Məhkəmə qərarları › İş №2(004)-993/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-993/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-993/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4199 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 4729 (dörd min yeddi yüz iyirmi doqquz) manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, 2018-ci ilin əvvəllərində Cavabdeh ilə şirkət arasında olan razılaşmaya əsasən şirkət tərəfindən ona hissə-hissə 4199 manat pul verilmişdir. Həmin pulun müqabilində Cavabdeh şirkət üçün “Şirin Su” mobil proqramının hazırlanmasını öz üzərinə götürmüşdür. Həmin mobil proqram əsasında müştərilər mobil tətbiq yükləməklə su sifariş etmək imkanı əldə edəcəkdilər. Rəşad şirkət üçün bəzi proqram sənədləri, görəcəyi işlər haqqında geniş məlumatlar verərək inam, özünə qarşı etibar yaratmışdır. Bundan sonra şirkət Rəşada etibar edərək nəzərdə tutulan məbləği tam olaraq ödəmişdir. Lakin bundan sonra Rəşad hər gün bir bahənə edərək işi görməkdən yayınmağa başlamışdır. Sonda isə onlara bir tətbiq göstərmişdir ki, işini tamamlamışdır, bu tətbiqdən istifadə edə bilərlər. Hazırda həmin tətbiq hər telefonda axtarışdan çıxmır, çıxmış olsa da həmin tətbiqdən istifadə etmək mümkün deyildir, açılmır. Bununla da Rəşad onların 4199 manat pulunu ələ keçirmiş, hazırda da qaytarmaq niyyətində deyildir. İddianın təmin edilməsini xahiş edir Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, ona şirin su şirkəti tərəfindən müraciət edilmişdir. Həmin şirkətə gedərək orada Elşad adında şəxslə görüşmüş, həmin şəxs özünü direktor kimi təqdim etmişdir. Proqram təminatı ilə bağlı söhbət etmişlər. O, adətən proqram təminat üçün zəhmət haqqının 50 faiz məbləğini ilkin olaraq alır. 5500-azn-ə razılaşmışlar. Həmin 50 faiz məbləği çətinliklə almışdır. Proqram təminatını düzəltməyə başlamışdır. 1 aydan sonra onlara nümunələr göstərməyə başlamışdır. Bir neçə dəfə həmin nümunələri bəyənməmişdir. Aralarında müqavilə olmamışdır. Pulu götürməyə gələndə əl-bə-əl vermişlər. O, müqavilə bağlanmasını xahiş etmişdir. Proqramı təhvil verəndə bildirmişdir ki, proqramın işləməyi üçün müvafiq beynəlxalq serverlərə pul ödəmək lazımdır. Dedilər özləri düzəldərlər və ona server kimi bir şey vermiş, o da oraya qoşmuşdur. Sonra şirkətin işçisinə proqram təminatını izah edib təhvil vermişdir. Bildirmişdir ki, qalan ödənişi də Elşad bəy versin. Sonra onlar proqramla bağlı başqa tələblər istəmişlər. Həmin tələblərin onun imkanı daxilində olmadığını bildirmiş, ödənişin edilməsini xahiş etmişdir. Mart ayına qədər bu məsələ uzanmış, mart ayında Elşad ona ancaq yüz manat verə biləcəyini bildirmiş, sonra əlaqələri kəsilmişdir. O, şirkətdən deyil, şəxsdən pul götürmüşdür. Hazırda tətbiq “Play Store”-da var, su sifarişini isə server şirkətin əməkdaşlarında olduğu üçün siliblər. Proqramın təhvil verildiyini Elşad bəylə yazışmaqla sübut edə bilər. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərək müəyyən olunur ki, tətbiq işlək vəziyyətdədir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, şirkətin direktor müavinidir. Şirkətə Rəşad işə başlayandan sonra gəlmişdir. O, gələndə ona dedilər ki, Rəşad proyektin üstündə işləyir. O, Rəşadla əlaqə saxlamışdır. Rəşad dedi ki, iş görür, amma yenə də ödəniş edilməlidir. 1000 manat pul istəmiş, o, isə iş görülmədiyi üçün min yox, “Milliön” terminalı vasitəsilə 500 manat ödəmişdir. Ondan əvvəl də Rəşada ödəniş olunmuşdu. Ödəyəndən sonra müəyyən olmuşdur ki, düzəltdiyi tətbiq deyildir. Hansısa sayt üzərindən yaradılmış tətbiq kimi proqram idi. Halbuki, onun başa gəlməsi ucuz və sadədir. Belə bir şey hazırlayıb, onlara vermişdi və onu “Play Store”-a yükləmişdi. Amma həmin proqram işləmədi. Çünki, heç bir yerə qoşulmamışdır. O, Rəşada narazılığını bildirəndə o, əlavə ödəniş edilməli olduğunu bildirmişdir Sonra məhkəməyə müraciət etmişlər. Tətbiqdən istifadə etmək olmurdu. Bazası yox idi, işləmirdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, həmin şirkətdə proqramçı vəzifəsində işləyir. Rəşadla işin gedişatında problemlər çıxmışdır, hazırda onlar tətbiqi ala bilmirlər. Tətbiq “Google Play”-də olmasına baxmayaraq yüklənəndə işləmir. Təxmini dörd minə yaxın Rəşada pul ödənilmişdir. İşi üç-dörd aya təhvil verməli idi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış keçirilərək müəyyən olunur ki, su sifariş etmək üçün proqram hazırlanmışdır. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı MMC ilə Cavabdeh arasında öhdəliyin icra olunması ilə əlaqədar yazılı müqavilə bağlanmamışdır. “Şirin Su” ilə Cavabdeh arasında su sifariş etmə proqramının hazırlanması üzrə şifahi razılıq əldə olunmuşdur. İddiaçı bildirir ki, cavabdeh həmin razılaşmadan irəli gələrək öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin cavabdeh sübut edir ki, o, “Şirin Su” ilə şifahi razılıq əsasında müəyyən edilmiş öhdəliyini yerinə yetirərək su sifariş etmək üçün proqramı hazırlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh 4199 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 4729 (dörd min yeddi yüz iyirmi doqquz) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar