manatdır və mart ayında həmin borcdan iddiaçının cavabdehə göndərdiyi 2 müxtəlif kart hesabına edilmiş ödənişlərlə borc ödənilmişdir. Əlavə olaraq izahatında bildirdi ki, müdafiə etdiyi şəxs bildirir ki, onun iddiaçıya 1880 manat borcu qalıb. Keçən məhkəmə hazırlıq iclasında onun sualına iddiaçı bildirdi ki, 2023-cü ilin oktyabr ayında verdiyi qızıllara görə qalıq borc 4350 manatdır. Sonra sual verəndəki, bəs digərləri? cavabında bildirmişdir ki, 2750 manat isə 2024-cü ilin fevral ayında verdiyi qızıllara aid borcdur. Lakin sms yazışmalarından görünür ki, mart ayının 1-ə olan borc 6000 manat olubdur, sonra cavabdeh 09 mart 2024-cü il tarixdə saat 20:31-də iddiaçının kartına 870 manat bir atılıbdır, 11 mart 2024-cü il tarixdə saat 18:40-da - 1750 manat, 11 mart 2024-cü il tarixdə saat 18:42-də - 50 manat, 11 mart 2024-cü il tarixdə saat 18:37-də - 1450 manat, ümumilikdə hesablayanda 4120 manat edir. Hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia qismən qəbul edərək, iddianın 1880 manat hissəsində təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən araşdırma zamanı Cavabdeh ilə onun izahatının alınması məqsədi ilə istifadə etdiyi (055) ***-**-** GSM nömrəsi vasitəsilə mobil telefonla əlaqə saxlanılaraq izahatının alınması zəruriliyi bildirilib izahat verməsi üçün Mingəçevir ŞPŞ-yə dəvət olunsa da, o, danışıq zamanı Bakı şəhərində yaşadığı üçün gələ bilməyəcəyini, həmçinin borcunun 15000 manat deyil təxminən 6000 manat civarında olduğunu və hissə-hissə ödəyə biləcəyini bildirmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş sms yazışmasından görünür ki, Cavabdeh tərəfindən iddiaçıya siyahı göndərilmiş, iddiaçı da siyahını “düzdür” cavabı ilə təsdiq etmişdir. Həmin siyahıda aşağıkılar göstərilmişdir: fevral ayı -1260, martın 01-də 1800, ayın 8-də -870 -10 qramlıq, ayın 10-da 1180+1600, ayın ortası – 2000, 500-qalıq sepdən. 300komplekt 200- bibi son 250 – tros sep 240- ciyciyə 150 saat 120 m – bilərzik. - flashkada olan cavabdehin səsyazında bildirilir ki, “Afiqə müəllimə, görürsüz fevral ayı – 1260, görürsüz qabağından xətt çəkilib verilib, martın 1 – 1800, qabağından xətt çəkmişəm verilib, ayın 8də - 870 manat bax altından xətt çəkmişəm verilib, ən aşağıda var biri 1450 manat görürsüz qabağından minus çəkmişəm verilib, mən verdiklərimin qabağından xətt çəkmişəm, yəni bunlar verilib. Burda qalıb ayın ortasının 2000 manatı, və qalıq 500 manat sepdən, 300 manat komplekt, nə bilim bibimin 200 manat son pulu, 250 tros sep, bunlar aylıq verilənlərdi, və bunların içində içi bibim daxil olmaqla bunun 1000 manata yaxını aprelin 1 ya 2-si verilir. O, qabağında minus çəkdiklərimin hamısını ödəmişəm, qəbzləridə atmışam. Mən indi 10000 manatın hamısını verən deyiləm ki, iyul ayına kimi hamı az-az verəcək məndə verəcəm, nəcə bölübdü elə. Mən demirəm ki mənim ona borcum yoxdur, demişdim ki, aprelin 1-nə kimi verəcəm, lakin o, ayın 22 mənimlə qırğına çıxdı”. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 870 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1450 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X1 məxsus son rəqəmi 67050389 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1750 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 409858******7850 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 50 manat pul köçürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı cavabdehdən onun ona təhvil verdiyi qızıl-zinət əşyalarının əvvəlki vəziyyətində ona qaytarılması, bu mümkün olmadıqda, ona 15000 (on beş min) manat pul vəsaitinin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdehə nisyə satdığı qızıllara görə ona ümumi olaraq 15000 manat borcu yaranmışdır. İddiaçı cavabdehə məhz iddia ərizəsində qeyd etdikləri qızılları satmasını sübuta yetirə bilməmişdir. Cavabdeh müəyyən qızıl-zinət əşyalarını qəbul etməsi və onları satmağa öhdəlik götürməsi və ona borcunun olmasını barədə iddianı qismən, yalnız 1880 manat hissədə qəbul edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İş materiallarında olan sms yazışmalarına əsasən cavabdeh iddiaçıya 6540 (altı min beş yüz qırx) manat borcunun olduğunu etiraf etmişdir. Bu hal məhkəmə iclasında iddiaçının izahatı ilə öz əksini tapmışdır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iş materiallarında olan vatsap ani mesajlaşma platformasında olan yazışma və flaşkada olan səsyazmaları əsas götürərək bildirir ki, tərəflər arasında qızılların nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, son olaraq isə vatsap yazışmasında olan siyahı ilə razılığa gəlinmişdir. Həmin siyahıda (səsyazma və ödəniş çekləri nəzərə alınmaqla, üzərində xətt çəkilmiş hissə çıxılmaqla), qalan borc məbləğinin (1180+1600+2000+500+300+200+250+240+150+120=)6540 manat olması qənaətinə gəlir. Belə ki, iddiaçı qalıq məbləğin 15000 manat olmasını, siyahının mart ayına olan siyahı olmasını, qızıllar üçün növbəti ayların da ödənişlərinin qaldığını bildirsə də, hansı qızıl üçün neçə aylıq hissəvi alğı-satqı müqaviləsi bağlandığını, növbəti aylar üzrə nə qədər borcun qalmasına dair mötəbər sübut təqdim etməmişdir. Eləcə də cavabdeh qalıq məbləğin 1880 manat olmasını bildirsə də, sms yazışmasında göstərilən qalıq 6540 manat məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Cavabddeh tərəfindən təqdim edilmiş qəbzlərdən də görünür ki, sözügedən ödənişlər sms yazışmasında olan üzərindən xətt çəkilmiş hissəyə aiddir. Belə olan halda, mülki məhkəmə icraatı üzrə dəqiq, qərəzsiz və mötəbər sübutlara qiymət verərək yyekun məhkəmə aktı çıxarmalı olan məhkəmə işdə olan mövcud sübutları qiymətləndirmiş və cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi və qalıq borcunun 6540 manat olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 6540 (altı min beş yüz qırx) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6540 (altı min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun 58,90 (əlli səkkiz manat doxsan qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6540 (altı min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun 58,90 (əlli səkkiz manat doxsan qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar