Məhkəmə qərarları › İş №2(005)-1088/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1088/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1088/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Kamil qızının və Cavabdeh1nun iştirakı ilə, İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Kamil qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 19.06.2021-ci il tarixdə cavabdeh X1 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, bina 2a, mənzil 15 ünvanında yerləşən mənzil almışdır. Həmin mənzildə cavabdeh və ailə üzvü birgə yaşayırdılar. Daha sonra aralarında Bakı şəhər 51 saylı notariat ofisində 19.06.2021-ci il tarixli, AN-İ ******* nömrəli ‘'Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsi imzalayaraq, müqavilənin 11-ci maddəsində göstərildiyi kimi X2 19.07.2021-ci il tarixədək mənzili onun faktiki sahibliyinə verməsi barədə razılaşmışdılar. Lakin cavabdeh həmin tarixdən 6 ay keçməsinə baxmayaraq, hələ də mənzildən qeydiyyatdan çıxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirməkdən kobud şəkildə yayınmışdır. Cavabdehlərə tərəfindən dəfələrlə şifahi şəkildə, telefon vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, xüsusi mülkiyyətində olan mənzilindən və qeydiyyatdan çıxmayacağını bildirmişlər. O, qarşı tərəflə mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışmış, lakin cavabdehlər müqavilənin müvafiq maddələrində üzərinə götürdüyü öhdəlikləri pozaraq, mənzildən qeydiyyatdan çıxmırlar. Halbuki, alqı-satqı müqaviləsi ilə mənzili cavabdehdən satın almışdır. Cavabdehlər mənzil üzərində mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirməyinə kobud şəkildə maneə törədirlər. İddiaçı Kamil qızı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək qeydiyyatdan çıxarılmaya razı olduğunu, lakin qeydiyyata düşməyə yeri olmadığından bunun mümkünsülüyünü bildirdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında qeydiyyatdadılar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın ********** nömrəli, 22.06.2021ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında yerləşən əmlak 22.06.2021-ci il tarixdən İddiaçı Kamil qızının mülkiyyətindədir. 19.06.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı Kamil qızı arasında Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi imzalanmışdır. 19.06.2021-ci il tarixli Cavabdeh2 notarial təsdiq olunmuş ərizəsindən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında yerləşən mənzilin satılmasına və mənzildən istifadə hüququnun xitam verməsinə razıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19.06.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan əmlakı Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, 15 nömrəli mənzili İddiaçı Kamil qızına satmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı Kamil qızının adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, cavabdehlər hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından da aydın olur ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, mənzil 15 ünvanında qeydiyyatdadlar. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdehlər mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, 15 nömrəli mənzildə istifadə hüququna xitam verilməli, bu qətnamə pasport qeydiyyatından çıxarılma üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı Kamil qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 2a, 15 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar