Məhkəmə qərarları › İş №2(005)-101/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-101/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-101/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh X3 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və X5 qarşı yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni yaşayış binası tikilib ona təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmək üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və X5 ödənilmiş pul fərqinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X7 ilə 08.05.1092-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahı 27.11.2014-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Hal hazırda o, ailə qurmuş və ailəsi ilə birgə öz vəsaiti hesabına kirayə mənzildə yaşayır. Cavabdeh X7 ilə birgə nikah dövründə 29.07.2000-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzili almışlar. Göstərilən mənzil nikah dövründə alındığından ümumi birgə mülkiyyət hesab olunur. Cavabdeh X7 birgə mülkiyyətdə olan Bakı şəhəri Təbriz küçəsi ev 7, mənzil 8 saylı mənzilin sökülməsi barədə “Cavabdeh'' MMC-yə onun razılığı olmadan 28 sentyabr 2017-ci il tarixində 35 saylı müqavilə bağlamışdır. Göstərilən müqaviləyə əsasən ünvan 1, 8 saylı mənzilin mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı 64.2 kv.m mənzillin faktiki sahəsində 20% əlavə etməklə A bloku, yaşayışın 10-cu mərtəbəsi 3 otaqlı, 87.2 kv.m, 50 nömrəli tam təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Nərimanov Rayon Məhkəməsinin 2(005)-391 /2018 nömrəli, 02 may 2018-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1, 8 saylı mənzildə onun mülkiyyət payı (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) müəyyən olunmuş və X1 özünün də bu mənzilə mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olmasına baxmayaraq, o, mülkiyyətçi kimi onun razılığı olmadan həmin mənzil üzərində təkbaşına və sərbəst sərəncam vermək hüququna malik olmamış, müvafiq əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyindən X7 və Cavabdeh MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini alıb və icra olunmuşdur. Bundan sonra o, “xxxx” MMC-nin baş direktoru A.Yeqanovaya ərizə ilə müraciət edərək ünvan 1, 8 saylı mənzilin söküntüsü ilə əlaqədar əvəzində verilməsi nəzərdə tutulmuş binanın A bloku, yaşayışın 10-cu mərtəbəsi, 3 otaqlı, 87.2kv.m. 50 nömrəli tam təmirli mənzilinə onunla cavabdeh X7 ilə birlikdə müqavilənin bağlanmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir və o, tələbinin təmin edilməsi üçün Nərimanov Rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(Q05)-2643/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilinin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair onunla və cavabdeh X7 ilə müqavilənin bağlanması öhdəliyinin CavabdehMMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən cavabdeh X2 vəkili və nümayəndəsi X8 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-12041/2019 saylı qətnaməsi ilə cavabdeh X2 vəkili və nümayəndəsi X4 apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(005)- 2643/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, “Cavabdeh,'MMC ona məxsus mənzili sökərək və əvəzində yeni mənzil tikib istifadəyə verənədək müvəqqəti kirayə mənzildə yaşamaq üçün ona kirayə pulunu ödəməməklə eyni zamanda onun yaşayış hüququnu pozmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Təbriz küçəsi ev 7, mənzil 8-in söküldüyü tarixdən yəni 2017-ci il sentyabr tarixindən yeni mənzilin ona təhvil verilənədək kirayə haqqı hər ay 500 manat məbləğində hesablanmaqla ümumi məbləğ birdəfəlik cavabdeh “Cavabdeh" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X7 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X8 iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X4 izahatını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında şahid X6 ifadəsində İddiaçı 2017-ci ildən 2019-cu il tarixinədək onun Xırdalandakı mənzilində kirayədə yaşadığını təsdiq etdi. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2643/2019 saylı 24 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilinin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair İddiaçı və cavabdeh X7 ilə müqavilənin bağlanması öhdəliyi cavabdeh “Cavabdeh" MMC-nin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12041/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 vəkili və nümayəndəsi X4 apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(005)-2643/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2285/2020 saylı 09.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Nəcəfzadə Arzu Elman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)- 12041/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı cavabdehlər X7 və “Cavabdeh" MMC-ə qarşı müqavilənin bağlanması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan kassa məxaric orderlərinin surətindən görünür ki, X5 “Cavabdeh" MMC tərəfindən kirayə haqqı ödənilmişdir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin yuxarıda qeyd edilən qətnamələrə əsaslanaraq, Cavabdeh MMC-dən onun xeyrinə kirayə haqqının ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi tərəflər arasında digər mülki iş üzrə (müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması) qüvvəyə minmiş məhkəmə qətnaməsinin nəticələrinə əsaslandığından və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2285/2020 saylı, 09.06.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər X7 və “Cavabdeh" MMC-ə qarşı müqavilənin bağlanması tələbinə dair iddiası təmin edilmədiyindən, hazırki iddianın da təmin edilməsi üçün əsaslar qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar