Məhkəmə qərarları › İş №2(004)-934/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-934/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-934/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7650 icarə haqqının, 11596 manat dəbbə pulunun, 510 manat hüquqi müdafiə xərcinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh - icarəçi Cavabdeh arasında xx xxxxxx 2019-cu ildə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 522-ci məhəllə, ev “D”, mənzil 13-ün xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2024-cü ilədək olan dövr üzrə 5 illik icarəsi barədə notariat qaydasında təsdiq olunmuş icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən, icarəçi xx.xx.2019-cu ildən sonraki hər aya görə əvvəlcədən 850 (səkkiz yüz əlli) manat icarə haqqı ödəmək öhdəliyi daşıyır. Cavabdeh 2020-ci ilin mart ayından bu günədək icarə haqqını ödəmək öhdəliyini yerinə yetirməmişdir və icarə haqqı borcu 7650 manat təşkil edir. İcarə müqaviləsinin 4.2.5-ci bəndinə əsasən, icarəçi icarə haqqının gecikdirilmiş hər gününə görə ödənilməmiş icarə haqqının l(bir) faizi miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun məbləği əlavə olunan hesabatla 11596 manatdır. İcarə müqaviləsinin: 8.2-ci maddəsinə görə, bu müqaviləyə dair və ya ondan yaranan istənilən mübahisələr və ya iddialar ilkin mərhələdə tərəflər arasında danışıqlar yolu ilə həll edilir. 8.3-cü maddəsinə əsasən, bir Tərəfin digər Tərəfi belə mübahisə və ya iddiası olması barədə yazılı xəbərdarlıq etdikdən sonrakı 15 (on beş) gün ərzində tərəflər belə mübahisə və ya iddianı həll etməzlərsə, bunlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında Bakı şəhərində, Yasamal Rayon Məhkəməsinə iddia verməklə həll olunacaqdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq müqaviləyə və qanuna müvafiq olaraq öz öhdəliklərini yerinə yetirməkdən yayınmış, müqaviləyə müvafiq olaraq sonuncu xəbərdarlıqdan sonra xx xxxxxxx 2020-ci ildə aparılmış danışıqlar cavabdehin öhdəliklərini icra etməkdən yayınması mövqeyi üzündə mübahisənin aradan qaldırılmasına və razılaşma əldə edilməsinə gətirib çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı cavabdehlə icarə müqaviləsi bağlamışdır və müqavilə əsasında iddiaçıya müəyyən qədər pul ödəməli idi. Lakin 2020-ci il mart ayından başlayaraq cavabdeh ödənişləri etməkdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar göndərilmişdir ki, ya icarə haqqını ödəsin, ya da obyekti boşaldıb onlara təhvil versin. Lakin cavabdeh əvəzində onlara müəyyən qədər pul verərək obyekti təhvil verməmişdir. Hətta dövlətdən kompensasiya alacağını və bununla da olara olan borcunu ödəyəcəyini bildirmişdir. Hətta son dönəmlərdə cavabdeh kredit götürərək iddiaçıya olan borcunu ödəyəcəyini bildirmişdi. Lakin borcu ödəməmişdir. Hətta cavabdehə təklif edilmişdir ki, iddiaçıya olan borcunun 50 faizini ödəsin, obyekti iddiaçıya təhvil versin və onlar razılığa gəlsinlər. Lakin cavabdeh bu təkliflə də razılaşmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ərizə ilə bizə müraciət edərək, müqaviləyə xitam verilməsini xahiş etmişdir. Həmin tarixdə cavabdehlə əyani şəkildə də görüşü olmuş və iddiaçı ona müqavilə üzrə borcunu ödəmədiyi təqdirdə müqaviləyə xitam verilə bilməyəcəyini bildirmişdir. Cavabdeh əsas gətirir ki, onun fəaliyyət göstərdiyi sahə üzrə fəaliyyətə icazə verilmədiyi üçün icarə obyektindən istifadə edə bilməmişdir. Cavabdehin fəaliyyət göstərdiyi sahə üzrə fəaliyyətə xx.xx.2021-ci il tarixdən icazə verilməsinə baxmayaraq cavabdeh yenə də fəaliyyət göstərmir və onlara hər hansı haqq vermir. Bundan sonra sonuncu dəfə 2020-ci ilin oktyabr ayının sonunda cavabdehlə görüşmüşlər. Həmin görüşdə isə cavabdeh iddiaçıya heç bir haqq verməyəcəyini, pulunun olmadığını bildirmişdir. Ondan soruşanda ki, bəs indiyə kimi obyekti niyə təhvil vermir. Yenə də kompensasiya alacağını, kredit götürəcəyini və digər oxşar səbəbləri gətirərək məsələnin bu həddə gəlib çıxmayacağını düşündüyünü bildirmişdir. Obyektin açarları xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilib. Hazırda obyekt başqa bir şəxsə icarəyə verilmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, 2019-cu ildə iddiaçı tərəflə müqavilə bağlamışlar. Obyekti icarəyə götürməkdə məqsəd təhsil sahəsində fəaliyyət göstərmək idi. Lakin xx.xx.2020-ci il tarixdən ölkə ərazisində bütün təhsil müəssisələrində tədris prosesi dayandırılmışdır. Bundan sonra Operativ qərargah yaradılmış, karantin rejimi elan olunmuşdur. Və bu karantin rejimi aybaay uzadılaraq davam etdi. Yəni, o, konkret olaraq bu prosesin nə vaxt bitəcəyi və onların öz fəaliyyətlərini nə vaxt davam etdirə biləcələrini bilməmişdir. Bundan sonra iddiaçı tərəflə aralarında telefonla danışıqları olmuşdur. Axırıncı dəfə iyun ayında danışmışlar və o, qarşı tərəfə obyekti digər şəxsə icarəyə verə biləcəklərini bildirmişdir. Obyektin açarları isə o, təhvil verməmişdən əvvəl də qarşı tərəfdə var idi. Həmçinin iddiaçı təhsil kurslarının fəaliyyətinə icazə verilməsini iddia etdiyinə baxmayaraq, Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarında fərdi tədris və repetitor xidmətiləri (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyətini başlamışdır. Həmçinin o, qeyd edir ki, iddiaçının iddia etdiyi müddət və məbləğ də müqaviləyə uyğun olar deyil. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 1-ci bəndindən görünür ki, icarəyə verənin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 522-ci məhəllə, ev “D", 13 saylı mənzili onun təyinatına zidd olmayan məqsədlərlə istifadə etmək üçün icarə haqqı qarşılığında 5 il müddətinə icarəçinin istifadəsinə verir. İcarə dövrü xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2024-cü ilədək müəyyən olunur. İcarəçi icarəyə verənə icarə müddətinin bitməsinə azı 45 gün qalmış bu Müqavilənin müddətinin uzadılması barədə yazılı müraciət verərsə və icarəyə verənin buna etirazı olmazsa, bu Müqavilə eyni şərtlərlə və ya dəyişdirilmiş şərtlərlə uzadıla bilər. İcarəçi Sahədən qanuni məqsədlərlə qeyri-yaşayış üçün gündüz vaxtı dil tədrisi kurslarının təşkili üçün istifadə edir. Bu fəaliyyəti qonşuların hüquqlarına zərər vermədən, birgəyaşayış qaydalarına və sakitliyə əməl etməklə, səhər saat 9-dan axşam saat 21-dək olan zaman çərçivəsində həyata keçirir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən icarəçi icarəyə götürülmüş sahədən istifadəyə görə vergilər ona aid olmaqla və onun tərəfindən ödənilməklə icarəyə verənə: xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövr üçün, əvvəlcədən 600 manat, xx.xx.2020-ci ildən sonrakı hər aya görə əvvəlcədən 500 ABŞ dolları icarə haqqı ödəyir. Ödəniş hər icarə ayı başlandığı gün bank hesabına köçürülməklə və ya nəğd qaydada həyata keçirilir. Müqavilənin 6-cı bəndinə əsasən bu Müqavilənin məqsədləri üçün istifadə olunan Qarşısıalınmaz qüvvə - Fors-major elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors-majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Məsuliyyətdən azad etmə yalnız Fors-major halın təsiri qüvvədə olduğu zamana aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasında xüsusi rejim tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 2020-ci il martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprel ayının 20-i müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim- tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Opetrativ Qərargahın məlumatından görünür ki, ölkə ərazisindəki xüsusi rejim martın 31-dən aprelin 20-dək uzadılmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Opetrativ Qərargahın məlumatından görünür ki, fərdi tədris və repetitor xidmətiləri (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyətini başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlimtərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlimtərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, pandemiya ilə əlaqədar yaranan vəziyyət səbəbindən “Operativ Qərargah”-ın x xxxx 2020-ci il qərarı ilə fəaliyyət göstərdikləri tədris mərkəzi sahəsi qadağan edilmiş, bu səbəbdən aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirə bilmir. O, müqaviləyə xitam verməsini xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktublarından görünür ki, ona 15 gün ərzində danışıqlar aparmaq və mübahisəni həll etmək təklif edilmiş, lakin o, görüşlərə getməmişdir. O, görüşlərə ona gəlməzsə, haqqında hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 522-ci məhəllə, ev “D”, 13 saylı mənzili onun təyinatına zidd olmayan gündüz vaxtı dil tədrisi kurslarının təşkili məqsədi ilə istifadə etmək üçün icarə haqqı qarşılığında 5 il müddətinə icarəçi Cavabdeh istifadəsinə vermişdir. İcarə haqqı xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövr üçün, əvvəlcədən 600 manat, xx.xx.2020-ci ildən sonrakı hər aya görə əvvəlcədən 500 ABŞ dolları müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7650 icarə haqqının, 11596 manat dəbbə pulunun, 510 manat hüquqi müdafiə xərcinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və yuxarıda qeyd edilmiş Nazirlər Kabinetinin qərarlarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə tədris prosesi dayandırılmışdır. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh 2020-ci ilin mart ayından icarə haqqını ödəmir. Beləliklə, bütün ölkə ərazisində surətlə yayılan koronovirus infeksiyasının yayılma surətinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır və Operativ qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür. Həmin tədbirlər içərisində tədris prosesinin dayandırılması ilk pillədə dayanmışdır (buna həmçinin kurslar da daxildir) və həmin məhdudiyyətlər Operativ Qərargah tərəfindən dəfələrlə uzadılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tədris kurslarının keçirilməsi qadağan edildiyi dövr üçün cavabdehdən icarə haqqı tələb etməkdə haqlı deyil. Belə ki, bu fors major hal sayılır, bu hal cavabdehdən asılı olmayaraq uzanmışdır və bununla bağlı İcarə müqaviləsinin 6-cı bəndində uyğun olaraq Fors major halın təsiri qüvvədə olduğu zaman öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Həmçinin iş materialları və tərəflərin izahatlarından müəyyən edilir ki, icarə obyekti xx.xx.2020-ci il tarixdə icarəyə verənə icarəçi Cavabdeh tərəfindən təhvil verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mart ayından ödənişlər etmədiyini bildirirək ona qarşı iddia qaldırmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən icarə haqqı və ona hesablanmış dəbbə pulunu tələb etməkdə haqlı deyildir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun və 510 manat hüquqi müdafiə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissələri üzrə qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar