Məhkəmə qərarları › İş №2(005)-1040/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1040/2022

27.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1040/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı "xxxx" ASC-dən 2021-ci ilin yanvar ayından bu günə kimi, yəni 12 ay üçün iddiaçıya ödənilməmiş 576 manat (12 x 48=576) pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi, habelə hər ay 48 manat olmaqla bu müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 9043/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası təmin olunmaqla cavabdeh "xxxx" ASC-dən 75 ay ərzində, hər ay 48 manat olmaqla almadığı, cəmi 3600 manat (75x48) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. İddiaçı bildirir ki, 1975-cı ildən işlədiyim bu zavodda əmək şəraiti çox ağır olmuş, sexlər tozlu, isti, işlətdiyi əmək alətləri insan sağlamlığına ziyanlı olmuşdur. Zavodda kəsici-capıcı (obrubşik) peşəsində işləmişdir. 1987-ci ildən İİİ qrup əmək əlilidir. Həmin dövrdən başlayaraq sağlamlığına dəyən ziyana görə müavinət almışdır. Son hesablamalardan sonra 98 manat müavinət almışdır. 2011-ci ildən zavod rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılığa gəlmişdilər ki, zavod əlillərin müavinətlərinin 50 manatnı Nazirlik tərəfindən ödənilsin, qalan 48 (98-50=48) manatı zavod ödəməyə söz vermişdir. 2014-cü ilin oktyabr, noyabr, dekabr ayları istisna olmaqla, hər ay 48 manat almışam. Lakin, 2015-2020-ci illər ərzində 75 aydır ki, zavod tərəfindən iddiaçıya 48 manat olmaqla, cəmi 3600 manat pul ödənilməmişdir. İddiaçıya məhkəmə tərəfindən ödənilməsi qət edilmiş, məbləğ ödənilsə də, cavabdeh müəssisə davam edən münasibətlər üzrə sonrakı ödənişləri həyata keçirməkdən yenidən imtina etmişdir. Bunu da onunla izah etməyə cəhd etmişdir ki, məhkəmə qərarını icra etmişdir, orada isə iddiaçıya cəmi 3600 manat ödənilməsi qət edilmişdir. Bundan sonrakı ödənişləri həyata keçirmək üçün, yeni məhkəmə qərarı çıxarılmalıdır. Bu cavab nə qədər absurd olsa da, iddiaçı cavabdehi 48 manat müavinətin ödənilməsinin davam etdirilməsinə borclu olduğuna inandıra bilməmişdir. Belə olan halda iddiaçı yenidən məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci ilin yanvar ayından bu günə kimi 12 ay üçün ödənilməmiş 576 (48x12) manatın da iddiaçıya ödənilməsi, habelə hər ay 48 manat olmaqla bu müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını tələb etmək zərurətində qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9043/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası təmin olunmaqla cavabdeh "xxxx" ASC-dən 75 ay ərzində, hər ay 48 manat olmaqla almadığı, cəmi 3600 manat (75x48) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9043/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o "Bakı Elektriktökmə” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1987-ci ildən peşə xəstəliyi ilə əlaqədar 60% əmək qabiliyyətini itirmişdir və İİİ qrup əmək əlilidir. Müavinətin təyin edilməsi barədə sənədlərin surətindən görünür ki, iddiaçı ərizə ilə müraciət edərək, aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə xx.xx.2012-ci il tarixindən aylıq müavinətin təyin edilməsini xahiş etmiş, bu barədə müqavilə bağlanmışdır. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarı ilə iddiaçıya 50 manat müavinətin verilməsi müəyyən edilmişdir. DSMF-nin Suraxanı rayon şöbəsinn verdiyi 3296 saylı 27 mart 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı DSMF Suraxanı rayon şöbəsindən 55 manat müavinət alır. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı 1987-ci ildən İİİ qrup əmək əlilidir, 60% əmək qabiliyyətini itirmişdir, bu əsasla sağlamlığına dəyən ziyana görə 98 manat ödənc almış, 48 manatını əvvəllər işlədiyi müəssisə olan “Bakı Elektriktökmə" ASC ödəmiş, 2012-ci ildən etibarən isə 55 manat DSMF-nin Suraxanı rayon şöbəsindən almışdır. İddiaçı 2021-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdeh ASC-dən 75 ay*48=3600 manat pulun onun xeyrinə tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə mahiyyəti üzrə baxan Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etmiş, 3600 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçı həmin borc məbləğinin ödənildiyini, lakin sonrakı ödənişlərin edilməyini bildirir. Bu səbəbdən də hazırda iddiaçı 2021-ci il yanvar ayından ödənilməyən pul məbləğinin tutulması ilə yanaşı, aylıq ödənişlərin bundan sonrakı aylar üçün də ardıcıl olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakı qanunvericilik müddəalarını əsas götürür: Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1 -ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə - 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə - 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə - 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat; həlak olduqda - 77 manat) verilir (bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Mülki işin materiallarından aydın olur ki, iddiaçı 1987-ci ildən İİİ qrup əmək əlilidir, 60% əmək qabiliyyətini itirmişdir, bu əsasla sağlamlığına dəyən ziyana görə 98 manat ödənc almalıdır. Həmin ödəncin 48 manatını əvvəllər işlədiyi müəssisə olan “Bakı Elektriktökmə" ASC ödəməli, 2012-ci ildən etibarən isə 55 manat DSMF-nin Suraxanı rayon şöbəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhlkəməsinin qətnaməsini icra edən cavabdeh sonrakı ödənişləri verməkdən boyun qaçırır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Bakı "xxxx" ASC-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq İddiaçı ödənilməli, habelə qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı "xxxx" ASC-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar