Məhkəmə qərarları › İş №2(005)-1052/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1052/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1052/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsinə qarşı «doğum faktının tanınması» tələbi ilə bağlı işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum faktının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 1913-cü ildə Şağan kəndində doğulması, soyadının Dadaşov adının Bağır ata adının Baladadaş oğlu olması, milliyətin azərbaycanlı olması, anası X1 1918-ci ildə Şağan kəndində doğulması, soyadının Dadaşova adının, Nuşaraf ata adının Mirzədadaş qızı olması, milliyətin azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Ərizəçinin tələbi nəticə etibarı ilə doğum faktının müəyyən edilməsi tələbidir. Belə olan halda qeyd olunan ərizədə ərizəçi valideynlərinə doğum faktının müəyyən edilərək yeni doğum akt qeydlərinin verilməsini təmin etməkdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, 4 saylı qərarının 9.1 bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçi atası X2 1913-cü ildə Şağan kəndində doğulması, soyadının Dadaşov adının Bağır ata adının Baladadş oğlu olması, milliyətin azərbaycanlı olması, anası X1 1918-ci ildə Şağan kəndində doğulması, soyadının Dadaşova adının, Nuşaraf ata adının Mirzədadaş qızı olması, milliyətin azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının tanınması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsi qarşı «doğum faktının tanınması» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar