Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-919/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Məmmədağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh COP 29 Əməliyyat Şirkətinə qarşı "əmrin ləğvi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh COP 29 Əməliyyat Şirkətinə qarşı "əmrin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh COP 29 Azərbaycan Əməliyyat Şirkətinin arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilərək əmək müqaviləsinə xitam verilməsi əsasının “Tərəflərin birinin təşəbbüsü ilə” olaraq dəyişdirilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, İddiaçı 02 aprel 2024-cü il tarixdən cavabdeh COP 29 Azərbaycan Əməliyyat Şirkətinin media və kommunikasiya departamentinin məzmunun idarə olunması üzrə sektorunun koordinatoru vəzifəsində əmək fəaliyyətinə başlamış, işlədiyi müddətdə vəzifəsini vicdanla yerinə yetirərək çalışdığı şöbənin aparıcı əməkdaşı olmuş, hətta öz vəzifə və öhdəliklərindən əlavə işləri də icra etmiş, qeyri-iş saatlarında da təmənnasız olaraq çalışmış və əmək müqaviləsinə xitam verilməzdən bir ay əvvəl menecer vəzifəsinə təyin edilmişdi. 12 avqust 2024-cü il tarixdə «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı» ilə X1 London Universitetinə qəbul olunmuşdur. Bununla bağlı rəhbərliyə məlumat verərək təhsilinin başlaması ilə əlaqədar mümkün qədər əmək fəaliyyətini distant şəkildə davam etdirməyə şərait yaratmalarını xahiş etmişdir. Şirkət rəhbərliyi əməkdaşlarının, yəni onun (iddiaçının) QS reytinq cədvəlində dünya üzrə top 10-luqda 2-ci yerdə olan Universitetə qəbul olunmağı faktını fəxarət hissi ilə daxili kommunikasiya kanalı ilə paylaşmışdır. Bundan sonra iddiaçıya rəsmi cavab verilməsə də, xahişinə baxılacağı bildirilmişdi. İddiaçı onu da qeyd edir ki, şirkətin təcrübəsində belə bir presedent mövcuddur, yəni şirkət rəhbərliyi eyni proqram üzrə qəbul alan başqa bir əməkdaşın distant qaydada əmək fəaliyyətini davam etdirməsini təsdiqləmişdir. Təhsil ilinin başlanması ilə əlaqədar 01 sentyabr 2024-cü il tarixdə iddiaçı artıq İngiltərəyə səfər etmək məcburiyyətində qaldığından bununla bağlı şirkətin insan resursları departamentinə məlumat verərək yola düşmüşdür. Lakin şirkət rəhbərliyinin bütün proseslərdən məlumatı olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləmə çox ağır maddə ilə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatı iddiaçı xx.xx.2024-cü il tarixdə, yəni 5 gün sonra son ödənişin hesabına köçürülməsi zamanı əldə etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə məzuniyyətə görə pul əvəzi, əmək haqqı və digər ödənişlər son iş günü təqdim olunmalıdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə guya iddiaçının heç bir üzürlü səbəb olmadan işdən yayındığı qeyd olunsa da, səbəbin araşdırılması üçün onunla heç bir əlaqə yaradılmamış, əmək müqaviləsinə xitam veriləcəyi barədə heç bir xəbərdarlıq edilməmişdir. Bundan başqa əmrdə qeyd olunan əsaslar həqiqəti əks etdirmir. Belə ki, guya 28 avqust 2024-cü il tarixdə işdən 2 saat tez getməyi, 30 avqust 2024-cü il tarixdə nahardan sonra işə qayıtmamağı, 02 sentyabr 2024cü il tarixdə və ondan sonrakı günlərdə onunla əlaqə saxlamaq istəyən əməkdaşların zənglərinə cavab verməməyi barədə əmrdə göstərilənlər tamamilə yanlış məlumatlardır. Halbuki həmin vaxtlarda iddiaçının işdə olduğunu təsdiq edən sübutlar olmuş və həmin sübutlar məhkəməyə təqdim edilmişdir. 29 avqust 2024-cü il tarixdə isə işdə olmasa da, bununla bağlı öz meneceri Fidan Hacıyevaya məlumat vermiş, 02 sentyabr 2024-cü il tarixdə isə şirkətin insan resursları departamentinin əməkdaşı X7-Santos ilə «Watsap» yazışma vasitəsi ilə əlaqə saxlamış və İnsan Resursları əməkdaşı ona hər şeyin qaydasında olduğunu, heç bir problemin olmadığını bildirmişdir. Sonrakı günlərdə isə iddiaçıya heç bir zəng və ya rəsmi bildiriş gəlməmişdir. Cavabdehin yalan ittihamlarla dolu əmək müqaviləsinə xitam verilməsinə dair əmri Əmək Məcəlləsinin tələblərinə əməl edilmədən verilmiş bunula da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 müraciət etsə də, hazırki vaxtadək heç bir müvafiq nəticə əldə edilməmişdir. «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı»ilə dünya reytinqli universitetdə təhsil alıb, dövlətimizin və cənab X4 gənclərə göstərdiyi qayğının qarşılığını gələcək əmək fəaliyyəti ilə göstərmək planların qarşısında maneə olacaq cavabdeh tərəfindən verilmiş bu əmr iddiaçının bu günədək və bundan sonrakı bütün fəaliyyətinə qara ləkə olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı 02 sentyabr 2024-cü il tarixdə “Vatsap” tətbiqi üzərindən şirkətin əməkdaşı Rimma Ələsgərova-Dos-Santos ilə 1 dəqiqə 11 saniyə telefon danışığı aparmış, iddiaçıya hər şeyin qaydasında olduğu bildirilmişdir. Telefonundakı zənglər siyahısının ekran görüntüsü bunu təsdiq edir. İddiaçının Dövlət Proqramı ilə X2 of Londona qəbul olması barədə şirkətin xəbəri olmuş və bu şirkət tərəfindən daxili email kanalı vasitəsilə bu barədə paylaşım edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən son haqq hesab işçiyə sonuncu iş günü təqdim olumalıdır. Bank hesabı çıxarışından aydın olur ki, son haqq hesab müqaviləyə xitam veriləndən 5 gün sonra yəni xx.xx.2024-cü il tarixində ödənilmişdir. Cavabdehin nümayəndəsi hazırki məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ələsgərova-Dos-X5 ifadəsində bildirmişdir ki, COP 29 Azərbaycan Əməliyyat Şirkətində İnsan resursları departamentinin Əməliyyatlar şöbəsinin direktorudur. İddiaçı işdən azad olunan dövrdə əmək məzuniyyətində idi. İddiaçı işə gəlməyəcəyi barədə ona məlumat verməmişdi. İddiaçı ilə telefon əlaqəsi saxladıqda o artıq xaricdə idi. İddiaçıya işə gəlməməsi üçün narahat olmamasını deməmişdi. Hacıyeva Fidanın iddiaçının işə gəlməyəcəyindən məlumatlı olubolmadığını bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 342/2024 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrdən görünür ki, COP 29 Azərbaycan Əməliyyat Şirkətində media və kommunikasiya departamentinin məzmunun idarə olunması üzrə sektorunun meneceri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-vi maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01706 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 saylı Mediasiya arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli, 184 nömrəli West Hospital tərəfindən verilmiş arayışdan görünür ki, 1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində aldığı travma nəticəsində Lor-həkim müayinəsində olmuşdur. Bildirdiyinə görə bir neçə gün öncəsi burundan şiddətli travma almışdır. Pasiyent daha öncə rinoplastika cərrahi əməliyyatı keçirmişdir. Pasiyentin burnunda şişkinlik və ödəm qeyd olunmuşdur. Burun nəfəs alması çətinləşmiş, burun boşluğunun selikli qışası şişkin, hipermiyalıdır. Burun və burun ətrafı ciblərin 3D kompüter tomoqrafiyası: hər iki burun sümüyündə kortikal nahamarlıq müşahidə olunmuşdur. İddiaçının sübut qismində təqdim etdiyi materiallara əsasən görünür ki, 28 avqust 2024-cü ildə iddiaçının mobil telefonu ilə COP Əməliyyat şirkətində çəkilmiş görüntüdən görünür ki, 28 avqust 2024-cü il saat 16:28-də iş yerində olmuşdur. 29 avqust 2024-cü il tarixə aid yazışmanın ekran görüntüsündən görünür olur ki, iddiaçı işə gəlməyəcəyi barədə line managerə xəbər vermişdir. 30 avqust 2024-cü il tarixdə iddiaçının mobil telefonu ilə çəkilmiş fotodan görünür ki, iddiaçı həmin tarixdə saat 15:09-da işdə olmuşdur. 02 sentyabr 2024-cü il tarixdə “Vatsap” tətbiqi üzərindən şirkətin əməkdaşı Rimma Ələsgərova-Dos-Santos ilə 1 dəqiqə 11 saniyə telefon danışığının aparıldığı görünür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə 02 aprel 2024-cü il tarixdən COP 29 Azərbaycan Əməliyyat şirkətində müddətli əmək müqaviləsi ilə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2024-cü il tarixdə 342/2024 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrə əsasən COP 29 Azərbaycan Əməliyyat Şirkətində media və kommunikasiya departamentinin məzmunun idarə olunması üzrə sektorunun meneceri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Əmri mübahisələndirib əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilərək əmək müqaviləsinə xitam verilməsi əsasının “Tərəflərin birinin təşəbbüsü ilə” olaraq dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbacay Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh Əmək Məcəllənin 70-ci maddəsi ilə “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı» ilə X1 London Universitetinə qəbul olunmuş. Bununla əlaqədar iş yerini məlumatlandıraraq, ona distant formada işləməsinə şərait yaratmaları üçün müraciət etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilir ki, təhsilə başlaması ilə əlaqədar işə gələ bilməyəcəyi barədə qabaqcadan kadr məsələləri üzrə məsul şəxsləri məlumatlandırmışdır. Onun tərəfindən əmək vəzifələrinin kobud pozulması, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurulması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaya etiraznı, tələbin əsassızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, COP 29 Azərbaycan Əməliyyat Şirkətinin 05 sentyabr 2024-cü il tarixli, 342/2024 saylı Əmri ləğv edilməlidir. COP 29 Azərbaycan Əməliyyat Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə dair əmrin verilməsi və İddiaçı əmək kitabçasına müvafiq dəyişikliyin edilməsi vəzifəsi COP 29 Azərbaycan Əməliyyat Şirkətinə həvalə edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. COP 29 Azərbaycan Əməliyyat Şirkətinin 05 sentyabr 2024-cü il tarixli, 342/2024 saylı Əmri ləğv edilsin. COP 29 Azərbaycan Əməliyyat Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə dair əmrin verilməsi və İddiaçı əmək kitabçasına müvafiq dəyişikliyin edilməsi vəzifəsi COP 29 Azərbaycan Əməliyyat Şirkətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-919/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-919/2025
20.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver