Məhkəmə qərarları › İş №2(005)-1097/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1097/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1097/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Süleymanova Aysel Qurban qızının katibliyi, İlkin iş üzrə İddiaçı, Birləşdirilmiş iş üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iş üzrə İddiaçı ilkin iş üzrə Cavabdeh1 MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi”, birləşdirilmiş iş üzrə iddiaçı X3 Cavabdeh1 MTK və İddiaçı qarşı “mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iş üzrə İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 92.9 kv.metr təşkil edən mənzilin tam inşasının yekunlaşdırılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında olan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 92.9 kv.metr təşkil edən mənzilin tam inşasının (işıq, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, lift və peyk antenasının quraşdırılması, binanın həyəti, blokların giriş hissəsi və mərtəbələrin dəhlizlərinin hazır vəziyyətə gətirilməsi) yekunlaşdırılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında 11 mart 2022-ci il tarixində 86 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində qeyd olunmuşdur ki, “alıcı” Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, 2 otaqlı mənzili almaq üçün Satıcıya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Müqavilənin 2-ci maddəsində qeyd olunmuşdur ki, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda layihə-smeta sənədlərinə uyğun tikdiyi yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, 2 otaqlı mənzilin sahəsi 92.9 kv.metr təşkil edir. Müqavilənin 3-cü maddəsinə görə, Cavabdeh1 MTK-nın həmin ünvanda layihə-smeta sənədlərinə əsasən tikdiyi yaşayış binasında 2 otaqlı mənzildə hər bir kv.metr sahəsinin ilkin dəyəri 893 manatdır. Müqavilənin 4-cü maddəsində qevd olunmuşdur ki, bu müqavilənin ümumi məbləği 83.000 manatdır. Müqavilənin 5-ci maddəsinə görə, alıcı Cavabdeh1 MTK-nın tikdiyi yaşayış binasından alacağı mənzilin ümumi dəyərini müqavilə imzalanan zaman Satıcıya ödəməlidir. Müqavilənin 14-cü maddəsinə görə, işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini Alıcı öz, hesabına ödəyir, yəni mənzilin təmirinə başlayanda 2.000 manat məbləğ kooperativə ödəyir (mənzilə reyestrdən çıxarış alınması üçün sənədlərin paketlənməsi da bura daxildir). Cavabdeh tərəfindən iddiaçıya verilmiş 11 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 3-cü mərtəbəsində, sahəsi 92.9 kv.metr olan 2 otaqlı mənzilin pay dəyəri 83.000 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Göründüyü kimi mənzilin dəyəri 11 mart 2022-ci il tarixindən etibarən iddiaçı tərəfindən tam ödənilmiş və bununla bağlı cavabdeh tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Lakin ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq mənzil tam olaraq tikilib iddiaçıya təhvil verilməmişdir. Belə ki, bina özü fiziki baxımdan tikilmiş vəziyyətdə olsa da, işıq, qaz, su və kanalizasiya xətləri binaya çəkilməmiş, lift və peyk antenası quraşdırılmamış, binanın həyəti, blokların giriş hissəsi və mərtəbələrin dəhlizləri hazır vəziyyətə gətirilməmişdir. Sırf bu səbəblərdən bina və tərkibindəki mənzillər hazırda istismara tam yararsız vəziyyətdədirlər. Buna görə də, mənzildə heç bir təmir-tikinti işlərinə başlamaq və mənzilə köçmək mümkün deyildir. İddiaçı ən qısa zamanda mənzili təmir edərək köçüb yaşamaq istəyir, lakin cavabdehin müqavilə öhdəliklərini pozması və mənzili vaxtında təhvil verə bilməməsi iddiaçını bu hüququndan məhrum edir. Bununla bağlı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin heç bir nəticə əldə olunmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3457/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi qət edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X7 Cavabdeh1 MTK-ya qarşı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında Cavabdeh1 Mənzil- Tikinti Koorperativi tərəfindən tikilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m. olan 3 otaqlı mənzilin iddiaçı X1 və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X7 arasında 18 may 2017-ci il tarixdə yaşayış sahəsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən X7 Cavabdeh1 MTK-nın ünvan 3 ünvanında tikəcəyi kooperativin yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi almaq üçün Cavabdeh1 MTK-ya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Müqavilənin 2-ci bəndinə əsasən X7 yaşayış sahəsinin ilkin dəyərini kooperativin nizamnaməsinə uyğun ödəməyi öhdəsinə götürür. 9cu bəndə əsasən Cavabdeh1 MTK-nın ünvan 3 ünvanında tikəcəyi kooperativin yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində 3 otaqlı mənzilin ümumi sahəsi 92 kv.m. təşkil edir. 10-cu bəndə əsasən hər kv.m. sahənin ilkin dəyəri 700 manat olmaqla, 92 kv.m. sahənin qiyməti 64.400 manat təşkil edir. İddiaçı tərəfindən mənzilin dəyəri Kooperativə tam ödənilmiş və bu barədə iddiaçıya kooperativ tərəfindən maliyyə arayışı verilmişdir. Maliyyə arayışına əsasən ünvan 3 ünvanında kooperativə məxsus yaşayış binasının 1-ci giriş, 3cü mərtəbəsində sahəsi 92 kv.m. olan 3 otaqlı mənzilin pay dəyəri olan 64.400 manat X7 tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. Hazırda qeyd edilən bina tikilmişdir və hazır vəziyyətdədir. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyib mənzili iddiaçıya təhvil verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində sahəsi 92 kv.m. olan 3 otaqlı mənzilin iddiaçı X1 və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X3 iddiasının təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Məhkəmənin xx.xx.2023cü il tarixli, 2(005)-519/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı maraqlı şəxs qismində tanınması və müvafiq işdə iştirakının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-519/2023 saylı, xx.xx.2023-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı X3 Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Həmçinin maraqlı şəxs X7 ərizə ilə məhkəməyə müraciət edərək, Məhkəmənin 2(005)-3457/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, X3 maraqlı şəxs qismində tanınması və müvafiq işdə iştirakının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3457/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 MTK-ya qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(005)-77/2024 saylı mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1097/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X7 iddia tələbinin həcminin artırılması və İddiaçı cavabdeh qismində cəlb edilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında Cavabdeh1 Mənzil-Tikinti Koorperativi tərəfindən tikilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı mənzilə dair Cavabdeh1 ilə vətəndaş İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona verilən maliyyə arayışının etibarsız sayılması, ünvan 3 ünvanında Cavabdeh1 Mənzil-Tikinti Koorperativi tərəfindən tikilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m. olan 3 otaqlı mənzilin iddiaçı X1 və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iş üzrə İddiaçı bildirmişdir ki, mənzili 2022-ci ildə X2 almışdır. MTK-ya gedərək müqaviləni rəsmiləşdirmişlər. Pulu da mənzilin əvvəlki sahibinə vermişdir. Mənzilin başqa şəxslərə də satılmasından məlumatsız idi. Məhkəməyə verdiyi iddia əsasında çıxarılan qiyabi qətnamə icra olunan zaman o, evi təhvil almışdır. Onun ikinci müqavilə olmasından xəbəri yox idi. Evin qapısını öz vəsaiti hesabına qoymuşdur və açarı da onda olub. Tez-tez evə gedib-gəlirdi. Sonradan xx.xx.2023-cü il tarixdə sözügedən hadisə ilə üzləşib. Onların sakinlərlə 3-4 qrupu da var və mütəmadi məsləhətləşmələr aparırlar. Evi əvvəlcə o təhvil almışdır. Sakinlər də onu tanıyır. O vaxtdan heç kim ona məsələ ilə bağlı zəng etməmişdi. Hətta o evinin qapısının üstünə adını, nömrəsini yazmışdı və qiyabi qətnamənin surətini də qapıya yapışdırmışdır. Bir müddət sonra evə gələndə görüb ki, kağızlar cırılıb və yerə atılıb. Qapının üzərinə başqa qətnamə surəti vurulmuşdu. İstintaqda onu zərərçəkmiş kimi qeyd etsələr də, o özünü zərərçəkmiş hesab etmir. Mənzili o təhvil almışdır, ona da verilməlidir. İddiasının təmin edilməsini, digər tərəfin isə iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, bir mənzil üzrə iki müqavilə mövcuddur. Müqavilənin biri Mollayev Fizuli ilə, digəri isə İddiaçılə bağlanmışdır. Onların müqaviləsi 18 may 2017-ci il tarixlidir. İddiaçı isə müqaviləsi 2022-ci ilin mart ayında bağlanılıb. Onların müqaviləsi daha əvvəl bağlanılıb. Onların verdiyi iddia əsasında qiyabi qətnamə çıxarılan zaman icra məmuru ilə birlikdə mənzilə getmişlər və qapının üzərində başqa qətnamə olduğunu görmüşlər, həmin qətnaməni götürərək onlara aid qətnaməni asmışlar. Mənzil İddiaçıə təhvil verilməmişdir, hətta qapının açarını dəyişsə belə bu təhvil verilmə anlamına gəlmir. İkinci müqavilə bağlanarkən mənzilin dəyərinə fikir verilərsə həmin qiymət real qiymət deyildir. Belə ki, 2022-ci ildə mənzilin qiyməti yüksək idi. Bu isə İddiaçıə bəlli olmaya bilməzdi. Bu səbəbdən onun vicdanlı alıcı olduğunu düşünmürlər. 2022-ci il tarixli eyni mənzillə bağlı İddiaçı adına müqavilə olduğu üçün onlar həmin müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi tələbini də irəli sürürlər. İddialarının təmin edilməsini, digər iddiaçının isə iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil3 onların mənzili İddiaçı 2022-ci ildə satdıqlarını, başqa şəxsə satılmasından məlumatsız olduqlarını, onların müqaviləsinin 2018-ci il tarixə təsadüf etdiyini, hazırki işin onların maraqlarına toxunmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələblərinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Satıcı” Cavabdeh1 MTK ilə “Alıcı” X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, 2 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 92.9 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 936 manatdır. Müqavilənin ümumi məbləği 87000 manatdır; -“Satıcı” Cavabdeh1 MTK ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 86 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, 2 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 92.9 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 893 manatdır. Müqavilənin ümumi məbləği 83000 manatdır. Müqavilənin 14-cü maddəsinə görə, işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini alıcı öz hesabına ödəyir, yəni mənzilin təmirinə başlayanda 2000 manat məbləği kooperativə ödəyir (mənzilə reyestrdən çıxarış alınması üçün sənədlərin paketlənməsi də bura daxildir); -Cavabdeh1 MTK-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində sahəsi 92.9 kv.m olan, 2 otaqlı mənzilin pay dəyəri 83000 manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur; -Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh1 MTK-nın ünvan 3 ünvanında tikəcəyi koorperativin yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində 3 otaqlı mənzil üçün Cavabdeh1 Kooperativinə müraciət edir, kooperativ isə qeyd edilən ümümi sahəsi 92. kv.metr təşkil edən mənzili ona verməyi öhdəsinə götürür. Mənzilin hər bir kv.metr sahəsinin ilkin dəyəri 700 manatdır. Müqavilənin ümumi məbləği 64400 manat təşkil edir; -Cavabdeh1 MTK-nın maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan, 3 otaqlı mənzilin pay dəyəri 64400 manat məbləğində pul payçı X7 tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilkin iş üzrə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 86 saylı müqaviləyə əsasən o, ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92.9 kv.metr təşkil edən 2 otaqlı mənzili, dəyərini tam ödəməklə almışdır. Müqavilə MTK ilə bağlansa da İddiaçı həmin mənzili faktiki olaraq X2 almışdır. X4 Cavabdeh1 MTK ilə bağladığı müqavilə isə xx.xx.2018-ci il tarixlidir. Həmçinin, birləşdirilmiş iş üzrə iddiaçı X7 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı müqaviləyə əsasən o, ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 3 otaqlı mənzili, dəyərini tam ödəməklə almışdır. Hər iki iddiaçı ayrı-ayrılıqda mənzilin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Hər iki tərəfin iddiası qiyabi qətnamə ilə təmin edilmişdir. Qətnamələrin icrası zamanı tərəflərə təhvil verilməli olan mənzillərin eyni mənzil olduğu aşkar edilmişdir. Müqavilələrin birində 2 otaqlı, digərində 3 otaqlı qeyd edilsə də, icra zamanı həmin kvadratda 3 otağın mövcud olmadığı, yalnız hər mərtəbədə bir eyni kvadratda 2 otaqlı mənzilin olduğu müəyyənləşdirilmişdir. Hər iki tərəfə satılan mənzillərin eyni mənzil olduğu işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən hər iki tərəfin ərizələri əsasında qiyabi qətnamələr ləğv edilmiş, mülki işlər bir icraatda birləşdirilmişdir. Hazırda ilkin iş üzrə İddiaçı mənzilin ona təhvil verilməsini, birləşdirilmiş iş üzrə iddiaçı Mollayev Fizuli isə cavabdeh MTK ilə ilkin İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və müvafiq mənzilin ona təhvil verilməsi öhdəliyinin icrasının MTK-nın üzərinə qoyulmasını xahiş edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilkdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə müraciət etmək imkanı olan şəxslər sırasında yalnız cavabdeh göstərilsə də, bu hüquqdan maraqlarına toxunan və işdə iştirak etməyə cəlb edilməyən şəxslərin istifadə edə bilməməsi qeyri-bərabərliyin yaranması, haqq-ədalət prinsipinin və işdə iştirak etməyən şəxslərin işin hərtərəfli araşdırılması hüquqlarının pozulması ilə nəticələnə bilər. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Nəzərə alınmalıdır ki, qiyabi qətnamənin ləğvi institutu da məhz məhkəmə iclasında iştirak etməyən şəxsin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə ilk növbədə birləşdirilmiş iş üzrə iddiaçı X3 mənzilin təhvil verilməsi tələbinə münasibət bildirilməsini zəruri hesab edir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Mülki Məcəllənin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Eyni zamanda Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh1 MTK mənzili alıcıya təhvil verməyi, Mollayev Fizuli isə isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı Mollayev Fizuli tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməli və müqavilədə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməlidir. İlkin iş üzrə İddiaçıin, mənzil ilkin olaraq ona təhvil verildiyindən digər iddiaçının iddiasının rədd edilməli olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini müəyyən edən Mülki Məcəllənin 452.1ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Lakin mövcud məhkəmə təcrübəsində Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları mənzil tikinti kooperativləri ilə yaranan münasibətlərə tətbiq olunmur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Bundan başqa, mənzilin Mülki Məcəllənin 452-ci maddəsinin anlamında məhz İddiaçıə təhvil verildiyi də iş materialları ilə müəyyən edilmir. Yalnız mənzilin qapısının dəyişdirilməsinə əsaslanmaqla həmin mənziilin təhvil verilməsi qənaətinə gəlmək mümkün deyildir. İcra məmurları tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktda da mənzildə başqa şəxslərə malik əşyanın olmaması təsbit edilmişdir. Eyni zamanda mülki iş üzrə preyudisiallığı olmasa da qeyd edilməlidir ki, cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktına əsasən İddiaçı mənzilin X5 məxsus olması gizlədilmiş, onun Nurlan Əhmədliyə məxsus olması yalandan bildirilmiş, həmin mənzilin 83.000 manat müqabilində satılması ilə bağlı İddiaçılə Nurlan Əhmədli arasında razılaşma əldə edilmiş, habelə həmin vəsaitin 11 mart 2022-ci il tarixdə İddiaçı tərəfindən Nurlan Əhmədliyə verilməsinə nail olub cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə 11 mart 2022-ci il tarixdə mənzil alqı-satqısına dair müqavilə və maliyyə arayışını kompyuterdə çap edərək həmin sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan, yəni guya binanın 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m. olan 2 otaqlı mənzil İddiaçı 83.000 manat müqabilində satılmış, eyni mənzilə görə cəmi 83.000 manatın İddiaçı tərəfindən ödənilməsi ilə həmin mənzilə görə MTK-ya borcun olmaması barədə məlumatlar əlyazma üsulu ilə daxil edildikdən sonra həmin sənədlər imzalanıb MTK-nın möhürü ilə möhürlənməklə, saxta rəsmi sənədlər İddiaçı təqdim edilmişdir. Göründüyü kimi ilkin İddiaçı müqaviləni Cavabdeh1 MTK ilə yox, onun adından Əhmədli Nurlanın şəxsində bağlamışdır. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçının “İddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması isə qanunvericiliklə tənzimlənmişdir. Bu hal Mülki Məcəllənin 452-ci maddəsində də öz əksini tapmışdır. Göründüyü kimi, mülki hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Bu mənada məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçının müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, həmin tələbin qanuni əsası kimi göstərilmiş qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə ilkin iş üzrə İddiaçı iddia tələbinə isə münasibətdə qeyd edir ki, mübahisələndirilən mənzilə dair müqavilə ilkin olaraq X7 ilə bağlandığından mənzilin tam inşasının (işıq, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, lift və peyk antenasının quraşdırılması, binanın həyəti, blokların giriş hissəsi və mərtəbələrin dəhlizlərinin hazır vəziyyətə gətirilməsi) yekunlaşdırılaraq ona təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilə bilməz. Belə ki işin mübahisəsiz halıdır ki, iddiaçıların MTK ilə bağladıqları müqavilələrdə mənzillərin rekvizitləri, o cümlədən ölçüsü və otaqların sayı fərqli olsa da onlar eyni mənzilə iddia edirlər. Yəni, iddiaçıların iddia etdiyi və əldə etməyə çalışdıqları mənzil eyni olduğuna görə iddianın əsaslılığı üzrə hüquqi dəyərləndirmə də bu aspektdən aparılmalıdır. Mübahisəli mənzillə bağlı müqavilənin ilkin olaraq X7 ilə xx.xx.2017-ci il tarixində bağlanması, yəni MTK-nın öhdəliyinin ilkin olaraq onun qarşısında yaranması mübahisə doğurmur. Mülkiyyət hüququna dair qanuni gözləntisi ilkin olaraq onunla yarandığından mənzil də ona təhvil verilməlidir. Buna baxmayaraq, müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğu nəzərə alınmaqla, hazırki iddianın təmin edilibedilməməsindən asılı olaraq MTK-nın iddiaçılar qarşısında yaranmış öhdəliyi qalacaqdır (zərərin əvəzinin ödənilməsi və s.). Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iş üzrə İddiaçı Cavabdeh1 MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Birləşdirilmiş iş üzrə iddiaçı X3 iddiası qismən təmin edilməli, ünvan 4 ünvanında tikilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 92 kv.metr olan mənzilin X1 və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin üzərinə qoyulmalı, birləşdirilmiş iş üzrə iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iş üzrə İddiaçı Cavabdeh1 MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı X3 iddiası qismən təmin edilsin. ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 92 kv.metr olan mənzilin iddiaçı X1 və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin üzərinə qoyulsun. Birləşdirilmiş iş üzrə iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar