Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-389/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1, nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə müqavilə ilə ona verilməli olan 31 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yaz aylarında Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətindən ona ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli bina pilot layihə əsasında söküldüyü üçün həmin binanın həyətində yerləşən həyəttipli evlər də söküntüyə getdiyi bildirilmişdir. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyətinin 16 aprel 2019-cu il tarixli 109 nömrəli sərəncamına əsasən Cavabdeh MMC-nin nümayəndələri onunla görüşərək sökülmüş evin əvəzinə ona və ailəsinə sökülmüş evinin yerində inşa ediləcək binada 1 otaqlı təmirsız 31 mənzilin verilməsini təklif etmişlər. İddiaçı tərəfindən cavabdehin nümayəndələrinə ailəsi ilə birgə yaşadığı 3 otaqlı 48 kv.m-lik evin və həmin evin yerləşdiyi torpaq sahəsinin əvəzinə ona 1 otaqlı və həm də təmirsız mənzilin təklif olunmasına etiraz edilsə də, onlar tərəfindən iddiaçıya yaşadığı həyət evinə və onun yerləşdiyi torpağa mülkiyyət hüququnu təsdiq edən sənədə malik olmaması səbəbindən ona və ailəsinə yalnız həmin 1 otaqlı 31 m2-lik təmirsiz mənzili verə biləcəklərini bildirərək iddiaçıya təzyiq göstərmişlər. Bu səbəbdən əlacsız qalıb, cavabdehin nümayəndələrinin ona təqdim etdikləri müqaviləni imzalamışdır. 2019-cu ilin avqust ayında evindən məcburi qayda çıxmalı olmuş və həyət tipli evi sökülmüşdür. O zamandan ailəsi ilə birgə kirayədə qalaraq hər ay 400 manat ödəyir. Cavabdeh ilə imzaladığı müqaviləyə əsasən ona hər ay cavabdeh tərəfindən kirayə haqqının ödənilməsində köməklik göstərəcəyini vəd eləsə də, bu günədək ona bu məqsədlə heç bir vəsait ödənməmiş və bunu həmin müqavilədə guya iddiaçının kirayə ödənişlərindən imina etməsi ilə razılaşması ilə əsaslandırmışdır. İddiaçı hüquqşünas olmadığına görə müqavilədə yazılan bütün müddəaları başa düşməmiş, lakin müqavilənin mətnində bir-birilə ziddiyyət təşkil edən müddəalarının (müqavilənin 2.1.2-ci və 2.2.3-cü bəndləri) mövcudluğu cavabdehin bu məsələdə də onun hüquqlarını pozduğunu göstərir. 2019-cu ilin 25 dekabr tarixində cavabdeh iddiaçıya 042 nömrəli məktub göndərərək artıq sökdükləri evinin əvəzinə onunla imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bunu həmin sökülmüş evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmaması ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki cavabdeh o və ailəsi fərdi yaşayış evindən çıxarmaq üçün onu həmin müqaviləni imzalamalı olmağını məhz onunla əsaslandırmışdı ki, onun yaşadığı evə mülkiyyət hüququ yoxdur. Müqavilə imzalanmazdan öncə cavabdehin onun yaşadığı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərə malik olmadığını bilməsinə dəlalət edən daha bir məqam isə fərdi yaşayış evinin yaxınlığında mövcud olan və cavabdeh ilə imzaladıqları müqavilə əsasında köçürülən qonşularına, o cümlədən də bacısı X2 təklif olunan müqavilə şərtlərinin onlar üçün ona təklif olunan şərtlərdən dəfələrlə daha əlverişli olmasıdır. Cavabdehlə aralarında bağlanmış müqaviləni məhkəmədə mübahisələndirərək, kompensasiyanın, kirayə haqqının və mənəvi ziyanın tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə tərəfindən qəbul edilən qətnamədə ona müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdehin bu hərəkərindən tərəfindən Nərimanov rayonunun İcra Hakimiyyətinə dəfələrlə şikayət edilsə də, istənilən nəticə əldə olunmamış, Rayon İcra Hakimiyyəti başçısı müavininin imzası ilə ona göndərilmiş 04 fevral 2020-ci il tarixli Q-4, Q-4/2, Q-4/3, Q-4/4, Q-4/5 nömrəli cavab məktubunda ona aşağıdakılar bildirilmişdir: “Aparılmış araşdırmaya və əldə etdiyimiz məlumata əsasən, nəzərinizə çatdırırıq ki, köçürülmə ərazisinə düşən evinizin əvəzləndirilməsi üçün Sizinlə 'RR Constructions'' MMC tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında 20.08.2019-cu il tarixli K/H-004 №-li müqavilə bağlanmışdlr. Cavabdeh tərəfindən onlara məxsus olan fərdi yaşayış evinin hansısa razılıq, yaxud məhkəmə qərarı olmadan sökülməsi bizi gələcəkdə yaranacaq hüquqlarından məhrum etmişdir. Alınan torpaq sahəsinin, üzərindəki tikililərlə birlikdə 150 000 manata qədər dəyəri var. Belə ki, 60 kv.m torpaq sahəsində 48 kv.m fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüşdür. Beləliklə, istifadədə olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün alqı-satqı məntəqələrinə müraciət etmiş və onlar tərəfindən verilmiş “Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə Arayışına əsasən, mübahisəli ünvanda yerləşmiş daşınmaz əmlakımızın ümumi qiymət: 150 000 manat müəyyən edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən hüquqları pozulmuş, onunla qanunsuz olaraq 31 kv.m olan 1 otaqlı mənzilə dair müqavilə öhdəliklərinə belə riayət olunmur. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ona pul ödənilməsi göstərilsə də, indiyədək heç bir ödəniş olunmamışdır. Ona görə də, məhkəmədən müqavilə şərtlərinin yerinə yetirilməsini, RR Constructions” MMC-nin üzərinə müqavilə ilə ona verilməli olan 31 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında barışıq sazişi bağlandığı üçün iddiaçının tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: bir tərəfdən Cavabdeh onun nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X1 və digər tərəfdən “mülkiyyətçi” adlanacaq ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Cavabdeh adlanacaq ünvan 3 ünvanda yerləşən, ünvan 4na əsasən qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdehnə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə veriləcək kirayə haqqından imtina edir (2.1.2-ci bənd). Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh vəzifəsidir (2.2.4-cü bənd); İddiaçı tərəfindən 08.01.2020-ci il tarixdə Cavabdehnə ünvanlanmış bildirişə (pretenziya məktubuna) əsasən 20.08.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ilkin və əsas müqavilənin bağlanması üçün sənədlərin əslini təqdim olunmaması əsası ilə aralarında bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli 01 mart 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh "RR Construction” MMC-yə qarşı "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd olunmuşdur; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.08.2021-ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.08.2021-ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsində göstərilmişlir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada göstərilən 3 hərəkətdən birini etmək imkanı var: 1) müqaviləni mübahisələndirmək; 2) müqavilənin ləğvini tələb etmək; 3) müqavilə öhdəliklərinin icrasını tələb etmək. Lakin iddiaçı bunların heç birini etməyib. Müqavilə öhdəlik yaradır, müqavilə qüvvədə olduğuna görə hazırkı iddianın təmin edilməsi Mülki Məcəllənin 425.1-ci maddəsinə görə mümkün deyil. Həmin maddədən görünür ki, tərəflərin hər biri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.07.2021-ci il tarixli barışıq sazişinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 №-li iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qətnamədən verdiyi apellyasiya,şikayətini geri götürür: 1.1.ünvan 5 ünvanında yerləşmiş, hüquq müəyyənedici sənədləri olmayan evin sökülməsinə və hüquq müəyyənedici sənədləri olmadan istifadə edilmiş torpaq sahəsinə görə -180000 (bir yüz səksən min) manat məbləğində tələbdən imtina edir; 1.2. 4800 (dörd min səkkiz yüz) manat məbləğində kirayə xərclərinin ödənilməsi ələbindən imtina edir; 1.3 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin ödənilməsi tələbindən imtina edir; 1.4. 1000 (bir min) manat məbləğində hüquqi yardımla bağlı xərcin ödənilməsi tələbindən imtina edir; 1.5. 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi tələbindən imtina edir. 2.İddiaçının bu Barışıq sazişinin 1 bəndində göstərilmiş tələblərdən imtina etməsi şərtilə, Cavabdeh İddiaçıya nağd şəkildə, bir dəfəyə 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul vəsaiti ödəyir. 3. Tərəflər razılığa gəlirlər ki, ünvan 5 ünvanında, hüquq müəyyənedici sənəd olmadan İddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərclərilə bağlı İddiaçının Cavabdehə qarşı heç bir tələbi qalmamışdır və İddiaçı gələcəkdə belə tələblərlə bağlı məhkəməyə müraciət etməyəcəkdir. 4. Cavabdeh öhdəsinə götürür ki, ünvan 5 ünvanında qeydiyyatda olmuş və ya olmamış ailə üzvlərindən heç bir kəs ünvan 5 ünvanında, hüquq müəyyənedici sənəd olmadan İddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərclərilə bağlı Cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir. 5. Tərəflər razılığa gəlirlər ki, bu Barışıq sazişinin qüvvəyə minməsilə, onlar arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilir (tərəflərin qarşılıqlı razılaşması əsasında). Lakin yuxarıda qeyd olunan barışıq sazişi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5699/2021 saylı mülki işi üzrə məhkəmə kollegiyası tərəfindən təsdiq edilməmişdir. İddiaçı 031303 nömrəli 26.1.2015-ci il tarixli vəsiqəsinin surətinə əsasən İddiaçı müharibə veteranıdır. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqaviləyə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən və yaşayış üçün qəzalı vəziyyətdə olan binada iddiaçı şəxsin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdehnə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə veriləcək kirayə haqqından imtina edir (2.1.2-ci bənd). Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh vəzifəsidir təmirli mənzili “mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən iddiaçı cavabdehə qarşı "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.08.2021-ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. İddiaçı tərəfindən iddia ərizəsində irəli sürdüyü tələblər məhkəmə araşdırmasında öz hüquqi təsdiqini tapdığından, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H- 004 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalıdır. Belə ki, iddiaçının sökülmüş yaşayış yerinin əvəzinə ona 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin verilməsi öhdəliyini Cavabdeh qeyd olunan müqavilə üzrə öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəyinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət (müqavilənin 2.2.4 bəndi), yəni 18 ay bitmiş, hazırkı vaxtadək müqavilə şərtləri cavabdeh tərəfindən pozularaq icra edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalı, iddiaçı şəxsin yaşadığı evin sökülməsinin əvəzinə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumundan azad olduğu üçün ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-389/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-389/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver