Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1078/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətin əvəzi olaraq kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətin əvəzi olaraq kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bağlanmış əmək müqavilələri əsasında işlədiyi 10 il müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixli, 17/14 saylı əmrlə Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 3 saylı Respublika internat məktəbinə müvəqqəti 1,0 vahid stajı ilə aşbaz işinə işə qəbul edilmişdir. Daha sonra cavabdeh "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli, JR-09 saylı əmri ilə xx.xx.2013-cü ildən həmin şirkətə aşbaz vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-ci il tarixli, TR-51 saylı əmrlə AR ƏM-nin 73-cü maddəsinə (müqavilənin müddətinin bitməsi ilə əlaqədar) əsasən xx.xx.2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli, JR-87 saylı əmri ilə xx.xx.2014-cü il tarixdən şirkətə aşbaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixli, TR-181 saylı əmrlə AR ƏM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən işdən azad edilmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli, TR-221 saylı əmri ilə xx.xx.2015-ci il tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixli TR- 357 saylı əmri ilə AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2016-ci il tarixli, TR-407 saylı əmri ilə xx.xx.2016-ci il tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2017cı il tarixli, K-119 saylı əmri ilə AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2017-ci il tarixli, K/217 saylı əmri ilə həmin tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2018-cı il tarixli, K-165 saylı əmri ilə AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, K/257 saylı əmri ilə xx.xx.2018-ci il tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2019-cı il tarixli, K-145 saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2019-ci il tarixli, K/217 saylı əmri ilə xx.xx.2019-ci il tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2020-cı il tarixli K-lll saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, K/157 saylı əmri ilə həmin tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2021-cı il tarixli, K-02 saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, K/23 saylı əmri ilə həmin tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2021-cı il tarixli, K/84 saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, K/87A saylı əmri ilə həmin tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, K/117 saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, K/229 saylı əmri ilə xx.xx.2022-ci il tarixdən aşbaz işinə qəbul edilmiş, xx.xx.2022-cı il tarixli, K/294 saylı əmri ilə həmin tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin tələblərinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC-də aşbaz işinin icra edilməsi üçün onunla hər il ildə bir dəfə olmaqla 11 əmək müqaviləsi bağlanmış, müqavilənin hər birinin müddəti 9 aydan artıq olmamışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən tərəflər arasında bağlanmış əmək müqavilələri əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilədək olan illər üzrə ödənilməmiş illik məzuniyyət haqqı (250 manatdan hesablanmaqla) 1650 manat və xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilməmiş illik məzuniyyət haqqı (300 manatdan hesablanmaqla) 1200 manat, cəmi 2850 manat kompensasiya cavabdehdən alınaraq ona ödənilməsi, eyni zamanda məhkəmədən tələb olunan sübutu üzürsüz səbəbdən məhkəməyə təqdim etməməsini və bununla da 1 ay müddətində baxılmalı olan əmək mübahisələrindən irəli gelən mübahisəyə baxılma müddəti üzürsüz səbəblərdən uzadılmasına şərait yaratdığına görə cavabdehin 2000 manat məbləğində cərimə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsi ilə məhkəməyə qanunla müəyyən edilmiş 1 illik iddia müddəti keçdikdən sonra müraciət edildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Bunları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; Sosial arayışdan görünür ki, İddiaçı 2013-cü il tarixdən 2022-ci il tarixədək Cavabdeh MMC-də işləmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, K/229 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən şirkətdə aşbaz vəzifəsinə işə qəbul edilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, K/294 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı şirkətin aşbaz vəzifəsindən xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; İddiaçı əmək haqqı ödənişləri qrafikindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və ona son haqq hesab olaraq 151,74 manat ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC ilə əmək müqavilələri bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. Tərəflər arasında bağlanmış sonuncu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona istifadə edilməmiş əmək məzuniyyət haqqının hesablanaraq verilmədiyini bildirir. Cavabdeh MMC-nin nümayəndəsi isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürdüyünü bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Məhkəmə ilk olaraq tərəflər arasında bağlanmış sonuncu əmək müqaviləsi üzrə məzuniyyət pulunun ödənilməsi tələbinə münasibət bildirməyi zəruri hesab edir. Göründüyü kimi tərəflər arasında sonuncu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, yəni tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında əmək münasibətləri 2 ay 13 gün çəkmişdir. Lakin Əmək Məcəlləsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Göründüyü kimi iddiaçı son əmək müqaviləsi üzrə cavabdeh şirkətdə 6 aydan az işlədiyindən onun əmək məzuniyyətindən istifadə etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 131-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Məhkəmə iddia tələbinin sonuncudan əvvəl bağlanmış əmək müqaviləsi üzrə məzuniyyət pulu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilən zaman iddiaçıya son haqqı-hesab olaraq 151,74 manat məbləğində ödəniş edilmişdir. Bununlada məhkəməyə aydın olur ki, həmin müqavilə üzrə məzuniyyət pulu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən əvvəl bağlanmış əmək müqavilələrinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqavilələri üzrə Cavabdeh MMC-də aşbaz vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdən əvvəlki əmək müqavilələrinə işəgötürənin müvafiq əmrləri ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əmək haqqının hesablanıb ödənilməsi barədə hüquqlarının pozulduğunu bilən iddiaçı bu pozuntunu bildiyi və ya bilməli olduqları vaxtdan 1 il müddətində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçılar İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, həmçinin sonuncu əmək müqaviləsi üzrə məzuniyyət hüququ yaranmadığından, eyni zamanda sonuncudan əvvəlki əmək müqaviləsi üzrə son haqq-hesab ödənildiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətin əvəzi olaraq kompensasiya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətin əvəzi olaraq kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1078/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1078/2023
29.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver