Məhkəmə qərarları › İş №2(005)-109/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-109/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-109/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “İnteks" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İnteks" MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi cəlb edilməklə “öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “İnteks" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 iyun 2016-cı il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməsi; 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış 300 manat (üç yüz) aylıq kompensasiyanın mənzillə təmin olunana kimi Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 06 iyun 2016cı ildə "Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri" barədə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində deyilir: Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 (iki) otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur. Həmin Müqavilənin 7-ci bəndində göstərilir ki, tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. Həmin Müqavilənin 9-cu bəndində deyilir ki, Müqavilənin icrası nəticəsində yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə mübahisə həll olunmadığı təqdirdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq olunmaqla Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri qəsdən pozulur. Beləki, sökülən binanın yerindəki tiklən bina hazır olsa da, onlar hələ də mənzillə təmin olunmamışlar. Həmçinin artıq 3 (üç) aydır ki, nəzərdə tutlan 300 manat (üç yüz) kompensasiya ödənilmir. Bir neçə dəfə müraciət etməyinə baxmayaraq Şirkət öz öhdəliyini icra etməkdən yayınır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “İnteks" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də komitənin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 26 apreı 2016-cı il tarixli, 47 №-li Sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarını o cümədən Nizam, rayonunun sosıaliqtisadi inkişafına sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və Cavabdehn 15.04.2016-cı il tarixli 271 №-li müraciətini nəzərə alaraq, Nizami rayonu Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsindəki 2458-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçun torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır (1-ci b). Birinci tərəf “İnteks" MMC ilə İkinci tərəf İddiaçı arasında bağlanmış 06.06.2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri”nə dair müqavilədən görünür ki, Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 (iki) otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur (1.1-ci b). Tikinti işləri 31 may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşacaqdır (5-ci b). Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin 03.08.2021-ci il tarixli, 02/939 №-li məktubundan görünür ki, Bakı şəhəri Cavabdeh inşa etdiyi “Komfort yaşayış kompieksi”nin köhnə yeri olan Bakı şəhəri, ünvan 2 ünvanda istismar müddətini başa vurmuş, Pilot Layihəyə düşməsi səbəbindən sökülən qəzalı yataqxana binasında müvəqqəti məskunlaşan məcburi köçkünlər - X3 və İddiaçı ailə üzvləri ilə birlikdə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış yaşayış komplekslərindən mənzil təklif edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Müraciət ilə bağlı bildirilir ki, Cəbrayıl rayonundan məcburi köçkünlər - X2 cəmi dörd nəfərdən ibarət ailəsinə və İddiaçı isə cəmi beş nəfərdən ibarət ailəsinə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış Bakı şəhəri, “Qobu Park” yaşayış kompleksində və Abşeron rayonu, Mehdiabad qəsəbəsində mənzil təklif olunmuş, lakin onlara, təklif olunmuş yaşayış sahəsinin yerləşdiyi ərazinin uzaq olduğunu və yeni inşa olunmuş binadan mənzillə təmin olunmasının tələb edərək, köçməkdən imtina etmişlər. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. "xxxx" MMC müqavilə şərtlərinə əsasən iddiaçıya sökülmüş mənzilin əvəzinə 2 (iki) otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin etməyi öz üzərinə götürmüş və buna dair müqavilə bağlanmışdır. Həmçinin müqavilə şərtlərindən biri də "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsidir ki, həmin məbləğ İddiaçı iddiasına əsasən 2021-ci ilin fevral ayından ödənilmir. Cavabdeh tərəf bildirir ki, kirayə haqlarının verilməməsinə səbəb o olmuşdur ki, İddiaçı məcburi köçkün ailələri üçün salınmış Bakı şəhəri, “Qobu Park” yaşayış kompleksində və Abşeron rayonu, Mehdiabad qəsəbəsində mənzil təklif olunmuş, lakin o, təklif olunmuş yaşayış sahəsinin yerləşdiyi ərazinin uzaq olduğunu və yeni inşa olunmuş binadan mənzillə təmin olunmasının tələb edərək, köçməkdən imtina etmişdir. Cavabdeh tərəf qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim olunan vaxtdan kirayə pulun ödənilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin bu mövqeyinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına təqdim edilmiş tərəflər arasında bağlanmış 06.06.2016-cı il tarixli müqavilədə şirkət tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən binanın söküldükdən sonra yerində tikiləcək yeni binadan tam təmirli mənzil veriləcəyinə dair razılaşma olmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı ona təklif edilən digər ərazilərdə yerləşən mənzillərə köçürülməsinə etiraz etməkdə haqlı olmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh tərəfindən pozulmuş, 2 otaqlı, yeni mənzilin İddiaçı verilməməsi iddiaçının haqlı narazılığına səbəb olmaqla, hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməsinə haqlı səbəb olmuşdur. Mənzil vaxtında iddiaçıya təhvil verilmədiyindən o, kirayələrdə yaşamağa məcbur olmuş, bunanla bağlı kirayə haqları kəsilmişdir. Məhkəmə kirayə haqqının tutulmasını tərəflər arasında mübahisənin yaranma tarixindən əsaslı hesab edir. Belə ki, hazırki iddia tələbi ilə İddiaçı tərəfindən məhkəməyə 18.05.2021-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi Cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binada 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməli, İddiaçı 18.05.2021-ci il tarixdən mənzillə təmin olunana kimi 300 manat (üç yüz) aylıq kompensasiya Cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binada 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilsin. İddiaçı 18.05.2021-ci il tarixdən mənzillə təmin olunana kimi 300 manat (üç yüz) aylıq kompensasiya Cavabdeh tərəfindən ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar