Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1088/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 15-ə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsinə əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 15 ona məxsusdur. Həmin fərdi yaşayış evi atası X11 tərəfindən xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona hədiyyə verilmişdir. Cavabdeh bacısı X4 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 15-də qeydiyyatdadır. Cavabdeh iyirmi ilə yaxındır ki, X5 ilə 2002-ci ildə ailə quraraq öz evində, ünvan 1 ünvanında yaşayır. Onun hazırda Bakı, şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən evlə hər hansı bağlılığı yoxdur, həmin evdə hər hansı əmlakı və ya əşyası yoxdur, həmin evdən istifadə etmir və özünün başqa daimi yaşayış yeri var. Lakin cavabdeh başqa yerdə yaşasa da, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin mənzildəki qeydiyyatı formal xarakter daşıyır və mənzildə qeydiyyatda olması iddiaçıya əlavə problemlər yaradır. Cavabdehin ona məxsus həmin mənzildən qeydiyyatdan çıxarılması üçün müvafiq orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh daimi yaşamaq üçün köçdüyü vaxtdan mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin mənzilə istifadə hüquqları yarandığı vaxt mənzilin mülkiyyətçisi iddiaçının atası X11 olmuşdur. Atası həmin mənzili xx.xx.2018-ci il tarixdə iddiaçıya bağışladığı üçün cavabdehlə o yeni hüquq münasibətlərinə daxil olmuşdur. Cavabdeh İddiaçı bacısı olsa da, onun ailə üzvü deyil. Cavabdeh 2002-ci ildən mübahisəli mənzildən köçdüyü vaxtdan başqa mənzildə yaşayır və mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Cavabdehin hazırda yaşadığı ev onun daimi yaşayış yeridir. Cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmışdır və o, 2002-ci ildən mübahisəli mənzildən daimi yaşamaq üçün köçmüşdür, onun bu hüquqları köhnə Mənzil Məcəlləsinin müddəaları (87-ci maddə) baxımından itirilmiş hesab oluna bilər. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını, cavabdeh 2002-ci ildən ünvan 3 ünvanında yaşadığı və həmin evin onun daimi yaşayış yeri olmasını, eyni zamanda cavabdehin mülkiyyətində olan mənzillə hər hansı əlaqəsinin olmamasını nəzərə alaraq cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüquqları hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da itirilmiş hesab edilməlidir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı mənzildən təxminən 2002-ci ildən ailə quraraq köçmüşdür. Bundan əvvəl mübahisəli mənzildə yaşayırdı. Onun həmin mənzildən istifadə hüququ vardır, gəlin köçdükdən sonra ünvan 1 ünvanında yaşayıb, həmin ev isə qayınatasına məxsusdur. Özünün başqa yaşayış yeri yoxdur, hazırda Lökbatan qəsəbəsində kirayədə yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 15 nömrəli ümumi sahəsi 87.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 418 nömrəli reyestr kitabının 39213 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon MKTB 17 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 37/760 nömrəli, xx.xx.2020-ci il tarixli forma 2 arayışına əsasən İddiaçı (1987-ci ildən), X2 (1987-ci ildən), X6 (1987-ci ildən), X7 (2009-cu ildən) və X3 (2010-cu ildən) Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı mənzilində pasport qeydiyyatdadır; xx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətinə əsasən X2 (X11 əvəzinə) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı ümumi sahəsi 68.43 kv.m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 455421 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 ilə X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah 969 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 15 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, iddiaçı mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olmaqla orada yaşayır. Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh hazırda həmin evdə pasport qeydiyyatındadır, lakin mübahisəli mənzildə yaşamır, daimi əsaslarla bu mənzili tərk etmiş və nikaha daxıl olduqdan sonra başqa mənzildə yaşayırlar. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla da öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn itirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, cavabdeh yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə cavabdehin həmin evə istifadə hüququnun olması və onların pasport qeydiyyatında olmaları hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan cavabeh həmin mənzili daimi əsaslarla tərk etmiş və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Digər tərəfdən, xx xxxxxx 2018-ci il tarixində iş üzrə tərəflərin atası X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı fərdi yaşayış evini iş üzrə İddiaçı bağışlamışdır. Bu səbəbdən, İddiaçı mülkiyyətində olan evdə cavabdehin istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evdə istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evdə istifadə hüququ itirilmiş hesab edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1088/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1088/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver