Məhkəmə qərarları › İş №2(005)-1053/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1053/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1053/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı2 oğlu və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli müqavilələrə uyğun olaraq, onlara Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən 77A saylı fərdi yaşayış evi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş çıxarışa əsasən onların paylı mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan da müəyyən olunur ki, qeyd olunan 77A saylı fərdi yaşayış evi 1972ci ildə inşa edilməklə ümumi sahəsi 66,8 kv.m olan 3 yaşayış otağından ibarət olmaqla, evin torpaq sahəsi 108,1 kv.m tikintialtı torpaq sahəsi isə 82,5 kv.m-dir. Həmin evi ailəsi 1996-cı ildə almış və həmin vaxtdan orada yaşamışlar. Həmçinin Bakı şəhəri 38 saylı MKİS tərəfindən tərtiib edilmiş sexmdən də müəyyən olunur ki, 77A saylı fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsi 26 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə əsasən bütün sənədləri MMC-yə təqdim etmişlər. MMC nümayəndələri tərəfindən yaşayış evi və torpaq sahəsinin ərazi ölçülmüş, sonuncu razılaşmaya əsasən ümumi sahəsi 66,8 kv.m olan, hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m torpaq sahəsi olan fərdi yaşayış evinin MMC-yə verilməsi nəticəsində həmin ərazidə yeni tikiləcək binada ümumi sahəsi 94.10 kv.m və 45 kv.m olan 2 tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqı bağlanmaları, habelə binada mənzil təhvil verilən günədək hər ay hər birinə 350 manat kirayə məbləğinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, sahəsi 94,10 kv.m olan mənzil yeni tikiləcək 2-ci binanın 9-cu mərtəbəsində, yaşayışın isə 7-ci mərtəbəsinə, sahəsi 45,6 kv.m olan isə birinci binanın 11-ci (yaşayışın 9-cusu) mərtəbəsində olmalı və MMC tərəfindən tam təmir edilmiş vəziyyətdə təhvil verilməli idi. Onlar isə ona həmin 45,6 kv.m mənzili 1-ci binanın 4cü (yaşayışın 2-ci) mərtəbəsində verəcəklərini bildirdilər. Məhz bu razılaşmalar nəzərə alınaraq paylı mülkiyyətlərində olan 77A saylı fərdi yaşayış evini boşaldaraq MMC-yə təhvil verilmiş, özləri isə kirayədə yaşamağa başlamışlar. Binanın tikintisi bitəndən sonra Cavabdeh MMC rəhbərliyi müqavilə öhdəliklərini icra etməkdən süni surətdə yayınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək, birgə iddiaçılar cavabdeh şirkətlə bağlanan müqavilələr üzrə öhdəliklərin icrasına dair hissədə qeyd edirlər ki, müqavilə üzrə birgə iddiaçıların üzərinə düşən öhdəliklər tam şəkildə icra edilsə də, cavabdeh şirkət müqavilə öhdəliklərinə əməl etmir və birgə iddiaçılara ümumi sahəsi 45 kv.m. olan mənzili verməkdən müxtəlif bəhanələrlə yayınmağa cəhd edir. Lakin işin halları onu deməyə əsas verir ki, müqavilə öhdəliklərini cavabdeh yox, birgə iddiaçılar icra etməmişlər. RR Constructions” MMC ilə İddiaçı2 arasında 06 mart 2020-ci il tarixli 01061K nömrəli müqavilə və Cavabdeh MMC ilə digər İddiaçı1 arasında 06 mart 2020-ci il tarixli 01062K nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilələr mahiyyət etibarilə öhdəliklərin qarşılıqlı icrasına əsaslanır. Belə ki, sözügedən müqavilələr üzrə birgə iddiaçılar 2 əsas öhdəliyi üzərlərinə götürmüşlər: 1) müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində evi boşaldılaraq Layihə İcraçısına təhvil vermək və 2) müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri layihə icraçısına təqdim etməli idi. Məhz birgə iddiaçılar tərəfindən yuxarıda qeyd edilən hər 2 şərt tam şəkildə icra edildiyi təqdirdə, cavabdeh 2 öhdəliyi icra etməyi öhdəsinə götürmüşdür. Payçıların hər birinə ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kv.m. və 45.60 kv.m. olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqi-satqısi haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və 2) yaşayış evinin kirayəiənməsi üçürr hər ay 350 manat (ümumi kirayə haqqının) miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi: Birgə iddiaçılar onlara məxsus evi boşaldaraq Layihəçiyə təhvil versələr də, müqavilə üzrə digər öhdəliyi, yəni müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri Layihə İcraçısına təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Birgə iddiaçılar iddia ərizəsində də göstərdikləri kimi ancaq Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanında yerləşən 77A saylı, ümumi sahəsi 66.8 kv.m. olan fərdi yaşayış evinə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışlar. Tikintialtı torpaq sahəsinin 82.5 kv.m., boş həyətyanı sahənin 26 kv.m. olduğunu (ümumi torpaq sahəsi 108 kv.m.) bildirsələr də, həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədlərinin olmadığını və bu sənədlər olmadığı üçün həmin sənədlərin cavabdeh şirkətə təqdim edilmədiyini iddia ərizəsində etiraf edirlər. Bu fakt bir daha onu təsdiq edir ki, birgə iddiaçılara mülkiyyət hüququ əsasında yalnız ümumi sahəsi 66.8 kv.m. olan fərdi yaşayış evi məxsus olmuşdur. Birgə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və birgə iddiaçıların daha əvvəl istifadə etdiyi 108 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.61 ha torpaq sahəsi ünvan 2 ünvanlarında yerləşən binaların və onlara bitişik fərdi yaşayış evlərinin sökülməsi, yenidən layihələndirilməsi və tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 2019-cu il tarixli 250 №-İi sərəncamri əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir və "xxxx" MMC torpaq sahəsinin icarəsinə görə hər il Bakı şəhər İcra Hakimiyyətinə 46414 (qırx altı min dörd yüz on dörd) manat icarə haqqı ödəyir. Şərh edilənlər onu deməyə imkan verir ki, ilkin müqavilələr üzrə birgə iddaçıların üzərlərinə götürdükləri öhdəliklər onlar tərəfindən tam şəkildə icra edilməmişdir. Birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. Yəni, "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, başqa sözlə 45.60 kvm mənzili tam haqlı olaraq birgə iddiaçılara verməmişdir. Birgə icraçılara təqdim edilən ümumi sahəsi 94,10 kv.m olan mənzilə dair qeyd edilmişdir ki, müvafiq mənzil, yəni ünvan 3 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 təhvil verilmişdir. Həmin tarixdən etibarən birgə iddiaçılar həmin mənzildə yaşayırlar və kommunal ödənişləri edirlər. Bu faktı iddia ərizəsinə əlavə edilən çıxarış və Nərimanov-30 MMMC tərəfindən təqdim edilən arayış da təsdiq edilir. Arayışda həmin şəxslərin sözügedən mənzildə yaşadığı və 2022-ci ilin 7 ayı və 2023-cü ilin 2 ayı üzrə kommunal ödənişləri etdiyi əks olunmuşdur. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, pilot layihələrdə mənzilin ümumi kvadratmetrinin 20 faizi qədər əlavə mənzil həmin sakinlərə verilməlidir. Lakin, "xxxx" MMC tərəfindən birgə iddiaçılara onlara mülkiyyət hüququ əsasında məxsus olan 66,8 kv.m əvəzində 20 % yox, əlavə 41 %, yəni 94,10 kv.m mənzil verilmişdir. Birgə iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş NRİH başçısının təqdim etdiyi cavab məktubunda qeyd edilmişdir: “əlavə hissəyə dair hüquq müəyyənedici sənədlər təqdim edilmədiyi üçün tikinti şirkəti, yalnız 66,8 kv.m çıxarışla olan hissənin əvəzinə, 94,10 kv.m yeni mənzil verilmişdir. Göründüyü kimi, iddiaçılar yalnız çıxarış əsasında onlara məxsus olmuş 66,8 kv.m əraziyə dair hüquq müəyyənedici sənədi şirkətə təqdim etmişlər. Cavabdeh şirkət tərəfindən birgə iddiaçılara 9 sentyabr 2021-ci il tarixində və 16 sentyabr 2021-ci ildə xəbərdarlıqlar göndərilmişdir və həmin xəbərdarlıqlar birgə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin xəbərdarlıqlardan da göründüyü kimi, tərəflər arasındakı müqavilənin qüvvəyə minməsindən 18 ay keçməsinə baxmayaraq, iddiaçılar tərəfindən yalnız fərdi yaşayış evinin ümumi sahəsi 66.8 kv.m olan hissəsinə dair çıxarış şirkətə təqdim edildiyi və 41.2 kv.m. əraziyə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün şirkət həmin əraziyə dair müvafiq sənədlərin təqdim edilməsi üçün əlavə vaxt vermiş, həmin vaxt ərzində müvafiq hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi halda iddiaçılara yalnız 94.10 kv.m mənzil veriləcəyi bildirilmişdir, lakin həmin vaxt ərzində iddiaçılar həmin öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Maddi normanın tələbindən də göründüyü kimi, mülki qanunvericilik öhdəliyin icrası üçün qarşı tərəfə (birgə iddiaçılara) əlavə müddət vermiş tərəfi, indiki halda "xxxx" MMC-ni müqavilədən imtina etmək kimi hüquqla təmin edir. Birgə iddiaçılar müqavilə üzrə onlara təqdim ediləcək mənzillərin yeni tikiləcək binanın müvafiq olaraq 7-ci və 11-ci mərtəbəsində veriləcəyini bildirsələr də, bununla bağlı ilkin müqavilələrdə hər hansı şərt nəzərə tutulmayıb və buna görə iddiaçıların bu tələb də əsassızdır. İddia tələbinin bir qismini “mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi” tələbi təşkil edir. Birgə iddiaçılar evi təhvil verdiyi gündən hesablanmaqla, yəni 2020ci ilin mart ayından etibarən 2021-ci ilin noyabr ayına qədər hər bir iddiaçıya 350 manat olmaqla, aylıq 700 manat kirayə haqqı tərəfimizdən ödənilmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçılara ümumilikdə 14580 (on dörd min beş yüz səksən) manat kirayə haqqı ödənilmişdir. Birgə iddiaçılarla bağlanan ilkin müqavilələrin şərtinə əsasən şirkət 2021-ci ilin noyabr ayında birgə iddiaçılara ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir Və buna görə də müqaviləyə uyğun olaraq kirayə haqlarının verilməsi dayandırılmışdır. 2-ci mənzilin birgə iddiaçılara verilməməsi isə yuxarıda da şərh edildiyi kimi, birgə iddiaçıların müqavilə öhdəliklərini tam icra etməməsinə görədir və buna görə də onlara kirayə haqqının ödənilməsinin davam etməsi tələbi tamamilə absurddur. İddia ərizəsində göstərilmişdir ki, evin altında olan, həmçinin həyətyanı sahəyə aid olan torpaq sahəsi iddiaçıların istifadəsində olduğu üçün həmin ərazi də torpaq qanunvericiliyinə əsasən onların mülkiyyəti sayılmalıdır. İndiki halda, birgə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və birgə iddiaçıların daha əvvəl istifadə etdiyi 108 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.61 ha torpaq sahəsi ünvan 2 ünvanlarında yerləşən binaların və onlara bitişik fərdi yaşayış evlərinin sökülməsi, yenidən layihələndirilməsi və tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 2019-cu il tarixli 250 №-li sərəncamı əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, birgə iddiaçılar İddiaçı2 və Rzayev Anär Zal oğlu Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin” icra edilməsi və paylı mülkiyyət hüququ ilə onlara məxsus daşınmaz əmlak hüquqlarının müdafiəsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə etirazın mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən mənzil ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportuna əsasən ünvan 4 ünvanda yerləşən yaşayış evlərinin texniki göstəricələri 66,8 kv.m (yaşayış sahəsi 47,6 kv.m, köməkçi sahəsi 19.2 kv.m) təşkil edir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X3 bildirilmişdir ki, Ədliyyə Nazirliyinə etdiyi müraciətə baxılmış və müraciətdə göstərilən məsələnin həlli nazirliyin səlahiyyətinə aid olmadığından, bununla bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 6 ünvanda yerləşən yaşayış evinin "xxxx" MMC tərəfindən sökülüb yeni yaşayış sahəsi ilə təmin olunması barədə tərəflər arasında bağlanılmış müqavilə öhdəliklərinə adı çəkilən MMC tərəfindən əməl olunmaması bağlı müvafiq tədbirlərin görülməsi barədə AR Baş Prokurorluğundan daxil olmuş müraciətə baxılmış və nəticəsi barədə məlumat verilməsi üçün Nərimanov Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, vətəndaş Zal Rzayevin məktubuna baxılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən, paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus olan (hər birinə ½ hissəsi), çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evinin əvəzinə həmin ərazidə yeni inşa ediləcək binada 94.1 kv.m və 45.6 kv.m olan 2 tam təmirli mənzilin verilməsinə dair mülkiyyətin payçıları ilə sifarişçi tikinti təşkilatı "xxxx" MMC arasında ilkin müqavilələr bağlanmışdır. Bu müqavilələrin şərtlərinə görə paylı mülkiyyət sahibləri notariat qaydasında alqısatqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədləri sifarişçi tikinti şirkətinə təhvil verməlidir. Lakin əlavə hissəyə dair hüquqmüəyyənedici sənədlər təhvil verilmədiyi üçün tikinti şirkəti yalnız 66,8 kv.m çıxarışla olan hissənin əvəzinə, 99,1 kv.m yeni mənzil vermişdir. Məsələnin həlli ilə bağlı aidiyyatı qaydada məhkəmə orqanlarına müraciət etməsi vətəndaşa tövsiyə olunmuşdur. "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə əsasən: Ç) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən, paylı mülkiyyətçi, sökülməli olan ərazidə - ünvan 8 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisidir; D) Layihə icraçısı ½ hissəsi paylı mülkiyyətçiyə məxsus olan evin söküntüsü zonasına düşməsini nəzərə alaraq, evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi və notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyən edici sənədlərin Layihə icraçısına verilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, Paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsi bağlamağa razıdır; 1.1-ci maddəsinə əsasən Bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu ilkin müqavilənin “Ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas Alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi və bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, Yeni mənzillərin ½ hissəsinin Layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürür. 1.2-ci maddəsinə əsasən bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Layihə icraçısı birtərəfli qaydada bu İlkin müqaviləyə xitam verir. Bu halda Paylı mülkiyyətçiylə yeni tikiləcək binada ümumi sahələri 94.10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqısatqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas Alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 (üç yüz əlli) manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə verilməsi üzrə Layihə icraçısının öhdəliklərinə də xitam verilir. 1.3-cü maddəsinə əsasən, paylı mülkiyyətçi bü ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, Paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas Alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anma Paylı mülkiyyətçi tərəfindən Layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. 1.4-cü maddəsinə əsasən, Layihə icraçısı, Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu İlkin müqavilənin qüvəyyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, Paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kvadrat metr və 45.60 kyadrai metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1\2 hissəsinin alqısatqısı haqqında əsas Alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Paylı mülkiyyətçi bu İlkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş Evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini Layihə icraçısından tələb edə bilər. 09 sentyabrp 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı2 və İddiaçı1 müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyi əks təqdirdə aralarında bağlanmış ilkin müqavilənin şərtlərinin, faktiki təqdim edilən hüquq müəyyənedici sənədlərlə yenidən müəyyən edilməsi tələbilə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" MMC-yə göndərilən pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı2 və İddiaçı1 onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, habelə onlara yeni yaşayış binasında verilməli olan mənzillərin və kirayə haqlarının məhkəmə qaydasında təhvil verilməsi, həmçinin hüquqi xidmətləri görə çəkilən xərclərin və iddianın məhkəməyə verilməsi üçün ödəniləcək dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar edilmişdir. Azərbayan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 109 saylı Sərəncamına əsasən V.Mayakovski küçəsi 8/9 və 10 nömrəli beşmərtəbəli binaların həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədilə müvəqqəti hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə icazə verilmişdir. Müxtəlif tarixli kassa məxaric orderlərinindən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçılara aylıq cəmi 700 manat məbləğində kirayə haqqı ödənişi həyata keçirilmişdir. Nərimanov-30 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin arayışından görünür ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 2 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşayırlar. İddiaçı2 tərəfindən həmin mənzildə kommunal xidmətlərdən istifadəyə görə mütəmadi olaraq (2022-ci ilin yanvar, may, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları 2023-cü ilin yanvar və fevral ayları üzrə) ödənişlər edilmişdir. xx.xx.2023-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçılar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə görə, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan ünvan 8 ünvanında ümumi sahəsi 66,8 kvm müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evini "xxxx" MMC-yə təhvil vermiş, müqavilədə əks olunmuş şərtlərə əsasən, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqısatqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas Alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi və bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, Yeni mənzillərin ½ hissəsinin Layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda iddiaçılar RR Constructions” tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsini tələb edir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 2 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud olmamışdır. Bu səbəbdən iddia tələbi Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin iddiaçılara təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv.m olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv.m olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi bü ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, Paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas Alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına Paylı mülkiyyətçi tərəfindən Layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd) Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri Layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv.m sahənin hüquqmüəyyənedicə sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla hesab edir ki, iddia tələbinin «11ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1 Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45.60 kvm mənzili birgə iddiaçılara verməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Göründüyü kimi iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsinin onlara məxsus olmasının təsdiq edən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbinin “kirayə haqqı” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan, eləcə də iddiaçıların məhkəmə proseslərində izahatından görünür ki, iddiaçılar 2021-ci ilin 27 dekabr tarixindən ünvan 2 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşayırlar. Müqavilə öhdiyinin digər hissəsi isə cavabdeh tərəfindən deyil, iddiaçılar tərəfindən icra edilməmişdir. (41,2 kv.m sahənin hüquqmüəyyənedicə sənədlərinin təqdim olunması halında 45,60 kv.m olan digər mənzilin verilməsi) Bu səbəbdən cavabdeh "xxxx" MMC-dən kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar