Məhkəmə qərarları › İş №2(004)-979/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-979/2025

25.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-979/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 409-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 31 il 11 ay 8 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 26 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.

2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda maliyyə çətinlikləri ilə əlaqədar 2022-2024cü illər üzrə tutulmuş məcburi sığorta haqlarının fərdi şəxsi hesaba tam ödənilmədiyi bildirilmişdir.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, İddiaçı 2022-2024-cü illər üçün hesablanmış sığorta haqları 12114,89 manat, ödənilmiş sığorta haqları isə 9195,03 manat təşkil edir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-2024-cü illər üzrə əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə fərdi şəxsi hesabına məcburi köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı cavabdeh qurumun əmri ilə işdən çıxarılmış, lakin, iş prosesində əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabına tam köçürülməmişdir.

b) iddiaya qarşı etiraz

6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf edərək, bildirdi ki, maliyyə çətinlikləri səbəbindən bir qisim işçilərin sosial sığorta haqları köçürülməmişdir. Lakin, bu iddiaçının hüquqlarını məhdudlaşdırmır. O, pensiya aldıqda hesablanmış məbləğ üzrə tamm şəkildə pensiyanı Fonddan tələb edə bilər. Pensiya ödənişini həyata keçirəm qurum sonradan həmin pulu onsuz da cavabdehdən tutacaq.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;

Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək;

Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır;

Maddə 304.

2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir;

Maddə 306.

1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir;

2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır;

Maddə 307.

1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında” “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir;

3. Sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir.

10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;

Sığortaolunanların vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq; sosial sığorta haqqını vaxtında ödəmək.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh təşkilatda çalışmış, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 409-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

15. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş sığortaolunan İddiaçı fərdi hesab məlumatlarından görünür ki, 2022-ci ilin yanvar ayından 2024-cü ilin sentyabr ayına kimi hesablanmış sığorta haqqı 12114,89 manat, sığortaedən tərəfindən ödənilmiş sığorta haqqı isə 9195,03 manat təşkil edir.

16. Göründüyü kimi, 2022-2024-cü illər aralığında 2919,86 manat sığorta haqqı sığorta edən – cavabdeh tərəfindən ödənilməmişdir.

17. Odur ki, məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir.

18. Cavabdehin nümayəndəsi sığorta haqlarının ödənilməməsinin iddiaçının hüquqlarını pozmaması barədə dəlil isə məhkəmə tərəfindən qəbul edilmir, ona görə ki, həm Əmək Məcəlləsində, həmd ə “Sosial Sığorta haqqında” Qanunda sosial sığorta ödəmələrinin vaxtında ödənilməsi işəgötürənin vəzifəsi, bu ödəmələrin həyata keçirilməsini tələb etmək isə işçinin hüququ kimi təsbit edilmişdir.

19. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 2022-2024-cü illər üzrə İddiaçı əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının – 2919,86 manatın tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təmin edilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 2022-2024-cü illər üzrə İddiaçı əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının – 2919,86 manatın tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təmin edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar