Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-995/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli iki müqavilə əsasında, xx.xx.2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqavilələrə əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla müəyyən edilmiş hər uşağa görə hər ay 250 manat məbləğində xidmət haqqı kimi ödənilmiş pulun, 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulmuş 2000 manatının, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və 111 manat məbləğində vəkil xərclərinin, cəmi 2141 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilədə fors major halı kimi epidemiya göstərilsə də, Covid-19 epidemiya deyil, pandemiyadır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrin surətindən müəyyən olunur ki, tərəflər iddiaçının övladları X4 və X2 məktəbəqədər təlim-tərbiyə xidmətlərinin göstərilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanır, müqavilə vaxtından əvvəl ləğv edilmədikdə, xx.xx.2020-ci il tarixinədək qüvvədə olacaqdır. Müqavilənin 7.1-ci bəndinə əsasən təhsil və təlim haqqı aylıq 400 manat təşkil edir. 10.2-ci bəndinə görə isə valideyn tərəfindən bu müqaviləyə yalnız müqavilədə qeyd edilən şərtlər yerinə yetirildikdən sonra, 1 ay əvvəl xəbərdarlıq edilməklə xitam verilə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə “xxxx” MMC-nin hesabına 6236 manat pul ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşma surətindən müəyyən olunur ki, valideynin uşaqlarını yarımgünə keçirmək niyyəti nəzərə alınaraq, müqavilə şərtlərinə uuğun hesablanmış məbləğdən çıxıİmalar aparılmaqla, 1043 manat pul Bağça tərəfindən iddiaçıya qaytarılır. Valideyn bunu qəbul edir və bu əlavə razılaşmanı imzalamaqla həmin məbləğin geri qaytarıldığını təsdiq edir. Müqavilənin digər bəndləri dəyişdirilmədən qüvvəsində saxlanılır. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı müqavilə üzrə götürülən öhdəliklərin aralarında bağlanmış müqavilələr üzrə nəzərdə tutulduğu kimi icra olunmadığını, pulun ödənilməsindən imtina edildiyini göstərərək, artıq ödənilmiş pul məbləğinin qaytarılmasını tələb etmiş, əks təqdirdə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmunundan göründüyü kimi, iddiaçıya müqaviləyə xitam verilməsi ilə əlaqədar ilk dəfə rəsmi qaydada bağçaya müraciət edildiyi, tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən, valideyn tərəfindən bu müqavilyəə yalnız müqavilədə qeyd edilən şərtlər yerinə yetirildikdən sonra, 2 ay əvvəlcədən xəbərdar edilməklə xitam verilə biləcəyi, göstərilənlərin nəzərə alınaraq, müqaviləyə xitam verilməsi ilə əlaqədar, təkliflərini bildirməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsindən asılı olmayan və müqavilənin bağlandığı zaman müəyyən edilə bilməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilməyən qarşısıalınmaz halar (fors-major) mövcud olduqda tərəflər hazırki müqavilə ilə müəyyən edilmiş öhdəliklərini həyata keçirə bilmədikləri halda məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, Respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. İddiaçının nümayəndəsi və vəkilinin izahatına münasibət bildirərək, məhkəmə qeyd edir ki, pandemiya epidemiyanın daha qlobal formasıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş materiallarında 111 manat məbləğində vəkil xərcini təsdiq edən sübut olmadığından və iddia tələbi təmin edilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-995/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-995/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver