Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1095/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə keçirilən direktorların işə qəbulunun müsabiqə və müsahibə mərhələlərindən uğurla keçərək xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Göygöl rayon Nadil kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. 25 fevral 2019-cu il tarixindən işə başlamaq üçün əmri verilsə də, Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayevin narazılığına görə məktəb kollektivinə mart ayının əvvəllərində təqdim edilmişdir. Kollektivə təqdim edilərkən E.Atayev kollektivdə iddiaçıya “köhnə kəndə təzə adət gətirmə, necə işləyiblər elə də davam etsinlər” dedi. Fəaliyyətə başladığı vaxtdan bu günə qədər daima təziqlərə məruz qalmışdır. Elburus Atayev ilk gündən iddiaçıya “Nadil məktəbinə təyin olunmağına rəy vermişəm bu məktəbin qiyməti 10000(on min) manatdır“ adı altında iddiaçıdan pul tələb edirdi. E.Atayevin tələbini yerinə yetirmədiyi üçün mütəmadi olaraq müxtəlif yollarla təziq edilirdi. Bir neçə aydan sonra tələb etdiyi pulu vermədiyi üçün məni iş otağına çağıraraq işdən çıxmağı barəsində Cənab nazirin adına ərizə yazmağı tələb etdi “məndən də tələb edirlər“ deyərək təziq göstərirdi. Neçə aylar ərzində iddiaçıya mənəvi işgəncə verdilər. E.Atayevin göstərdiyi təziqlərdən məcbur qalaraq özünə məxsus torpağı satıb, ona 3000(üç min) manat pul vermişdir. Məktəbdə kütləvi surətdə texniki işçilərdən, valideyinlərdən və bir qrup müəllimlərdən yığılan rüşvətin qarşısını alsa da keçmiş direktorun yaxın qohumları və rəfiqəsi hazırki tədris işləri üzrə direktor müavini Tamam Mehdiyeva öz aralarında pul toplayıb Salman Balakişiyev və Elburus Atayevə çatırdı. E.Atayevin yanına gedərək məktəbdə Tamam Mehdiyeva tərəfindən gizlin pul yığıldığını demişdir. Buna qarşı çıxdığı üçün iddiaçıya problemlər yaratmağa başladılar. Onu da qeyd edirəm ki, məktəbin ərazisi qonşuluqda yaşayan İlham adlı ev sahibinə çirkab sularının axıdılması üçün satlılıb. Antisanitar vəziyyət barəsinə E.Atayevə məlumat versə də iddiaçı ilə kobud danışaraq “səndən əvvəl olan işlərə qarışma” demişdir. İlk vaxtlar məktəbə polislər gəlib heç bir məhdudiyyətə baxmadan məktəbə daxil olurdular. Sizdən əvvəlki direktorla əlbir olaraq direktor şagirdlərdən yığılan puldan polislərədə verdiyi bildirilmişdir. Üzərində telefon olan şagirdləri şöbəyə aparıb valideyinindən pul alıb sonra şöbədən buraxdıqlarını bildirdilər. Hər bir halda iddiaçı onları icazə olmadan məktəbə daxil olarlarsa onlar barəsində şikayət edəcəyini bildirmişdir. X8 adlı şagirdin təxminən saat 12-dən sonra məktəb həyətindən çıxdığı vaxt polislər tərəfindən PPX maşınına zorla salınaraq aparıldığını bildirmişdirlər. Bu vaxt 102 xidmətinə zəng edərək polis özbaşnalığı barədə məlumat verilmişdir. İddiaçını Göygöl Rayon Polis Şöbəsinə çağırdılar və 102 xidmətinə olunan şikayətini geri götürməyini tələb etdilər. Bir daha qanunsuz məktəbə daxil olmayacaqlarını bildirdilər və şagirdi şöbədən çıxardılar. Bundan başqa FHN-nin əməkdaşı adını xatırlamadığım bir nəfər iddiaçıya zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. İddiaçı öz növbəsində ona heç nə ummayın bu olmayacaq demişdir. O iddiaçıya məktəbin təxliyyə planının olmadığını bildirdi. Məktəbdə X7 tərəfindən FHN əməkdaşları adından müxtəlif bəhanələrlə pul yığılıb. Məktəbə əvvəllər jurnalistlər gəlirdi. Pul tələb edirdilər (10-15 manat). Pul vermədikdə iddiaçıya sizdən yazacağıq deyirdilər. Bir gün məcbur qalıb bu şəxslərdən birinin götüntülü danışığını qeyd edərək özünə göstərdi və bir daha bu məktəbə gəldikləri zaman şikayət edəcəyini bildirmişdir. Göygöl rayon Nadil kənd tam orta məktəbin kollektivinin əksər hissəsinin keçmiş direktor-Aytəkin Əmrahovanın yaxın qohumları təşkil edir. Aytəkin Əmrahovanın dəstəkləyən və onun qohumlarına dayaq olan Göygöl rayon Təhsil Şöbəsinin müdir müavini Salman Balakişiyev heç də E.Atayevdən geri qalmırdı. Məktəbdə uzun illər işçi kimi adı qeyd olunan təsəsrrüfat müdiri X11-keçmiş direktorun kürəkəni, ocaqçılar Nəcəfova Xatirə və Sayadova Cəmalə (keçmiş direktorun yaxın qohumları) işə çıxmadıqları üçün onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək istədikdə Salman Balakişiyev iddiaçını dəfələrlə kobud ifadələrlə təhqir edirdi. “Aytəkinin qohumlarından kimisə işdən çıxararsan səni o məktəbə həsrət qoyaram” deyirdi. Heç bir halda iddiaçıya imkan vermirdilər işə gəlməyən işçiləri işdən çıxarmağa. Əvvəllər iddiaçıya təziq göstərmək üçün məktəbə 1 ayda 3 dəfə yoxlamaya gəlirdilər. 2019-cu ilin noyabr ayında Elburus Atayev iddiaçını iş otağına çağıraraq dedi ki, Tamam Mehdiyeva yaşlıdır hər zaman bura gələ bilmir pulları sən yığıb gətir. İsrar edib yığmayacağını dedikdən sonra E.X9 zəng etdi o da öz növbəsində israr etdi ki, daha o pulu yığıb gətirməyəcək, direktor gətirsin dedi. Sonra razılığa gəldilər sən yığmayacaqsan Tamam müəllimə tapşıracaq diğər müavin yığacaq sən sadəcə gətirəcəksən dedi. Bunu etməyəcəyi təqdirdə iddiaçını işdən çıxarmaqla hədələmişdir. E.Atayev, S.Balakişiyev və 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Söhrab İsayev hər dəfə bir bəhanə ilə gətirdiyi sənədləri səhvdir deyib bir gündə məni 3-4 dəfə get-gələ salırdılar. Mən təziqlərdən məcbur qalaraq 2019-cu ilin noyabr ayından məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin verdiyi konverti onlara gətirirdi. 2020-ci ilin mart ayından pandemiya şəraiti olduğunu bəhanə edib onların dediklərini etməmişdir. 2019-cu ilin noyabr ayında ocaqçılar işə götürülməli olduğu halda. İddiaçıdan köhnə işçiləri yenidən işə götürməyə məcbur etdilər. İşə çıxmayan ocaqçıların əmək funksiyasını X3-keçmiş direktorun qızı yerinə yetirirdi. İllərlə təsərrüfat müdiri və ocaqçıların kartlarının biri X1, digər kart isə Xəlilova Samirənin dediyinə görə 5 il ərzində direkror əvəzi işləmiş hazırkı tədris işləri üzrə direktor müavini Tamam Mehdiyevada olub. Noyabr ayının sonunda iddiaçı məktəbdə olan zaman X3 məktəbə kabinetə gəldi və ocaqçılardan birinin Cəmalə Sayadovanın kartını stolun üzərinə qoyaraq dedi ki, Söhrab İsayev bunu sizə verməyimi dedi, məktəbin xərclərini ödəmək üçün. Təhsil Şöbəsinə çatmalıdır pullar. İddiaçı kartı götürməkdən imtina etdi. Səhəri gün Təhsil Şöbəsinə gələrək olanları demiş və təklif etdi ki, özünüz götürün kartı. E.Atayev və S.Balakişiyev eyni qaydada davamlı iddiaçıya təziq göstərməyə başladılar. Məcbur qalaraq kartdan 6 ay pulu çıxarıb RTŞ-nin müdiri E.Atayev müavini S.Balakişiyev və S.İsayevə vermişdir. Mövcud vəziyyət və iddiaçıya edilən təziqlərdən artıq məcbur qalmışdı. Başqa direktorlar artıq iddiaçı ilə danışdırmırdılar, ondan uzaq dururdular. 2020-ci ildə noyabr ayında E.Atayev, S.Balakişiyev və 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Söhrab İsayev yenidən eyni ocaqçıları işə götürməyi təkidlə dedilər. Bəhanələri də bu oldu ki, karantindir, başqalarını götürə bilmərik. Gələn il təsərrüfat müdirini və ocaqçıları dəyişərsən. 2020-ci ilin noyabr ayından Karantin müddətində (5 ay) kartdan çıxardığı pulu E.Atayev, S. Balakişiyev və S.İsayevə verirmişdir. 2021-ci ildə fevral ayında tədrisə qismən əyani şəkildə başlayanda iddiaçı qətiyyətlə keçmiş direktorun rüşvət toplayan qrupuna qarşı çıxaraq işə çıxmadıqları halda adları işdə olan, işçilərin işinə nə olur -olsun xitam verəcəyini demişdir. İddiaçıya qarşı həm məktəbdaxili həm də Təhsil Şöbəsi tərəfindən daha çox təzyiqlər olundu. S.Balakişiyevin təşkilatçılığı ilə keçmiş direktorun yaxın qohumları onun üzərinə qalxdılar. S.Balakişiyev iddiaçıya dəfələrlə zəng edərək təhqir edirdi, hətta nəlayiq sözlər işlətməkdən belə çəkinmirdi. 2021-ci ilin mart ayına kimi bu hadisələr davam etdi. Məktəbə xəbərdaredici siqnalların quraşdırılması üçün şirkət işçiləri gəldilər yalnız o zaman iddiaçının təkidilə təsərrüfat müdiri işə çıxdı. Həftədə 2 ya 3 gün. 04 aprel 2021-ci il tarixində təsərrüfat müdiri X11 iddiaçıya yaxınlaşaraq Gəncədə idman müəllimi işlədiyi və rəssamlıqla məşğul olduğu üçün belə işləyə bilməyəcəyini dedi və şəxsi işdən çıxma ərizəsini verdi. İddiaçı öz növbəsində ona 1 ay müddətinə istədiyiniz vaxt ərizənizi geri götürə bilərsiniz demişdir. Lakin bu müddət ərzində iddiaçıya heç bir müraciət daxil olmadı. Kollektivdə olan bir qrup öyrədilmiş müəllimin iddiaçıya olan təziqlərindən düşündüm ki, bunları sübut etmək üçün 19 aprel 2021-ci il tarixdə şəxsi hesabına məktəbə kamera quraşdırdım. Həmin gün X3-məktəbin texnologiya müəllimi, (keçmiş direktorun qızı) təsərrüfat müdirinin həyat yoldaşı iddiaçını üzərinə hüçüm çəkərək kollektivi və kənd camaatını qaldıracağını dedi. Məktəb kameralaşan gün iddiçı barəsində artıq şikayətlər başladı. İş otağına girərək kamera sisteminə müdaxilə olunub yaddaşda olan məlumatlar silinib, bəzi sənədləri kabinetindən katibə X2 tərəfindən oğurlanıb və keçmş direktorun qızı Aynur Əmrahovaya verilmişdi. Axtarış zamanı onun rəhbərlik etdiyi sinifin şkafından tapıldı. Sənədlərin niyə oğurladıqlarını soruşanda, hal-hazırki tədris işləri üzrə müavinin Tamam Mehdiyeva və keçmiş direktorun yaxın qohumları ona qarşı müəlliməyə yaraşmayan davranışlar edirlər. 1 ay 2021-ci ildən təsərrüfat müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verildi. Sonra Təhsil Şöbəsinə gələrək təsərrüfat müdirinin yazdığı işdən çıxma ərizəsi və əmrdən çıxarışı E.Atayevə iş otağında təqdim etdiyi zaman S. Balakişiyev kabinetə daxil oldu. Ərizəni gördü və iddiaçını təhqir etməyə başladı. İddiaçıya dayanmadan təziqlər olunur, məcbur edirlər ki, işdən çıxma ərizəsi yazsın. İcra Hakimiyyətində müavin vəzifəsində çalışan Kəmalə xanım iddiaçını iş otağına çağıraraq sizdən şikayət var dedi. Təxmini 30 dəqiqə ərzində Kəmalə xanımın iş otağında danışıq oldu. Bir neçə gün sonra Kəmalə xanım məktəbə onun iş otağına gəldi və səni istəmirlərsə niyə qalırsan bu məktəbdə çıxmırsan dedi. İddiaçıdan ərizəni yazmağı tələb etdi. Bu hadisə bir daha təkrar baş verdi. Göygöl rayon Təhsil şöbəsində çalışan Sevinc adlı müəllimə mütəmadi iddiaçıya zəng edərək ərizə yazmağını tələb edirdi. Bir müddət sonra Həmkarların iclasına şağrılan iddiaçı ilə qərar veriləcək. İclas zamanı Təhsil Nazirliyinin RTŞ-yə xx.xx.2021-ci il tarixində göndərdiyi arayış oxundu müzakirə edildi. İclasa başlamamışdan Cəmilə adlı həmkarların üzvü iddiaçını nəzərdə tutaraq telefonların alınmasını istədi. Arayışda qeyd olunanları oxuduğu zaman qərəzli şəkildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 c bəndi ilə işimə xitam verilməsi qərara alınmışdır. Həmkarlar da öz qərarını verdi Təhsil Nazirliyinin arayışında verilən qərarla razılaşdılar. Arayışda iddiaçının izahatında qeyd etmədiyi məlumatları da qeyd etmiş kimi göstərmişdilər. xx.xx.2021 -ci il tarixində Göygöl RTŞ-də yerləşən X6 sədri Dilarə Mövlayeva saat 12:17 -də ona zəng edərək dedi ki, Təhsil Nazirliyindən Nigar adlı xanım zəng edib dedi ki, gəlsin razılaşsın öz ərizəsi ilə çıxsın yoxsa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 c bəndi ilə xitam veriləcək. Dilarə Mövlayeva razilaşsan müəllim kimi saxlayacaqlar dedi. Razılaşmasan cinayət işi başlanılacaq dedi. Çalışdığı müddət ərzində ödənişli yaradıcılıq məzuniyyəti üçün 2 dəfə müraciət etsə də Göygöl RTŞ-nin müdir vəzifəsini müvəqqəti icra edən Semur Əsgərov iddiaçıya əsassız şəkildə məzuniyyət verməmişdir. İddiaçı işlədiyi dövrdə əmək intizamını, əmək funksiyalarını qəti surətdə pozmamışdır. Burda işləməmişdən əvvəl də o müxtəlif iş yerlərində işləmişəm və ona tapşırılan işləri vicdanla, lazımınca yerinə yerinə yetirmişəm və bir dəfə də olsun barəsində hər hansı intizam xarakterli tədbir görülməmiş, gördüyü işlərdən çox razı qalmışlar. Bunu əmək tarixçəsindən, əmək kitabçasından bir daha görmək olar. Həmçinin direktor olduğu müddətdə ona hər hansı bir xəbərdarlıq töhmət verilməmişdir. Təhsil Nazirliyinin 25 oktyabr 2021 -ci il tarixli K-1313 nömrəli əmri qanunsuzdur. Əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndiin və 72-ci maddəsinin əsasları yaranmamışdır. Əmr iddiaçıya veilməyib əmək kitabçasını 12 noyabrda almışdır. 14 noyabrda Mediasiya Şurasına müraciət etmişəm. Əmrin surəti bugünə kimi iddiaçıya təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib və bundan sonra araşdırılmanın aparılması məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur. Korrupsiya İdarəsi tərəfindən cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Daha sonra bildirmişdir ki, iddiaçı valideyinlərdən və müəllimlərdən pul yığırdı və bu barədə dəfələrlə xəbərdarlıq da edilib. İddiaçı bu faktı öz izahatında da etiraf edib. Direktorun müavini öz izahatında pulların yığılaraq iddiaçıya verilməsini etiraf edib. Qeyd olunanlara əsasən İddiaçı işdən azad olunmuşdur. İddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Göygöl rayonu Nadil kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Göygöl rayonu Nadil kənd tam orta məktəbinin müəllimi Qasımova Nəzakət tərəfindən xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış izahatdan görünür ki, İddiaçı ünvan 1 məktəbində direktor işlədiyi müddətdə bir başa onu təhqir etməmiş ancaq iclaslarda başqa müəllimələrə olan münasibət, valideynlərə müəllimlər haqqında dediyi sözləri özünə təhqir hesab edir. Bununla yanaşı ünvan 1 məktəbin direktoru vəzifəsinə gəldiyi müddətdə məktəbdə informatika dərsi tədris olunmur. Hər ay maaş daxil olduqdan sonra direktorun tapşırığı ilə Pərvanə müəlliməyə 10 manat, inventara görə Samirə müəlliməyə 15 manat, vertual dərs keçilmədiyinə görə 20 manat, ayaqyolu təmirinə hər uşaqdan 5 manat pul yığılmışdır. Hər gün məktəbdə olan söz söhbət, direktor tərəfindən şantajlar səsyazmalar, haqsızlıq getdikcə çoxalır. Bu mühitdə işləmək çox çətin olduğunu və nəzərə alınmasını xahiş etmişdir. İzahatın özünün yazması və doğruluğunu öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmiş izahatından görünür ki, ona verilmiş şifahi sorğuya cavab olaraq hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilir, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elburus Atayeva, müdür müavini Salman Balakişiyevə verdiyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin izahatda qeyd olunan məsələ ilə bağlı 11 sual və həmin suallara cavabları iddiaçının özü tərəfindən tərtib edildiyini, əlavəsi olmadığını heç bir təziq olmadan doğruluğunu imzası ilə təsdiq etmişdir. Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkanlar Təşkilatının xx.xx.2021-ci il 6 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürən kimi təşkilata xx.xx.2021-ci il tarixli xx-xx-1454/10 nömrəli məktubu nəzərə alınaraq İddiaçı ilə Göygöl rayonu Nadil kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1313 nömrəli əmrindən görünür ki, Göygöl rayonu Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Daha sonra Göygöl rayonu Nadil kənd tam orta məktəbin müəllimi Qasımova Nəzakət tərəfindən xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Təhsil Nazirliyinə izahat ünvanlanmışdır. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmiş izahatında hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilir, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elburus Atayeva, müdür müavini Salman Balakişiyevə verdiyini bildirmişdir. Bundan sonra Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkanlar Təşkilatının xx.xx.2021-ci il 6 saylı iclasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürən kimi təşkilata xx.xx.2021-ci il tarixli xx-xx-1454/10 nömrəli məktubu nəzərə alınaraq İddiaçı ilə Göygöl rayonu Nadil kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd olunmadığı qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1313 nömrəli Göygöl rayonu Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İddiaçı qeyd oluna əmr ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bıərpa edilməsi və məcburi buraxılmış iş günləri üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini iddia etsədə, məhkəməyə təqdim edilmiş iddiaçının özü tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş izahatda hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilir, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elburus Atayeva, müdür müavini Salman Balakişiyevə verdiyini bildirmişdir. Qeyd olunan yığımların toplanması dair müvafiq təlimat və ya göstərişi təsdiq edən sübutlar məhkəmə araşıdrması zamanı müəyyən olunmamışdır. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Belə olan halda hazırda cavabdeh tərəfindən işəgötürən və işçi münasibətlərini tənzimləyən maddi hüquq normasının imperativ tələbinə əsasən işçiyə verilməli olan intizam tənbeh tədbirlərindən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi növündə intizam tənbeh tədbiri seçilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq izahat ərizəsində qeyd olunan əməllərin törədilməsi etiraf olunmuşdur ki, buda onun həqiqətəndə İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq edir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1095/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1095/2022
22.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver