Məhkəmə qərarları › İş №2(004)-950/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-950/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-950/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı cavabdeh "xxxx" MMC-yə, qarşı "mənzilin təhvil verilməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" MMC-yə, qarşı "mənzilin təhvil verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baki şəhəri, ünvan 1 ünvanda inşa olunan 4 bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 06.01.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə olunmuş 28.08.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı həmin müqaviləni mənzil-tikinti kooperativi ilə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır. Mübahisəli mənzilin kooperativ tərəfindən iddiaçıya verilməsi, onun həmin mənzilə sahiblikrtmək, istifadə və sərəncam vermək hüquqlarının yaranması təqdim olunmuş sənədlərlə təsdiq olunmur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə istinad edərək, müstəsna aidiyyət kimi iddia ərizəsini baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verməsi əsassızdır. Belə ki, 15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası MM-nin 146.1 və 146.2-ci maddələrinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə, qarşı "mənzilin təhvil verilməsi tələbinə dair" iddia ərizəsi müstəsna aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşmədiyindən, müqavilə öhdəliklərinin icrası ilə bağlı olduğundan iddia ərizəsi geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh "xxxx" MMC-yə, qarşı "mənzilin təhvil verilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar