Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1092/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Şamil qızının, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Şamil qızının cavabdeh X2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şamil qızı cavabdeh X2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 13.08.1994-cü ildə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikahdan 02.09.1996-cı ildə bir oğlan övladı anadan olmuş, 2007-ci ildə vəfat etmişdir. Hər ikisi Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olsalar da, 1994-cü ildən Bakı şəhərində yaşayırlar. 1995-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini orda yaşayan şəxslərdən pul qarşılığında almış və o gündən həmin evdə yaşayırlar. Evin **********10061 nömrəli elektrik abunə kodu onun adındadır. Qaz abunə kodu isə (**********00000) cavabdehin adındadır. Cavabdehlə bu günə qədər mehriban yaşamışlar, heç bir problem olmamışdır. Lakin arada bir onun sprtli içki içməsinə görə mübahisə olurdu. 2021-ci ilin may ayında o, koronavirus pandemiyası ilə bağlı Kürdəmirə getmiş və 1 ay orda qalmalı olmuşdur. 2021-ci ilin iyul ayında Bakı şəhərinə evə gələrkən, cavabdeh onu evə buraxmamış və məlum oldu ki, onun yaşadığı evi və otağı tanımadığı şəxslərə kirayəyə vermişdir. Cavabdehlə mübahisə etmiş və polisə şikayət etmişdir. Nərimanov rayonu 16-cı Polis Bölməsinin əməkdaşları evə gəlmiş və onları bölməyə aparmış, orada izahat almışlar. Polis bolməsində bildirmişdilər, bu mülki məsələdi gedin məhkəməyə verin. O, da yenidən Kürdəmirə qayıtmış və orada bir neçə ay qaldıqdan sonra Bakı şəhərinə gəlib evə köçməyilə bağlı məhkəmədə iddia qaldırmaq üçün mediasiya prosesini başlamışdır. Hazırda yaşamağa başqa yeri yoxdur, cavabdehin təqsiri ucbatından 8 aydır ki yaşadığı evə girə bilmir. Buna görə də, mənzil hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Şamil qızı iddia tələbini müdafiə etmiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etmədiyi bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Abdulova X3 rayonu, Carlı kəndində qeydiyyatdadır. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah 13.08.1994-cü il tarixdə bağlanmışdır. "xxxx" ASC-nin Abunə Haqqı sənədindən görünrü ki, ünvan 2 ünvanına verilmiş abunə kodu İddiaçı Şamil qızının adına qeydiyyatdadır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28.12.2021-ci il tarixli Arayışdan görünür ki, X4 27.12.2021-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Şamil qızı X4 ilə 13.08.1994-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Tərəflər Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatda olsalar da, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi almış və faktiki həmin evdə yaşamışlar. İddiaçı pandemiya ilə əlaqədar Kürdəmir rayonuna getmiş və bir müddət orada qalmışdır. Həmin ərəfədə cavabdeh qeyd edilən yaşayış evinin bir hissəsini kirayəyə vermişdir. Hazırda cavabdeh iddiaçını həmin yaşayış evinə buraxmır və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. İddiaçının tələbindən də göründüyü kimi iddia edilən mənzilin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin mənzil əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı və istifadəsində olması səbəbindən, onun arvadı-iddiaçı həmin yaşayış evində yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə top lanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərclərinin əvəzinin ödənilməsi tələb edilmədiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Şamil qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Şamil qızı cavabdeh X1 yaşadığı və istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1092/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1092/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver