Məhkəmə qərarları › İş №2(004)-928/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-928/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-928/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəmanət talonunun birinci bəndində göstərilən şərtini nəzərə alaraq, telefona ödənilən 2599 manat məbləğin kompensasiya edilərək, ona tam qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.12.2020-ci il tarixdə Kontakt Home MMC-yə məxsus Fətəli Xoyski prospektində yerləşən mağazasında dəyəri 2599.99 manat olan X9 20 Ultra markalı mobil telefon almışdır. Alqı satqı zamanı ona təklif olunmuşdur ki, telefonu adi zəmanətlə yox, qızıl zəmanətlə alsın. Satış nümayəndəsi qızıl zəmanətin üstünlüklərindən və şərtlərindən danışdı və əmin etdi ki, heç bir problemi olmayacaq, hətta oğurluq hadisəsi baş versə belə. Həqiqətən də zəmanət talonunun birinci bəndində yazılmışdır ki "habelə oğurluq hallarında məbləğ kompensasiya edilir". Digər şərtlər də onu qane etdiyi üçün Qızıl zəmanətdən yararlanmaq qərarına gəlmişdir. Bunun üçün 335 manat əlavə ödəniş etmişdir. 2021-ci ilin oktyabrın 22-də Nəsimi rayonu ərazisində naməlum şəraitdə telefonu oğurlanmış və o, dərhal 102 xidmətinə müraciət etmişdir. Nəsimi rayon Polis idarəsinin 20 saylı polis bölməsində faktla bağlı müvafiq araşdırmalar aparmağa başlanmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həqiqətən oğurluq hadisəsi baş verib. Ona faktı təsdiq edən 25.10.2021-ci il tarixli N-840-14980 saylı arayış da təqdim edilmişdir. Həmin arayışı telefonu aldığı mağazaya təqdim etmişdir. Ona bildirmişlər ki, hüquqşünaslar bu arayışa baxmalıdırlar. Səbəbini bilməsə də bir neçə gün gözləməli olmuşdur. Növbəti gün ona zəng olunmuşdur ki, arayış keçərlidir. O, qohumu ilə yenidən həmin mağazaya getmişdir. Hiss etmişdir ki, məbləği vermək istəmirlər, əvəzinə güzəştli şərtlərlə yeni telefon almağını təklif, daha doğrusu təkid etmişlər. Bu da qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etiraz etmişdir. Mübahisəyə aydınlıq gətirilməsi üçün onları Moskva prospekti 73 ünvanda yerləşən Kontakt Home MMC-nin müştəri məmnuniyyəti şöbəsinə və orada olan hüquqşünasa yönləndirmuşlər. Növbəti gün orada olmuşlar. Hüquqşünas Qızıl zəmanət talonundakı şərtlərlə tanış olan kimi onların haqlı olduqlarını bildirərək, demişdir ki, bəli şərtlərin 1 -ci bəndinə əsasən, məbləğ kompensasiya olunub və məbləğ tam ödənilməlidir. Bunu müştəri məmnuniyyəti şöbəsinin xanım təmsilçisinə də demişdir. Xanım təmsilçi özündə qeydlər edərək demişdir ki, məbləğ ona ödəniləcək. Buna baxmayaraq, Kontakt Home yenə də əsassız olaraq kompensasiyanı ödəməkdən imtina etmişdir. O, cavabdeh "xxxx" MMC-yə yazılı müraciət etmiş, cavabdeh "xxxx" MMC isə 01.12.2021-ci il tarixli N 410-62 sayılı cavab məktubunda ona Kontakt Home mağazalarından telefona ödənilmiş məbləğin cədvəldəki hədlərində güzəşt imkanı təqdim etmişdir. Yəni, ona məbləğ qaytarılmır, üzərinə vəzifə qoyulur ki, telefon almalıdır və mütləq Kontakt homedən almalıdır. Əgər, alsa bu halda ona güzəşt imkanı təqdim ediləcək. (Bütün vətəndaşlar güzəştlərdən istifadə edə bilir. "Qara cümə" kompaniyaları zamanı güzəşt 70 %-ə qədər idi). Hesab edir ki, bu tələb BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplərin, Azərbaycan Respublikası konstitusiyasının, Mülki Məcəllənin, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun əsas prinsiplərinə ziddir. Belə ki, istehlakının əsas hüquqlarından olan seçmək hüququ məhdudlaşdırılır. Onunla bağlanan bu müqavilədən də görünür ki, müqavilənin sonrakı bəndlərdəki şərtlər tamamilə özlərinin xeyrinə olan şərtlərdir. Yəni, əvvəlki şərtlər sonrakı şərtlərə uyğun deyil. Alqı satqı zamanı satış təmsilçisi Zəmanət talonunun birinci bəndində yazılmış "habelə oğurluq hallarında məbləğ kompensasiya edilir" cümləsini ona göstərəndən sonra ona inanıb və Qızıl zəmanətdən yararlanmaq qərarına gəlmişdir. Bunun üçün əlavə 335 manat da ödəniş etmişdir. Ona görə də məhkəmənin məsələyə dair ədalətli qərar qəbul etməsi üçün iddia vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 11.12.2020-ci il tarixdə Kontakt Home mağazasından Samsung markalı telefon almışdır. Telefon bahalı olduğu üçün ona mağazada 335 manat dəyərində olan qızıl-zəmant təklif edilmişdir. Belə ki, həmin zəmanətə əsasən telefonun korlanması zamanı və eləcə də, oğurlandığı təqdirdə ödənilmiş məbləğin geri qaytarılacağı ona bildirilmişdir. O da, öz növbəsində bununla razılaşaraq həmin məbləğdə ödənişi etmişdir. Telefonu təxminən 10 ay müddətində işlətdikdən sonra oğurluq hadisəsi baş vermiş və onun aldığı zəmanətli telefonu oğurlamışlar. Bu səbəbdən də, o, polisə müraciət etmiş və polisdən verilmiş arayışa əsasən onun telefonun oğurlandığı öz təsdiqini tapmışdır. Bundan sonra o cavabdehə bu barədə müraciət etmiş, qızıl zəmanət talonunda göstərilmiş bəndə əsasən onlardan telefona görə edilmiş ödənişi tələb etmişdir. Cavabdeh isə öz növbəsində onu şirkətin hüquqşünasları ilə görüşdürmüş və ona bildirilmişdir ki, sözü gedən məbləğ ona ödəniləcəkdir. Lakin sonradan ona vəd edilmiş məbləğ ödənilməmiş və ödənilməkdən də imtina edilmişdir. Qarşılığında ona bildirilmişdir ki, sözü gedən telefona dair bağlanmış qızıl zəmanət talonunda telefona görə ödənişin geri qaytarılması yox, sadəcə oğurluq hallarında ödənilən məbləğin işlədilmiş aylar müqabilində kompensasiya edilməsi və həmin magazalarda istifadəsi nəzərdə tutulmuşdur. Həmin kompensasiya edilmiş məbləğ də, yalnız cavabdehə məxsus mağazalarda keçərlidir. Onlar ona mağazalarından kompensasiya məbləğində və ya üstünü ödəmək şərti ilə daha yüksək məbləğdə hansısa əşya almağı təklif etmiş və kompensasiyadan yalnız bu zaman istifadə edə biləcəyi bildirilmişdir. Əslindı isə bu təklif yox tələbdir. Belə ki, o cavabdehdən yenidən nəsə əşya almaqda maraqlı deyildir. Bu onun konstitusyon hüquqlarını pozur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, qızıl zəmanət talonun 1-ci bəndində qeyd olunmuşdur ki, korlanma və ya oğurlanma hallarında telefona ödənilmiş məbləğ kompensasiya edilir. Eləcə də, müqavilənin 4-cü bəndində kompensasiyanın hədləri və məbləği aydın izah olunur ki, məhsul oğurlandığı halda yenisi ilə əvəz olunmur və müştəriyə kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilmiş məbləğin cədvəldəki hədlərində güzəşt imkanı təqdim edilir. Yəni onlar tərəfindən telefon sığortalanmamışdır ki, məbləği geri qaytarsınlar. Onlar, müştəri məmnuniyyətini təmin etmək üçün qızıl zəmanətdə telefonları hətta oğurlanmış olduğu halda istifadə müddətləri, yəni istismarı nəzərə alınmaqla telefona görə ödənilmiş məbləğdən müəyyən edilmiş faiz miqdarında kompensasiya olunaraq yenidən istifadə etmək imkanları nəzərdə tutulmuşdur. Ola bilər ki, müştərinin səhlənkarığından yaxud diqqətsizliyindən telefon itirilmişdir. Buna görə onlar cavabdehlik daşımırlar. Tərəflərindən iddiaçıya yazılı cavab verilmişdir. Onlar yalnız, müqavilənin 4-cü bəndində qeyd olunduğu kimi, satış tarixindən 7-12 ay müddətində müraciət olunduğundan telefona ödənilmiş məbləğin 30 % yəni təxminin 800 manat məbləğində güzəşt imkanı təklif edirlər. Yəni iddiaçı onlardan istənilən məhsulu aldığı zaman ona kompensasiya edilən həmən məbləğ güzəşt olunacaqdır. Odur ki, iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 11.12.2020-ci il tarixli qızıl zəmanət talunun surətindən görünür ki, İddiaçı aldığı X9 20 Ultra markalı telefona "xxxx" MMC tərəfindən 2 il müddətinə zəmanət verilmişdir. Həmin talonun 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq ekranın sınması, ana palata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir. 4-cü bəndinə əsasən, məhsul oğurlandığı halda müştəriyə Kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilmiş məbləğin cədvəldəki hədlərində güzəşt imkanı təqdim edilir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 25.10.2021-ci il tarixli, 084-14980 saylı arayışından görünür ki, İddiaçı özünə məxsus olan X9 20 Ultra markalı, **********24166 İMEİ kodlu mobil telefonun oğurlanması barədə 22.10.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və faktla bağlı araşdırma aparılmış, mobil telefonun oğurlanması faktı öz təsdiqini tapmışdır. İş materiallarında olan ABC Telecom MMC-nin X2 ünvanladığı 01.12.2021-ci il tarixli məktubundan görünür ki, sonuncunun Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının üanununda nəzərdə tutulmuş hüquqları Cavabdeh MMC tərəfindən hər hansı formada məhdudlaşdırılmamışdır. Belə ki, X4 ilə Cavabdeh MMC arasında bağlanmış və tərəfindən sərbəst iradə əsasında imzalanan X6 4-cü bəndinə əsasən məhsul oğurlandığı halda müştəriyə Kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilmiş məbləğin cədvəldəki hədlərində güzəşt imkanı təqdim edilir. Xüsusilə qeyd edilir ki, yuxarıda göstərilən X6 şərtlərinə əsasən ona əlavə hüquqlar verilmiş və Cavabdeh MMC bu hüquqların nəyata keçirilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Beləliklə, göstərilənləri və Azərbaycan Respublikasının qanunvericiliyini nəzərə alaraq təəssüflə bildirilir ki, X6 şərtlərinə əsasən Cavabdeh MMC-nin məhsulun oğurlanması halında onun dəyərinin tam şəkildə müştəriyə ödənilməsi ilə bağlı hər hansı bir öhdəliyi müəyyən edilmədiyindən hazırki vəziyyətdə tərəflərindən X1 xahişinin həyata keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazıli sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X4 cavabdeh ABC Telekom MMC-yə məxsus Kontakt Home mağazasından 11.12.2020-ci il tarixdə dəyəri 2599.99 manat olan X9 20 Ultra markalı telefonu almış, elə həmin tarixdə də, sözü gedən mobil cihaza dair cavabdeh ilə müqavilə bağlayaraq əlavə olaraq 335 manat ödəməklə 2 illik qızıl zəmanət əldə etmişdir. İddiaçı 22.10.2021-ci il tarixdə telofonunun oğrlanması barədə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və faktla bağlı araşdırma aparılaraq, sonuncunun mobil telefonunun oğurlanması faktı öz təsdiqini tapmışdır. Hazırda iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəmanət talonunun birinci bəndində göstərilən şərtini nəzərə alaraq, telefona ödənilən 2599 manat məbləğin kompensasiya edilərək, ona tam qaytarılması barədə qətnamə çıxarılmasını, cavabdeh isə iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələbi əsassız olduğunda təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış 11.12.2020-ci il tarixli X6 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, maxaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqların pulsuz aradan qaldırılması, habelə oğurluq hallarında məbləğin kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Həmin zəmanət talonunun 4-cü bəndində isə məhsul oğurlandığı halda müştəriyə Kontakt Home mağazalarında istifadə edilməsi üçün telefona ödənilmiş məbləğin cədvəldəki hədlərində güzəşt imkanının təqdim edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilənin 5-ci bəndinə əsasən, bu zəmanət Müştəriyə 8-ci bənddə göstərilən hal istisna olmaqla istənilən səbəbdən məhsulu (vəziyyətindən asılı olmayaraq) həmçinin dəyişmək hüququ verir. Bunun müqabilində məhsulun dəyəri ödənilmək şərti ilə müştəriyə Kontakt Home mağazalarında istifadə edilməsi üçün satış tarixində 1 ay müddətində müraciət olunması təqdirdə ödənilən məbləğin 70%, 2-6 ay ərzində 50%, 7-12 ay ərzində 30%, 13-24 ay ərzində isə 20%-i həddində uyğun güzəşt təqdim edilmişdir. İşin halları ilə o da, müəyyən edilmişdir ki, sözü gedən mobil cihaz 11.12.2020-ci il tarixdən 10 ay müddətində (iddiaçının polisə ərizə ilə müraciət edərək həmin telefonun oğurlanması ilə müraciət etdiyi 22.10.2021-ci il tarixədək) iddiaçının istifadəsində olduöundan, cavabdeh tərəfindən iddiaçıya, tərəflər arasında bağlanmış X6 5-ci bəndində qeyd olunmuş cədvələ əsasən mobil cihazın 10 ay istifadəsinə görə ödənilən məbləğin 30 faizi həddində Kontakt Home mağazalarında istifadə edilməsi üçün güzəşt imkanı təklif edilmiş, iddiaçı bundan imtina edərək, oğurlanmış telefn üçün ödənilmiş 2599 manat məbləğində pulun nağd şəkildə geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi tərfələr arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən satılmış əşyanın sığortlanması eləcə də oğurlandığı təqdirdə dəyərinin tam olaraq nağd şəkildə alıcıya geri qaytarılması nəzərdə tutulmadığından, ödənilmiş məbləğin isə kompensasiya edilərək, yalnız Kontakt Home mağazasında istifadə edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar