Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-102/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nə 5221 saylı müqaviləyə əsasən əlavə olaraq tərəfindən ödənilmiş 5952,51 AZN, 5222 saylı müqaviləyə əsasən isə əlavə olaraq ödənilmiş olan 5717,1 AZN olmaqla, ümumilikdə cəmi hər iki müqaviləyə əsasən tərəfindən artıq ödənilən 11.669,61 AZN pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2007-ci il tarixli 5221 nömrəli müqavilə ilə ünvan 1 ünvanında yerləşən “UĞUR 2” yaşayış kompleksində olan bina 8, blok 1, 155 saylı mənzili və 5222 nömrəli müqavilə ilə ünvan 1 ünvanında yerləşən “UĞUR 2” yaşayış kompleksində olan bina 8, blok 1, 156 saylı mənzili almışdır. Qeyd edilən hər iki müqavilənin 1.1-ci bəndinə əsasən 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət mənzilinin ümumi yaşayış sahəsi 82,11 kv.m və eynilə 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət mənzilinin ümumi yaşayış sahəsi 82,11 kv.m olaraq qeyd edilmişdir. 5221 saylı müqavilənin 3.2.2.1-ci bəndinə əsasən isə 82,11 kv.m-in kv.m-i üçün 531 manat olmaqla, cəmi 43.600,65 manat ödəniş nəzərdə tutulmuşdur. 5222 saylı müqavilənin 3.2.2.1-ci bəndinə əsasən isə 82,11 kv.m-in kv.m-i üçün 510 manat olmaqla, cəmi 41.876,1 manat ödəniş nəzərdə tutuİmuşdur. Eyni zamanda, xx.xx.2008-ci il tarixli 2780 və 2781 nömrəli maliyyə arayışlarına əsasən məbləğlər tam şəkildə ödənilmişdir. Lakin həmin mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş olan çıxarışa əsasən daşınmaz əmlakın 155 və 156 saylı mənzilə dair hər biri üçün ayrılıqda ümumi sahəsi 70,90 kv.m olaraq göstərilmişdir. Eyni zamanda, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 8, m.186 və 187, yeni qaydada: ünvan 2 ünvanları verilmişdir. Hər iki mənzilə dair müqavilədə qeyd edilən kv.m-lə çıxarışla təsdiq olunan ümumi sahə arasında kifayət qədər fərqlər mövcuddur. Hesab edir ki, bu onun hüquqlarını kobud şəkildə pozaraq, ona maddi ziyan vurmaqdadır. Belə ki, sadə riyazi hesablama qaydası ilə 22,42 kv.m fərq yaranır ki, bu hər mənzilə görə 11,21 kv.m üçün əlavə pulun tərəfindən ASC-nə ödənilməsini göstərir. Bundan əlavə, həmin evlər bir biri ilə divar qonşusudur. Buna baxmayaraq hər iki evdə 1 arakəsmə, divara görə əlavə kv.m hesablanaraq pul ödətdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü bəndinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113-cü maddəsinin (Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi) 1-ci bəndində göstərilir ki, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı, həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmçinin, qanunvericilikdə və aidiyyəti normativ-hüquqi aktlarda “divaraltı sahə” anlayışı yoxdur. Azərbaycan Respublikasında yaşayış binasındakı mənzillərin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə (Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir) və buna müvafiq olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanır. Həmin normativhüquqi aktın 3-cü (Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin və tikinti həcminin hesablanması) bəndində göstərilir ki: 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələti divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isitmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir; 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir; 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) 1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Ümumiləşdirmə aparanda müəyyən olur ki, müqavilələrə uyğun olaraq: 5221 saylı müqavilədə əlavə olaraq 5952,51 AZN, 5222 saylı müqavilədə isə əlavə olaraq 5717,1 AZN pul ödənilmişdir. Qeyd olunanlara əsasən ümumilikdə cəmi hər iki müqaviləyə əsasən tərəfindən 11669,61 AZN artıq pul ödənilmişdir. Hesab edir ki, həmin əlavə ödənilmiş məbləğ geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil (Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi bina 8, blok 1, 155 və 156 saylı mənzilləri) almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. 14 ildən sonra onun əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil (Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi bina 8, blok 1, 155 və 156 saylı mənzilləri) almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Qeyd olunan bina layihə əsasında inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olunmuşdur. Mənzillərin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq 155 və 156 saylı mənzillərin sahəsi 82,11 kv.m müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən bir qayda olaraq mənzillərin sahəsini alqı-satqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar(verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu maddəsinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı-satqı müqavilələrində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Eyni zamanda, cavabdeh mənzilləri bir qayda olaraq kvadrat metrlə deyil, vahid qiymətlə satır. Mənzilin sahəsi alqı-satqı müqavilələrində bu günkü qaydalarla ölçülərək 70,90 kv.m göstərilmiş olsaydı da mənzilin qiyməti dəyişməyəcəkdi. Tərəflərin razılığı ilə xx.xx.2007-ci il tarixli 5221 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndində 155 saylı mənzilin qiyməti 43.600,65 manat, xx.xx.2007-ci il tarixli 5222 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndində 156 saylı mənzilin qiyməti isə 41.876,1 manat müəyyən edilir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 5222 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC (sonradan “Satıcı” adlandırılacaq) Bakı şəhərində Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi inşa etdirdiyi 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,11 kv.metr olan mənzili İddiaçı (sonradan “Alıcı” adlandırılacaq) satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. “Alıcı” müqavilədə göstərilən 8 yaşayış binasının 1 blok, 16 mərtəbəsində yerləşən, ümumi sahəsi 82,11 kv.metr olan 2 otaqlı mənzilin hər kvadrat metri üçün 510 manat olmaqla, cəmi 12 ay müddətində 41.876,1 AZN ödəməlidir. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 5221 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC (sonradan “Satıcı” adlandırılacaq) Bakı şəhərində Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi inşa etdirdiyi 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,11 kv.metr olan mənzili İddiaçı (sonradan “Alıcı” adlandırılacaq) satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. “Alıcı” müqavilədə göstərilən 8 yaşayış binasının 1 blok, 16 mərtəbəsində yerləşən, ümumi sahəsi 82,11 kv.metr olan 2 otaqlı mənzilin hər kvadrat metri üçün 531 manat olmaqla, cəmi 12 ay müddətində 43.600,65 AZN ödəməlidir. "xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2008-ci il tarixli 2780 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 8-bina, 1-blok, 16-cı mərtəbədə, 82,11 kv.m ümumi sahəsi olan 155 saylı mənzilin ümumi dəyəri 43.600,65 AZN tam ödənilib, heç bir borcu yoxdur. "xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2008-ci il tarixli 2781 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 8-bina, 1-blok, 16-cı mərtəbədə, 82,11 kv.m ümumi sahəsi olan 156 saylı mənzilin ümumi dəyəri 41.876,10 AZN tam ödənilib, heç bir borcu yoxdur. xx.xx.2008-ci il tarixli aktların surətlərindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllə, 8-bina, mərtəbə-16, sahəsi 82,11 kv.m olan 155/186 və 156/187 saylı mənzillər İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 70,90 kv.m olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595 məhəllə ev 8 mənzil 186 (Yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yavər Əliyev küçəsi 22, M17, m6) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 70,90 kv.m olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595 məhəllə ev 8 mənzil 187 (Yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yavər Əliyev küçəsi 22, M17, m7) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/4272 saylı rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 156 saylı və Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 155 saylı mənzilin hər birinin ümumi sahəsi ayrı-ayrılıqda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 70,9 kv.m təşkil edir. Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət və Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595 məhəllə ev 8 mənzil 186 və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595 məhəllə ev 8 mənzil 187 İddiaçı mülkiyyətindədir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı müqavilələrə əsasən “Satıcı” Bakı şəhərində Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi inşa etdirdiyi 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,11 kv.metr olan mənzili və Bakı şəhərində Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi inşa etdirdiyi 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,11 kv.metr olan mənzili “Alıcı”ya satmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarına əsasən mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Hazırda iddiaçı, "xxxx" ASC ilə aralarında bağlanmış müqavilələrdə mənzillərin sahələrinin 82,11 kv.metr qeyd olunmasına baxmayaraq mənzillərin sahələrinin faktiki olaraq çıxarışlarda 70,90 kv.metr olduğunu bildirərək, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, 5221 saylı müqaviləyə əsasən əlavə ödədiyi 5952,51 AZN, 5222 saylı müqaviləyə əsasən isə əlavə ödədiyi 5717,1 AZN, ümumilikdə cəmi hər iki müqaviləyə əsasən artıq ödədiyi 11.669,61 AZN məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 437.1-ci maddəsinə əsasən əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 5221 nömrəli xx.xx.2007-ci il tarixli və 5222 nömrəli xx.xx.2007-ci il tarixli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin 1.1-ci bəndlərinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə müvafiq mənzillərin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 82,11 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzillərin sahələri məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 70,90 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini (mənzillərin ümumi sahələrini, və dəyərlərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin tələbə iddia müddəti şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı tutulsun, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-102/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-102/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver