Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1032/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ləyaqətsiz vərəsə elan edilmələri tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh1, oğlanları Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə elan edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı X13 ilə uzun müddət ayrı yaşasalar da rəsmi olaraq xx.xx.2022-ci il tarixində nikahları pozulmuşdur. Övladları ilə münasibəti bir ana kimi həmişə normal olmuşdur. Lakin artıq bir ilə yaxındır ki, övladları ona qarşı haqsızlıqlar edirlər. Onlar ona məxsus daşınmaz əmlakı ələ keçirmək üçün müxtəlif yalanlar, böhtanlar edir və hətta dost tanışın, qohumların yanında onu təhqir edərək bir ana kimi aşağılayır. Onun iradəsinin əksinə olaraq dəfələrlə ona psixoloji və fiziki olaraq təzyiqlər edib ona məxsus əmlaklarını ələ keçirmək üçün hər cür hiyləgərliyə əl atırlar. Belə ki, 29 avqust 2022-ci il tarixində səhər saatlarında şəxsi işləriylə əlaqədar yaşadığı və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxmışdı. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını üz açarı ilə açmaq istəmiş, lakin qapı içəridən bağlandığından aça bilməmişdir. Qapını döyüb və evə onun icazəsi olmadan daxil olan qızı Cavabdeh1 ona qışqırıb ki, “Gəlmə bura sənin evin deyil”. 1 saat ərzində içəri daxil olmaq cəhdləri baş tutmadıqda məcbur olub 102-yə zəng edib şikayət edib. 102-dən sonra polis əməkdaşları gəliblər və nə qədər çalışsalar da qızı onu içəri buraxmayıb. Polis sahə müvəkkili onu gecəni polis bölməsində gözləməyə dəvət etdi ki, səhər 9-da evə onun daxil olmasını təmin edəcək. Növbəti gün səhər saat 9-da onu evə aparmağı söz versələr də, həmin sahə müvəkkili heç bir hərəkət etmədi. Məcbur olub günorta saat 14:00-da onun kabinetinə yaxınlaşıb ki, onu evə yerləşdirsin, lakin o laqeyd şəkildə bildirmişdir ki, qızı problem yaratdığı üçün gedib məhkəməyə müraciət etsin. Bundan sonra məcbur qalaraq qonşunun həyətindən öz həyətinə daxil olub evinə keçib. Bu zaman qızı əlində bel sapı (lopatka) ilə üzərinə hücum edərək başıma, qollarıma, zərbələr endirib. Artıq həmin anı dəqiq xatırlamır, necəsə beli əlindən ala bilib və o, başından hicabını qopardaraq saçlarını yolmağa başlayıb və eyni anda ona zərbələr endirərək üzərindəki paltarı cırmışdır. Sabunçu rayon “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” ekspertiza rəyi də döyüldüyünü təsdiq edir. Bundan başqa Ləmanın onu döydüyü zaman qışqırıq səsini eşidən Afət adında qonşusu Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə yığıb polis çağırmışdır. Ləman polislərin evə gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçağı pilləkənə qoyduğunu sahə müvəkkili Rafael və qonşular da görmüşdür. Rafael özü şəxsən bıçağı götürüb qonşunun həyətinə tərəf atıb və heçnə demədən çıxıb getmişdir. Bu halların davam etməsi böyük bir faciə ilə nəticələnə bilər. Çünki bu artıq birinci dəfə deyil. Oğlu Reyal və keçmiş yoldaşı da onu oxşar vəziyyətə salmışdılar. Hazırda oğlunun barəsində ona xəsarət yetirdiyinə görə məhkəmədə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi gedir. Keçmiş əri X13 ona xəsarət yetirdiyinə görə onun da barəsində Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət işi açılmışdır. X5 Federasiyasının vətəndaşıdır. Lakin Cavabdeh1 onu bura gətirərək özü ilə birgə həmin evdə yaşayır. Balaca oğlu Vəli də bacısının təsiri altındadır və ondan da real təhlükə gözləyir. Çünki o da onu küçə sözləri ilə təhqir edərək hədə qorxular gəlir. Hazırda cavabdehlər ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evində qanunsuz olaraq və icazəsiz yaşayırlar. Bu azmış kimi onu evə buraxmırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul emtəyərək onun təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 1937 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma; burun, boyun, sağ gözün bayır bucağnın, sol bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 2049 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş İddiaçı üst dodaq nahiyəsinin, hər iki bazunun, sol saidin və hər iki əlin qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 1959-1989-cu məhəllə, Ə.Əliyev küçəsi, K- Tikilisi, Giriş-2, ev 26, mənzil 705 ünvanında qeydiyyatda olan X2 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsi, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçini təhqir etməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, eyni zamanda ərizəçiyə yaxınlaşması, ərizəçi ilə hər hansı ünsiyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçini izləməsi, evinə yaxınlaşmasının Cavabdeh1 qadağan edilməsi qət olunmuşdur; Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixində xitam verilmşdir; Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 üçüncü dərəcə əlildir; Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli ittiham aktına əsasən, Cavabdeh2 04 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 1 ünvanında yaşadığı evdə anası X6 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı arxa tərəfdən yaxınlaşaraq əvvəlcə əlləri ilə sonuncunun boğazı və ağız hissəsindən sıxmaqla boyun nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, daha sonra sağ əlinin yumruğu ilə bir neçə dəfə Mərziyə Zamanovanın sifətinin sağ hissəsinə, o cümlədən gözü, sifət və burun nahiyələrindən qəsdən vuraraq ona burun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sağ gözü ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün qıyır bucağının qançırı, sağ almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-995/2023 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Cavabdeh2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair 1(008)-58/2023 saylı, 24 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, polis sahə inspektoru Rafael Məmmədov tərəfindən inzibati xəta törətmiş Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 300 manat məbləğində cərimə tətbiq olunmuşdur; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 2007-ci il tarixindən tərəflərin evində kirayə qalır. O, orada oğlu ilə birlikdə yaşayır. İddiaçının keçmiş həyat yoldaşı ilə də böyük oğullarının toyuna gəldiyi zaman tanış olmuşdur. İddiaçının keçmiş həyat yoldaşı toydan sonra Rusiya Federasiyasına geri qayıtmışdır və hər şeyi ona tapşırmışdır. Onun bu ailəyə çox köməyi dəymişdir. O, Nərimanovdakı evin satılmasına və Zabratda yeləşən evin alınmasına da köməklik etmişdir. Onlar mənzili daha aşağı qiymətə satışa çıxarmışdılar, onun sayəsində mənzili daha yüksək qiymətə satdılar və Zabratda yerləşən evi daha sərfəli qiymətə aldılar. Nərimanovdakı ev satıldıqdan sonra iddiaçı ilə birlikdə gedərək, Zabratdan ev aldılar. Həmin evə iddiaçı və Cavabdeh1 ilə birlikdə onun avtomobilində gedib baxmışlar. Mənzilə dair əşyaları birlikdə gedərək, Sədərəkdən alıblar. İddiaçı həmin puldan 1000 manat böyük oğlu Reyala və 10000 manat da kiçik oğlu Vəliyə vermişdir. İlk vaxtlar hər şey yaxşı idi. Mənzil satıldıqdan sonra bütün bu hadisələr baş verməyə başladı. İddiaçıdan mənzilin onların adına keçirilməsini tələb etdilər. İddiaçı isə mənzili öz adın aldı. Bundan sonra Cavabdeh1 mülkləri iddiaçının əlindən almaq üçün plan qurmağa başlayıb. O iki yolu nəzərdə tutub, ya anasına dəli adı qoymaqla, ya da ona əxlaqsız damğası vurmaqla mülkləri onun əlindən almağa çalışır. Cavabdeh1 bildirir ki, anası qardaşını həbs etdirməyə çalışır. Belə ki, iddiaçının keçmiş həyat yoldaşı ilə oğlu onu döyüblər. Bununla bağlı Nərimanov Rayon Məhkəməsində Vəli barəsində 1000 manat cərimə tətbiq edilmişdir. Bu zaman onun tərəfindən şikayət verilmiş, iş apellyasiya məhkəməsində olduğu zaman iddiaçı ona yalvarmış və ağlamışdır ki, şikayətini geri götürsün. O da onun xahişinə görə şikayətini geri götürmüşdür. Məhkəmə iclasında da bunu bildirərək, Vəlidən anasından üzr istəməsini və onun xahişi əsasında şikayəti geri götürdüyünü qeyd edib. O, şikayətini iddiaçının xahişi əsasında götürməsə idi, Vəli həbs olunacaqdı. Bu Ləmanın yalan danışdığını sübut edir. Cavabdeh1 anasını bellə döydüyünün şahidi olmuşdur. Onlar bununla bağlı görüntülər təqdim ediblər. Orada da anasına hücum etdiyi açıq şəkildə görünür. O ayın 29-da anasını öz evinə buraxmamışdır. İddiaçı onun ilə anasına zəng edərək, ondan yardım istəmişdir. 04 dekabr 2020-ci il tarixində onlar polis çağıraraq, analarının dəli olduğunu və onlara bıçaq çəkdiyini bildirmişlər. Bu zaman polis iddiaçının üzərində xəsarətlər olduğunu aşkar etmiş və bu xəsarətlərin səbəbini soruşmuşdur. Onlar analarını tələyə salmaq istədikləri zaman özləri tələyə düşüblər. İddiaçıya çox haqsızlıqlar edilib. İddiaçı ilə aralarında ailə, dost münasibəti vardır. Cavabdeh1 mülkü ələ keçirmək üçün sevgili məsələsini ortaya atmışdır. O digər məhkəmələrə anasının açıq şəkillərini təqdim etmişdir. Onlar analarına işgəncə veriblər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X4 ilə X10 birgə nikahından 3 uşağı olmuşdur. Onlar arasındakı nikah xx.xx.2022-ci il tarixində pozulmuşdur. Övladları ilə münasibətləri normal olsa da, son bir il ərzində pisləşmiş, iddiaçı hər üç övladı barədə cinayət işi başlanması üçün müvafiq qurumlara müraciət etmişdir. İddiaçı ittiham aktı, ekspert rəyi, məhkəmə qətnaməsi, foto və video yazılara istinad edərək övladlarının ona qarşı dəfələrlə psixoloji və fiziki təzyiqlər etdiyini bildirir və bu səbəbdən onların ləyaqətsiz vərəsə hesab edilmələrini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Bu baxımdan, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq ləyaqətsiz vərəsə elan edilməsi üçün miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətlər deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə mümkündür. Hazırki iş üzrə iddiaçı cavabdehlərin onu döydüyünü iddia etsə də və bunu təsdiq edən hal kimi ekspert rəylərinə, fotoşəkillərə və video yazılarına, inzibati tənbeh tətbiq etmə haqqında qərara istinad etsə də, bu halların onun, miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törətmək məqsədi daşıdığını və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı törədildiyini sübuta yetirə bilməmişdir. Göstərilən hallar isə öz növbəsində iddiaçının istinad etdiyi faktiki halların iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən normaların dispozisiya şərtləri ilə uyğun olmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması üçün Mülki Məcəlləsinin 1137 və 1139-cu maddələrində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ləyaqətsiz vərəsə elan edilmə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş əsasların olmaması səbəbindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ləyaqətsiz vərəsə sayılmaları barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ləyaqətsiz vərəsə sayılmaları barədə tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1032/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1032/2023
12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver