Məhkəmə qərarları › İş №2(004)-924/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-924/2021

28.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-924/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 3 saylı Asan xidmət mərkəzində 746 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Rüstəmov Əjdərlə cavabdehin atası Cəfərov Səməd uzun illərdir ki, dost olublar. Atası ona anası vasitəsilə bildirmişdir ki, Səməd əminin oğlu var, adı Abdulsəməddir. Onu evləndirmək istəyir. İstəyir ki, evləndirdikdən sonra evə yığışsın. Bu niyyətlə cavabdehin atası, anası onlara elçi gəlmiş və valideyinlərinin razılığı ilə onu cavabdehə vermişlər. Lakin o, razı olmamışdır. O vaxta kimi onun cavabdehlə heç bir tanışlığı olmamışdır. Dərhal nikaha daxil olmuşlar. O tələbədir, İqtisad Universitetində oxuyur, Quba şəhərində yaşayır. Onlar xx xxxx 2020-ci il tarixdə 3 saylı ASAN xidmət mərkəzində nikahlarını rəsmiləşdirmişlər. Lakin keçən müddət ərzində cavabdehin onunla evlənmək fikrinin olmadığını hiss etmişdir. Bu səbəbdən də o, şəxsiyyət vəsiqəsini də dəyişməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək məhkəmədən X2 arasında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 25.2, 25.4, 26-cı maddələrini, Azərbaycan Respublikası MPM-nin 52, 191.3, 220.4-cü maddələrini nəzərə alaraq müəyyən etdi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AZ-İİ 395207 nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X4 xx.xx.2020-ci il tarixdə 746 saylı akt qeydi ilə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. Hazırda X2 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmiş, həmin etiraf ərizəsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, X2 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 746 saylı akt qeydi ilə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X2 ilə Cavabdeh qızı arasında xx.xx.2020-ci il tarixdə 746 saylı akt qeydi ilə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar