Məhkəmə qərarları › İş №2(004)-976/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-976/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-976/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Allahverdi qızının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlik paylarının müəyyən edilməsi və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə (açar sözlər: vərəsəlik hüququnun tanınması, vərəsəlik paylarının müəyyən edilməsi və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı2 Allahverdi qızı, İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Allahverdi qızının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisinə qarşı, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 olmaqla vərəsəlik hüququnun tanınması, vərəsəlik paylarının müəyyən edilməsi və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. (AZ-İİ seriyalı, 429641 nömrəli ölüm haqqında şəhadətnamə)

2. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 2, korpus 1, 16 nömrəli mənzil X2 xüsusi mülkiyyətində olmuşdur. (RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış)

3. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X2 adına "xxxx" ASCdə AZ10BRES41210AZ**********006 nömrəli əmanət hesabı üzrə 14703 manat və AZ53BRES41210AZ**********008 nömrəli əmanət hesabı üzrə 33000 manat pul mövcuddur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisi tərəfindən iddiaçılara göndərilən xx.xx.2024-cü il tarixli, 6401 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 xx.xx.2024-cü il tarixdə 8V/45 nömrəli vərəsəlik işi açılmışdır. Mərhumun qardaşı X5 vərəsələyin qəbulu müraciət ərizəsini nəzərə alaraq ½ payda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür.

5. X6 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X12 Qurbanova verdiyi xx.xx.2023-cü il tarixli, 7E-6221 nömrəli etibarnamənin qüvvəsinə xitam verdirmişdir.

6. İddiaçı1 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mirasın tərkibi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 2, korpus 1, 16 nömrəli mənzil X1 irs qalmışdır, mirası qəbul edir.

7. İddiaçı2 Allahverdi qızı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mirasın tərkibi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 2, korpus 1, 16 nömrəli mənzil X1 irs qalmışdır, mirası qəbul edir.

8. X7 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mirasın tərkibi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 2, korpus 1, 16 nömrəli mənzil X1 irs qalmışdır, mirası qəbul edir.

9. Vərəsəlik işi çərçivəsində “X9” AQİS-dən çıxarışlarla müəyyən olunmuşdur ki, Svetalana Qurbanovanın birinci dərəcələri vərəsələri kateqoriyasına aid olacaq yaxın qohumlarından heç kim yoxdur. Bu kateqoriyaya aid ola biləcək yaxın qohumlar – ana, ata, ər - hər biri mərhumdan əvvəl vəfat etmişdir.

10. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində X2 xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə rəsmiləşdirdiyi, xx.xx.2023cü il tarixdə həmin vəsiyyətnaməni ləğv etdirdiyi, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisində etibarnamə rəsmiləşdirdiyi, xx.xx.2023-cü il tarixdə həmin Notariat ofisində sözügedən etibarnaməni ləğv etdirdiyi müəyyən olunmuşdur.

11. xx.xx.2024-cü il tarixli əlyazmada qeyd olunub: “X14rdaşım Quliyev Rəfayıl mən xəstə olanda məni aldadıb, sənə baxaram adıyla. Məni məcburi notariusa apardı və mənim evimə, əmlakıma sahib çıxmaq üçün notariusa etibarnaməyə qol çəkdirdi. Amma ki, mənə baxmadılar. ... Sizdən çox-çox xahiş edirəm, mənim adıma olan nə varsa Rəfayıla və arvadı Tamiləyə heç nə verilməsin. Özüm yazdım.”

12. Məhkəməyə təqdim edilmiş video yazıda mərhum X6 olduğu iddia olunan şəxs tərəfindən deyilir: “Mən xəstəyəm. Mənim əmlaklarımdan qardaşım Rəfayıla və onun arvadı Tamiləyə heç nə verilməsin.”

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

13. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü mərhum X1 miras qalmış miras qalmış ünvan 3 ünvanında yerləşən mənzil və "xxxx" ASC-də X4 adına olan AZ10BRES41210AZ**********006 nömrəli əmanət hesabı üzrə 14703 manat və AZ53BRES41210AZ**********008 nömrəli əmanət hesabı üzrə 33000 manat əmanətləri üzrə vərəsəlik hüququ tanınaraq ½ hissədə İddiaçı2 Allahverdi qızı və ½ hissədə İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddianın əsaslarına görə, xx.xx.1957-ci il təvəllüdlü mərhum X2 doğma bacılarıdır. Hazırki iş üzrə X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda mərhuma məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 2, korpus 1, 16 nömrəli mənzili vəfatından sonra idarə edir. Həmçinin notariusun sorğusuna əsasən "xxxx" ASCdə 2 əmanət hesabı üzrə 47703 manat əmanəti olması da məlum olmuşdur. Notariat ofisinə müraciət etsə də, notarius xx.xx.2024-cü il tarixli məktuba əsasən imtina etmişdir.

b) iddiaya qarşı etiraz

15. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uğun izahat verərək bildirmişlər ki, mərhum bacısının səhhəti onu Notariat ofisinə aparmağa imkan verməmişdir. X13 və onun arvadı mərhum bacılarına həmişə pis davranmışlar, ona baxmamışlar. Ona görə də mərhum bacıları miras əmlaklarından qardaşına pay düşməsini istəmirdi. Bu barədə öz əli ilə yazılmış kağız və videoyazı mövcuddur.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi iddiaya etiraz edərək bidlirmişdir ki, təqdim olunmuş video görüntü ilə mərhumun psixoloji baxımdan necə yorğun olduğu aydın hiss olunur və onun bu vəziyyətdə söylədiyi sözlər vərəsəlikdən məhrumetmə üçün əsas ola bilməz. X15 etibarnamə və vəsiyyətnamə vermişdir. Rəfayıl Quliyev şəxs həyatda olduğu müddətdə, hətta etibarnamə qüvvədə olanda belə mərhuma aid olan mülklərlə bağlı hər hansı hərəkət etməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; ... Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

23. Məhkəmə iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. İşin faktiki hallarından görünən odur ki, xx.xx.1957-ci il təvəllüdlü mərhum X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfatı zamanı – mirasın açıldığı vaxt qüvvədə olan vəsiyyətnaməsi olmamışdır. Mərhumun birinci növbə vərəsələri yoxdur, bacıları İddiaçı2 Allahverdi qızı, İddiaçı1 və qardaşı X5 ikinci növbə vərəsələr olaraq miras əmlaka dair iddiaları mövcuddur.

25. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar.

26. İddiaçılar olaraq mərhumun bacıları pay hüquqlarının ½ hissədə müəyyən edilməli olmasını onunla əsaslandırırlar ki, mərhum bacıları qardaşına miras əmlakdan pay düşməsini istəmirdi, bu barədə əlyazma və vidieoyazısı var.

27. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən təqdim edilmiş sözügedən sübutlar ilk növbədə mötəbər sübut qismində qəbul oluna bilməz, ona görə ki, həm mərhum tərəfindən yazıldığı iddia olunan əlyazma, həm də videoyazının mərhumun ölümündən bir neçə gün öncəyə aid olduğu bildirilir. Ölümdən bir neçə gün öncə xəstə yatağında olarkən mərhumun bu məzmunlu qeydləri hansı psixoloji vəziyyətdə verməsi, hər hansı kənar təsirin olub-olmaması şübhəlidir.

28. Elə buna görə də, bu cür situasiyalarda hər hansı qeyd, əlyazma, videoyazı və s. vasitələrlə miras əmlakın taleyini həll etmək qanuni təminat altında alınmamışdır. Bunun əksi, hüquqi müəyyənlik prinsipinə zidd olub, hüquqdan sui-istifadələrə yol açardı.

29. Miras əmlakın müqəddəratı miras qoyan tərəfindən təyin oluna bilər. Bu yalnız miras əmlakı vəsiyyətnamə ilə vərəsələrdən birinə və ya bir neçəsinə vəsiyyət etməklə mümkündür. Miras qoyan vəsiyyətnamə qoymursa, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılırsa qanun üzrə vərəsəlik açılır.

30. Hazırkı iş üzrə vəsiyyətnamə qoyulmamışdır. Təqdim olunan əlyazma isə nə forma, nə də məzmun baxımından vəsiyyətnamə kimi nəzərdən keçirilə bilməz. Mülki Məcəllə “ev vəsiyyətnaməsi” anlayışını tanısa da, bu halda yenə də hansı əmlak və ya əmlakların kimə və ya kimlərə vəsiyyət olunduğu dəqiqliklə göstərilməlidir. Hazırkı halda isə təqdim olunan əlyazmada mərhumun miras əmlakını bacılardan birinə və ya hər ikisinə, yaxud hər hansı kənar şəxsə vəsiyyət etməsi yox, sadəcə qardaşına pay verilməməsi barədə iradə öz əksini tapmışdır.

31. Sözügedən əlyazma qanun üzrə vərəsəlik zamanı vərəsəni miras əmlakdan məhrum edən əsas kimi də çıxış edə bilməz.

32. Mülki Məcəllənin vərəslik hüququnu tənzimləyən normalarına əsasən, əgər vəsiyyətnamə yoxdursa – yuxarıda da qeyd edildiyi kimi miras əmlakın müqəddəratı miras qoyan tərəfindən təyin edilməmişdirsə, sonradan vərəsənin vərəsəlikdən məhrum edilməsi yalnız vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə ləyaqətsiz vərəsə hesab olunan şəxsə qarşı iddia qaldırılması yolu ilə mümkündür.

33. Hazırkı iş üzrə ilk növbədə belə bir tələb irəli sürülməmişdir, dolayısı ilə şəxsin ləyaqətsiz vərəsə olub-olmaması barədə hər hansı yoxlama aparılmamışdır.

34. Odur ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar tələblərinə uyğun miras əmlakın yalnız onların arasında bölünməsinə əsas vermir.

35. Məhkəmə onu da qeyd edir ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən verilmiş məlumatla mərhum Svetlana Qurbanovanın xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə rəsmiləşdirdiyi, xx.xx.2023-cü il tarixdə həmin vəsiyyətnaməni ləğv etdirdiyi, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisində etibarnamə rəsmiləşdirdiyi, xx.xx.2023-cü il tarixdə həmin Notariat ofisində sözügedən etibarnaməni ləğv etdirdiyi müəyyən olunmuşdur.

36. Göründüyü kimi, Svetlana Qurbanova qardaşının adına verdiyi etibarnaməni, həm də vəsiyyətnaməni sonradan ləğv etdirmişdir. Bundan sonra isə vəfat etdiyi vaxta qədər - təxminən bir ilə yaxın müddət ərzində heç bir hərəkət göstərməmişdir. İddiaçıların dedikləri kimi, mərhum bacılarının həqiqətən bütün əmlaklarının onlara verilməsi barədə iradəsi mövcud olmuşdursa, etibarnamə və vəsiyyətnaməni də buna görə sonradan ləğv etdirmişsə, elə dərhal öz iradəsinə uyğun bacılarının adına vəsiyyətnamə verə bilərdi ki, mərhum kifayət qədər vaxtı olmasına baxmayaraq bunu etməmişdir.

37. Odur ki, işin hazırkı faktiki halları çərçivəsində iddia qismən təmin olunmalı, həm iddiaçıların, həm də üçüncü şəxsin vərəsəlik hüququ tanınmaqla, X1 miras qalmış əmlaklara hər biri 1/3 hissədə qanun üzrə vərəsələr İddiaçı1, İddiaçı2 Allahverdi qızı və X5 bərabər payları müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 Allahverdi qızı, İddiaçı1 və X5 28 mart 1957-ci il təvəllüdlü X3 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzil, "xxxx" Açıq Səhmdar Cəmiyyətində X4 adına olan AZ10BRES41210AZ**********006 nömrəli əmanət hesabı üzrə 14703 manat və AZ53BRES41210AZ**********008 nömrəli əmanət hesabı üzrə 33000 manat əmanətləri üzrə vərəsəlik hüququ tanınmalı, həmin əmlaklarda 1/3 hissədə İddiaçı2 Allahverdi qızının, 1/3 hissədə İddiaçı1, 1/3 hissədə X5 vərəsəlik payı müəyyən edilməli və vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisinə həvalə edilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı2 Allahverdi qızı, İddiaçı1 və X5 28 mart 1957-ci il təvəllüdlü X3 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzil və "xxxx" Açıq Səhmdar Cəmiyyətində X4 adına olan AZ10BRES41210AZ**********006 nömrəli əmanət hesabı üzrə 14703 manat və AZ53BRES41210AZ**********008 nömrəli əmanət hesabı üzrə 33000 manat əmanətləri üzrə vərəsəlik hüququ tanınsın. ünvan 3 ünvanında yerləşən mənzil və "xxxx" Açıq Səhmdar Cəmiyyətində X4 adına olan AZ10BRES41210AZ**********006 nömrəli əmanət hesabı üzrə 14703 manat və AZ53BRES41210AZ**********008 nömrəli əmanət hesabı üzrə 33000 manat əmanətlərin 1/3 hissədə İddiaçı2 Allahverdi qızının, 1/3 hissədə İddiaçı1, 1/3 hissədə X5 vərəsəlik payı müəyyən edilsin və vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar