Məhkəmə qərarları › İş №2(004)-941/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-941/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-941/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5.000 (beş min) manat pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan aldığı 5.000 (beş min) manat miqdarda pulu könüllü surətdə qaytarmaq istəmədiyindən, onun barəsində “pul tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh onun etibarından, qonşuluq münasibətlərindən sui-istifadə edərək 28 iyun 2020-ci il tarixdə valideynlərinin ehtiyacı olduğu üçün ondan 5.000 (beş min) manat məbləğində pul almış və qardaşı Samirin həmin borcu ən geci 28 avqust 2020-ci il tarixə qədər qaytaracağını bildirmişdir. Lakin nə qardaşı Samir, nə də ki, cavabdeh özü aralarındakı razılaşmaya əməl etməyərək borcunu bu günə qədər geri qaytarmamışdır. Cavabdeh hər ayın əvvəli, ortası və axırı borcunu qaytarması ilə bağlı etdiyi xəbərdarlıqlara müxtəlif bəhanələr (hazırlıq keçib borcunu qaytaracaq, qardaşı gətirib verəcək, qızı Ləman bankdan kredit götürüb verəcək və s.) gətirərək ödənişin vaxtını hər dəfə təxirə salmışdır. Cavabdeh ilə qonşuluqda yaşayır. Aralarında yaxın münasibətlər olduğundan ona etibar edərək pul vermişdir. Həmçinin qeyd etmək istəyir ki, cavabdeh tərəfin özünün və ailəsinin maddi imkanı yaxşıdır, yəni borcu qaytara bilmək imkanına sahibdir. Cavabdehdən hər dəfə ona olan borcunu istədiyi zaman ona qarşı təhqiramiz ifadələr işlətmiş, “get məhkəməyə ver, get polisə ver” demişdir. Cavabdeh 5000 (beş min) manat məbləğində verdiyi borcu təsdiq edəcək səs yazıları və mesajlar mövcuddur. Həmçinin cavabdehə borc verməyini təkbaşına böyütdüyü oğlu da təsdiq edə bilər. O, cavabdehin ona olan borcunu qaytarmayacağını əmin olub cavabdehin atası Əlislam Abbasquliyevin evinə getmiş, qızının ondan bir il öncə valideynlərinin ehtiyacı olduğu üçün 5000 (beş min) manat pul aldığını və geri qaytarmadığını bildirmişdir. Atası isə xəbəri olmadığını bildirmişdir. 26 sentyabr 2021-ci il tarixdə cavabdehin atası məsələdən xəbər tutduqdan sonra həm cavabdeh özü, həm də atası borcu 2 ay sonra qaytaracaqlarına dair ona vədlər vermişlər. Lakin hələ də cavabdehin ona olan borcu geri qaytarılmamışdır. Beləliklə, cavabdeh onun etibarından sui-istifadə etmiş və ona məxsus 5000 (beş min) manat pulu mənimsəmişdir. Bu səbəbdən də, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul vəsaitinin məhkəmə qaydasında tutularaq ona ödənməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarındakı diskdə olan səs yazısından görünür ki, cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli cavabdehdən 70 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5.000 (beş min) manat pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar