Məhkəmə qərarları › İş №2(005)-1019/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1019/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1019/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin boşadılması və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evində qanunsuz olaraq kirayədə yaşayan cavabdehləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin iki otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq həmin yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyri şəxslər tərəfindən həmin iki otaqlı evindən rahat istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı Bayram Şəfiyev ilə birgə Bakı şəhərinin küçələrini süpürüb təmizləməklə min cür əziyyət hesabına halalca qazandıqları 48500 manat pula ünvan 2 ünvanındakı 2 otaqlı fərdi yaşayış evini bu evin sahibi X14 2019-cu ilin dekabr ayında almışdır. X12, onun dayıları X10 və X2 həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçüb yaşamasına və ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirdilər. Odur ki, o həmin “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsi ilə tələbi təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məlum qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, onun-X5 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, X22 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və bu qərarın qəti və qəbul edildiyi andan qüvvəyə minməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və Azərb.Res.DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li və DİN-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışlarında müvafiq olaraq ünvan 4 və 34V saylı ünvanlardakı evlərin mövcud olması, iddiaçı Cavabdeh1 məhz ev 33-də qeydiyyatının olması, 34V ünvanında onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqədar onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüququnun olmaması aydın anlaşılır. Təkzibolunmaz faktdır ki, Cavabdeh1 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 V ünvanındakı evdə məhz X22 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 V-dəki ev, həyət, həm də ki, 33 №-li ünvandakı evlər və həyətlər bir-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34 V ünvanı kimi olan həyətin - evin küçə tərəfdən olan divarına sonradan “33” nömrəsinin göstəricisini vurmuşdur. Nəhayət 2023-cü ilin noyabr ayında sözügedən məhkəmə qərarına əsasən uzun sürən mübahisələrdən sonra icra məmuru tərəfindən o ünvan 5 ünvanındakı iki otaqlı evinin bir otağına köçürülüb və həmin vaxt sözügedən evdə bir ailənin kirayədə yaşadıqlarının şahidi olub. Bunlar Cavabdeh4, onun atası Cavabdeh2, Cavabdeh3dır. Bunlardan əlavə bu evi ona satmış X17 bacısı Cavabdeh1 da tez-tez bu evə gələrək, ona bu evdə yaşamağa imkan verməyəcəyini, müxtəlif maneəçilik, əngəllər yaradaraq, vaxtaşırı kirayə qalan şəxsləri müxtəlif şəxslərlə əvəzləyib dəyişməklə bu iki otaqlı fərdi yaşayış evinə rahatca köçüb yaşamasına, ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirlər. Həmin ünvandakı 34V №-li ev qanuni əsaslarla iddiaçı olaraq ona-X7 məxsusdur və həmin daşınmaz əmlak üzərində onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, onun həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Bunları yuxarıda qeyd etdiyi məhkəmə aktları da təsdiq edir. Daha ədalətli olardı ki, sözügedən ünvandakı onun aldığı iki otaqlı evdə kirayədə yaşayan yuxarıdakı cavabdehlər və digər şəxslər həmin 2 otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq yaşayış evi tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyri şəxslər tərəfindən həmin iki otaqlı evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə bu cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə məhkəmə qətnaməsi qəbul olunsun. Onun qeyd etdiklərini həyat yoldaşı, iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktları, foto şəkillər də təsdiq edir. Bütün bunlar isə cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşnalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir. Bu haqda müvafiq qətnamənin qəbul edilməsini daha ədalətli hesab edir və bunu istəyir. Çünki cavabdehlər onu sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və qanunlara, məhkəmə aktlarına hörmət etmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı həyat yoldaşı ilə birlikdə 34 V ünvanındakı mənzili 48500 manat pul verərək almışdır. Cavabdeh Nilufərin qardaşı Əliyev Aqil 2019-cu ildə özünü mənzilin sahibi kimi təqdim edərək onu satmaq istədiyini söyləmişdir. Onunla şifahi müqavilə bağlayaraq evi almışdır və həmin mənzilə qeydiyyata düşmüşdür. Nilufər xanım həmin evdə qeydiyyatda olsa da, ailə qurduqdan sonra köçüb getmişdir. Nilufər xanım iddiaçının evdə yaşamasına müxtəlif şəxsləri gətirərək maneəçiliklər törədir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, mənzili Əliyev Aqildən 48500 manata almışdır və həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin mənzilinə rahat köçüb yaşaya bilmir. Cavabdeh1 onun evinə qonağın gəlməyinə imkan vermir. Evdə it saxlayır. Pul verib aldığı evindən rahat istifadə edə bilmir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nərimanov rayonu Daş Karxanası küçəsi ünvanında yerləşən 33 saylı ev ona rəhmətə getmiş valideynlərindən qalmışdır. Valideynləri tərəfindən inşa edilmiş və uşaqlıqdan həmin evdə yaşamışlar. Sonra qardaşı ilə birlikdə, Mənzil Kommunal İstismar Sahəsinin rəisinin qanunsuz hərəkətləri nəticəsində həmin evə saxta olaraq 34 V ünvanı verilərək iddiaçını onun razılığı olmadan ona məxsus olan evə qeydiyyata saldırmışlar. Onlar iddiaçıya 34 V ünvanı ilə bağlı arayış verməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşlar. Həmin sahənin rəisi etdiyi əməlinə görə cəzalandırılmışdır. Məhkəmə tərəfindən iddiaçı 34 V kimi göstərilsə də, ona məxsus 33 saylı mənzilə köçürülmüşdür. Çünki həmin ərazidə 34 V ünvanı mövcud deyildir. O da məhkəməyə müraciət edərək 34 V ünvanının ləğv edilməsini xahiş etmiş, iddiası təmin edilmiş, lakin yuxarı instansiya məhkəməsi tərəfindən işinə inzibati məhkəmədə baxılmalı olması əsası ilə xitam verilmişdir. Cavabdehə həmin mənzildə yaşamasına hər hansı bir maneəçilik törətmir. Qısa müddətlik cavabdeh olan qohumları onlara qonaq gəlmişdi. Sonra çıxıb getdilər. Mənzil heç kimə kirayə verilməmişdi. Digər cavabdehlər onun yaxın qohumlarıdır. Mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsinə etiraz edir. Çünki həmin ev onlara atalarından qalmış mirasdır. Həmin evdə qeydiyyatdadır. Ailə qursa da həmin mənzilə tez-tez gedib-gəlirdi. Başqalarının qanunsuz hərəkətləri nəticəsində mənzilindən mərhum edilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan iddiaçının orada yaşamasına etiraz etmr. Amma onun da o mənzildə haqqı vardır. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)- 541/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X20, X4 və X1 qarşı X5 qeydiyyatda olmaqla aldığı ünvan 6 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, X22 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması tələbinə dair iddiası rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4666/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 12 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, X22 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-499/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X22 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(005)- 2275/2022 saylı qətnaməsi ilə Cavabdeh1 34 V ünvanının mövcud olması ilə bağlı 18 MKİS İdarəsinin arayışının qanunsuz hesab edilməsi və ev 34 V ünvanının ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X23) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)- 1539/2023 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X23) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh1 qanunvericiliyin tələblərinə riayət etməklə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X23) küçəsi, ev 34V ünvanının qeydə alınması və cavabdeh İddiaçı pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2772/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1539/2023 saylı, 16 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2023cü il tarixli, 5-14/-98/2023 saylı məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı ünvan 10 ünvanında qeydiyyatsız yaşaması ilə bağlı 18 №-li MKİS-in rəisi Y.N.İbrahimov tərəfindən arayışın verilməsi üçün əsas olan sənədlərin qeydiyyatda olan şəxslərin razılığı barədə notariat qaydasında təsdiq olunmuş aktı olmadan tərtib olunduğuna, bununla da vəzifə funksiyalarının icrası zamanı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Y.N.İbrahimov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmış və bu barədə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir; - X8 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətlərindən, yəni İddiaçı yanlış olaraq 34 V ünvanının əvəzinə ev 33 ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi, yanlış köçürüldüyü ev 33 ünvanından çıxarılması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)- 141/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4666/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı qeydiyyatda olduğu ünvan 12 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Mübahisələndirilən yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin həmin evə ünvan verilmişdir. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınan hüquqlarına və gözlənilən mülkiyyət hüququna əsaslanaraq qeyd edilən mənzildə yaşayan başqa şəxslərin oradan çıxarılması, yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyri şəxslər tərəfindən həmin iki otaqlı evdən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir. Cavabdeh1 isə qanuni qüvvəyə minmiş qətnamədə 34 V ünvanı göstərilsə də, əslində iddiaçının ona atasından miras qalmış evə köçürüldüyünə, Mənzil Kommunal İstismar Sahəsinin və qardaşının qanunsuz hərəkətləri nəticəsində mövcud olmayan ünvana dair arayış verməklə iddiaçının ona məxsus evə qeydiyyata salındığına, mənzilin ona məxsus olduğuna istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Hazırki mülki iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X20, X4 və X1 qarşı İddiaçı qeydiyyatda olmaqla aldığı ünvan 6 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, X22 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması tələbinə dair iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4666/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 12 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, X22 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı 27 dekabr 2019-cu il tarixində ünvan 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Cavabdeh X22 mübahisəli yaşayış sahəsinə faktiki sahiblik etmişdir və məhz onun (yəni faktiki sahib Aqil Əliyevin) sayəsində və iradəsi ilə İddiaçı həmin yaşayış sahəsinə daimi yaşamaq məqsədilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Məhkəmə hesab etmişdir ki, evin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, İddiaçı həmin evi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə əldə etməməsi onun həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən iddiaçının istifadəsinə maneəçilik törətməsinin qadağan edilməsi barədə iddiasının təmin edilməməsinə əsas vermir. Həmin qətnamədən X22 onun mübahisələndirilən evi satmaq səlahiyyətinin olmamasına istinad edərək şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-499/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən qətnamə qüvvədə saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən evin özbaşına tikili olduğu üçün cavabdehin ona sərəncam vermək səlahiyyətinin olub-olmaması mübahisə predmeti deyildir. Mübahisəli məsələ iddiaçının həmin evə yaşamaq hüququnun olmasıdır. Məhkəmə iddiaçının qeyd olunan evə köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən etmişdir. Göründüyü kimi, İddiaçı qeydiyyatda olduğu ünvan 12 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə öz qanuni qüvvəsini almışdır. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Hazırki iş üzrə İddiaçı mübahisələndirilən mənzildə yaşamaq hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçının mənzili aldığı X17 hazırki iş üzrə Cavabdeh1 qardaşı olduğu və həmin mənzilin onların ata mülkü olduğu, onların da həmin mənzildə qeydiyyatda olmaları işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən mənzilin 34 V və ya 33 ünvanı olması ilə bağlı mübahisə olsa da, tərəflərin eyni mənzilə iddia etmələri işin halları və icra hərəkətlərindən verilmiş şikayətə baxan məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə təsbit edilmişdir. Tikili özbaşına tikili olsa da, dövlət tərəfindən həmin tikiliyə ünvan verilmişdir. Məhkəmə qətnaməsinin icrası nəticəsində İddiaçı, Cavabdeh1 yaşadığı mənzilə köçürülmüşdür. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır. Bununla yanaşı, özbaşına tikilini inşa edərək, ona faktiki sahiblik edən şəxslərlə yaşayış sahəsi kimi istifadə olunan belə tikililərdə yaşayan digər şəxslər arasında həmin tikililərə köçürmə və ya çıxarma ilə bağlı mübahisələr yaranır və məhkəmələr tərəfindən həmin mübahisələrə baxılır. Bu cür mübahisələr üzrə araşdırmanın predmetini tərəflərin həmin tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranıb-yaranmadığı, tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və təyinatı deyil, inşa edilmiş tikilinin faydalı xassələrindən istifadə etməyin qanuni imkanları təşkil edir. Mülki Məcəllənin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Əsas Qanunun 25-ci maddəsinə müvafiq olaraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq imkanı tanınmalıdır. Oxşar mübahisələrə baxılarkən qeyd olunan halların mövcud olduğu, ötən dövr ərzində tərəflərin müəyyən şərtlər daxilində həmin tikiliyə hüquqlarının olduğu müəyyən edilərsə, cavabdeh(lər)in tikilidən çıxarılması tələbini təmin etməkdən imtina edə bilərlər. Hazırki iş üzrə iddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilidə yaşamaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Bu baxımdan cavabdehlər tərəfindən iddiaçının mənzildən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Lakin bu hüquq ona həmin mənzildə yaşamaq hüququ olan digər şəxslərin və ya onların yaxınlarının (qohumlarının) həmin mənzildən çıxarılmasını tələb etmək imkanı vermir. Belə ki, yaşamaq hüququ bötüvlükdə mənzilə qanuni əsaslarla sahiblik etmək hüququnu ehtiva etmir. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında subyektiv hüquqla bağlı əks olunmuş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehlərin evdən çıxarılması, evin boşaldılması) o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının cavabdehlər Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələblərinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Belə olan halda isə cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbi təmin edilə bilməz. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Hər bir halda mənzilə hüququ olan digər şəxslərlə birgə yaşamaq çətinlik yaradırsa, iddiaçı birgə yaşayış qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mülkiyyət hüququna dair qanuni gözləntisinin tanınması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qətnamələrindən görünür ki, iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, həmin mənzilə köçürülərək orada yaşamaq hüququ tanınmışdır. Bu isə onun həmin mənzilə qeydiyyata alınması, mənzilin qanuni sahiblərindən biri olan Cavabdeh1 qardaşı Əliyev Aqillə iddiaçının mənzilin alğı-satqısına dair şifahi razılıq əldə etməsi ilə əsaslandırılmışdır. Həmçinin o da qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki prosessual qanunvericilikdə mülki işin icraatı zamanı sübut edilməsinə ehtiyac olmayan faktlar preyudisial faktlardır. Preyudisial faktlar başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar olur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütövlükdə hər hansı məhkəmə aktının və belə aktdan irəli gələn bütün nəticələrin yox, həmin aktla müəyyən olunan konkret faktların və halların preyudisial əhəmiyyəti ola bilər. Qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır, konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmaqla yanaşı, bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Beləliklə qətnamə ilə müəyyən edilən preyudisiallıq yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia Cavabdeh1 və digər şəxslər tərəfindən mübahisələndirilən evdən iddiaçının istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə onun yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və ya başqa şəxslər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi hissəsində təmin edilməlidir. İddia qalan hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin iki otaqlı evdən şəxsi əşyaları ilə birlikdə çıxarılaraq həmin yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi hissəsində isə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 13 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evindən istifadəsinə, həmin evdə yaşamasına Cavabdeh1 və digər şəxslər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və hər hansı bir maneələrin yaradılması qadağan edilsin. İddia ünvan 13 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar