Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1036/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin işçinin tələbi ilə xitam olunmuş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində qeydiyyata alınmasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 2022-ci il tarixdə Cavabdeh MMC-də satıcı vəzifəsində çalışmışdır. O, bir müddət işlədikdən sonra isə işdən çıxmaq istədiyini rəhbərliyə bildirsə də, o qarşılığında ona “indi çıxma işdən qardaşım rəhmətə gedib “İran Respublikasına” gedib gəlim nə lazımdırsa edək” deyərək razı salmışdır. Cavabdeh MMC rəhbəri Mohammad Pashmineh “İran Respublikasına” gedib bir daha geri qayıtmamışdır. 2022-ci il tarixdən onun adı Cavabdeh MMC-də satıcı vəzifəsində göstərilir. O, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə müraciət etsə də, onlar onu çağırmamışlar. Daha sonra onu bildirdilər ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. O, yaranan bu problemə görə başqa heç bir yerdə işləyə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq izahat verərək bildirmişdir ki, mağazada satıcı vəzifəsində işləyirdi. Bir müddət işlədikdən sonra mağazanın rəhbərliyinin problemi yaranmış, 2024-cü ilin yay aylarında yasa getmək adıyla getmiş, bir daha geri dönməmişlər. Onlar geri dönmədikləri üçün mağazanı bağlamaq məcburiyyətində qaldılar. Onlar burada qaldıqları müddətdə ona əmək haqqı ödənilirdi. Rəhbərlik İrana gedəndən 1 ay sonra onlarla əlaqə saxlaya bilmədiyi üçün mağazanı bağladı. Hazırda əmək müqaviləsinə xitam verilmədiyi üçün yeni işə düzələ bilmir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciət ilə əlaqədar qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədi ilə ünvanınıza (ünvan 1ömrəli, xx.xx.2024cü il tarixli məktub göndərilmiş, lakin iştirak təmin olunmamışdır. Eyni zamanda Cavabdeh MMC-nin ünvanına (AZ1033, ünvan 2 3-17-5/2-46946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinizin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X3 Xidmətinə həvalə edilməlidir; - Mygov.az sistemindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır; - Ədliyyə Nazirliyi Ölkənin Mülklər və X1, Təbriz şəhərinin 242 saylı rəsmi dövlət notariat kontorunun etibarnaməsindən görünür ki, X2 tərəfindən Cavabdeh MMC-nin fəaliyyətinin dayandırılması və digər məsələlər üzrə səlahiyyətlər İddiaçı etibar edilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “satıcı” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı qeyd edilən şirkətlə hər hansı bir əmək münasibətlərinin qalmadığını, əmək münasibətlərinin pozulduğunu əsas gətirərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir müraciətə cavab verilməmişdir. Müfəttişliyin də müvafiq cavab məktubundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1036/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1036/2025
17.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver