Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-984/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 166 saylı evin 32 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ,166 saylı evin 32 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və mənzili satın aldıqdan sonra davamlı olaraq orada yaşamamışdır. Hazırda Abşeron rayonu Fatmayı kəndindəki evdə qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə yaşayır. Sözügedən mənzldə isə ailə üzvləri yaxud da hər hansı bir şəxs qeydiyyatda yoxdur. Cavabdehlərdən Cavabdeh2 onun oğlu, Cavabdeh1 isə oğlunun əvvəllər faktik nkahda yaşadığı qadındır. Özlərinə məxsus ayrıca yaşayış sahəsi olmadığına görə onun razılığı olmadan, özbaşına mülkiyyətindəki mənzlə köçüb yerləşmiş, müəyyən müddətdir ki, orada qanunsuz yaşamışlar. Hər hansı hüquqmüəyyənedici sənədi olmayan cavabdehlər, özbaşına olaraq ona imkan vermirlər ki, xüsusi mülkiyyətindəki mənzilə sərbəst girib-çıxsın, onun üzərində sahiblik və sərəncam vermək hüququndan yararlansın. Cavabdehlərin bu qanunsuz hərəkətləri mülkiyyət hüququnu tamamilə pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 2 aydan çoxdur ki, oğludan ayrılıb, Maştağa qəsəbəsindəki atasına məxsus evə köçmüşdür. Oğlu ilə ər-arvad münasibətləri saxlamır və birgə təsərrüfat aparmırlar. Bununla belə mənzlin açarlarının ona qaytarılması, mənzildəki özlərinə məxsus əşyaların çıxarılması və oradan istifadəyə son verilməklə mənzli boşaltmağa dair əsaslı və qanuni tələblərinə əməl etmirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını qəbul edir. Lakin, hazırda yaşamağa başqa yeri yoxdur. Odur ki, məhkəmədən hazırda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin onlara məxsus məişət avadanlıqları ilə birlikdə çıxarılması hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 166 saylı evin 32 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 2977 nömrəli reyestr kitabının 277928 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan MAPS arayışlarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında və Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, müəyyən olunur ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilmir. Məhkəmə, iş üzrə sübutların məcmusuna qiymət verməklə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 166 saylı evin 32 saylı mənzilinin iddiaçıya məxsus olması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə edə bilməməsi, iddiaçının ona məxsus olan ev üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşamaları iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə olduğu halda, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 166 saylı evin 32 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, X2 küçəsi, 166 saylı evin 32 saylı mənzilindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-984/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-984/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver