Məhkəmə qərarları › İş №2(005)-111/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-111/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-111/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Bayramov Rəşad Mirələm oğlunun katibliyi, İddiaçı və X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinin pəncərəsinin açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinin pəncərəsinin açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qardaşıdır, ailəliklə məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasının Quqark rayonundan qaçqın düşmüş və yuxarıda göstərilən ünvanda yaşayırlar. Cavabdehlə bir həyətdə tam təcrid olunmuş ayrı-ayrı mənzillərdə yaşayırlar, yaşadığı fərdi ev onun mülkiyyətindədir. İddiaçı həmin ünvana köçərkən özünə məxsus yaşayış sahəsinin 1-ci mərtəbəsindəki sahəsi 19,8 kvm olan yaşayış otağının həyət tərəfdən pəncərəsi var idi. Bir müddətdən sonra cavabdeh özbaşına həmin pəncərəni dəmirlə bağlanmış, həmin vaxtdan iddiaçı və ailəsi tam antisanitar və rütubətli mənzildə yaşayır. Belə ki, birinci mərtəbədəki 2 yaşayış otaqlarının yeganə bir pəncərəsi vardır, həmin otaqlara bitişik hamam və ayaqyolu vardır. Həmin otaqlardan əlavə pəncərə açmaq mümkün deyildir. Nəticədə rütubət və nəmişlik evdəki əşyaları yararsız vəziyyətə salır, ailə üzvləri müntəzəm xəstələnir, daim həkimə müraciət etmək məcburiyyətində qalır. Ailəsi təbii işıqdan tam məhrum olmuşdur, otaqların havasını tez-tez dəyişsələr də hava tezliklə ağırlaşır. Bu da səhhətlərinə olduqca mənfi təsir göstərir. Bundan əlavə cavabdeh mənzilinin 2-ci mərtəbəsində quraşdırdığı kondisionerin suyu bir başa iddiaçının mənzilinin 1-ci mərtəbəsinin üstünə axır, bu da rütubət və nəmişliyin artmasına daha da öz təsirini göstərir. Dəfələrlə cavabdehə qanunsuz bağladığı pəncərəni açmağı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ərizəsinə əlavə etdiyi mənzilin eskizindən və texniki pasportdan da görünür ki, həmin pəncərə yaşayış evi inşa edilərkən nəzərdə tutulmuş və pəncərə həmişə istifadədə olmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27 saylı evin 242-ci mənzilinin 1-ci mərtəbəsində onun mülkiyyətində olan sahəsi 19,8 kvm olan yaşayış otağının pəncərəsinin öz hesabına açılmasını həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda əvvəlki məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı doğma qardaşıdır, sözügedən həyət evi valideynlərindən onlara miras qalmışdır. İddiaçı 20 ilə yaxındır ki, onu bezdirib ordan köçürtmək məqsədi ilə dəfələrlə uydurma bəhanələri ilə onu məhkəməyə və polisə vermişdir. Lakin məhkəmə və polis orqanları onun bütün iddialarını əsasız olduğuna görə rədd etmişdir. İddiaçı iddiasında göstərir ki, cavabdehin sanitar qovşağı onun pəncərəsinə bitişikdir. Və eyni zamanda bildirir ki, cavabdehin kondisionerinin suyu birbaşa onun mənzilinin iistünə axır. Onun dedikləri hamısı yalandır, pəncərəsi cavabdehin sanitar qovşağına bitişik deyil, pəncərəsi birbaşa həyətinə baxır və sanitar qovşağına heç bir adiyyatı yoxdur yəni. Onun pəncərəsini bağlamağının səbəbi odur ki, o vaxtı ilə pəncərədən cavabdehin həyətinə daima zibil atırdı. Cavabdeh evin ikinci mərtəbəsini tikəndə onunla razılığa gəlmişdir ki, o, ikinci mərtəbədəki pəncərəni bağlayır, iddiaçı isə öz pəncərəni bağla. Lakin razılaşmaya baxınaraq o, bunu etmədi və cavabdeh məcbur olmuş özü bağlamışdır. Bu hadisənin üstündən 15 ildən artıqdır ki müddət keçmişdir. Belə ki, onun oğlunun hal-hazırda 25 yaşı var və onun 6 yaşı olanda cavabdeh ona kiçik toy etmişdir və toyun kassetindən görünür ki, həmin pəncərə bağlıdır. Yəni iddiaçının iddia vermək müddəti çoxdan bitmişdir. Mülki Məcəlləyə görə ümumi iddia müddəti 10 ildir bu hadisənin üstündən isə 16 ildən artıq keçmişdir. Ona görə də hesab edir ki, iddia müddəti bitdiyinə görə iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 018770 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/242 saylı fərdi yaşayış evi İddiaçı və X1 adına paylı mülkiyyət hüququ əsasında xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PB-nin TQ-nın xx.xx.2006-cı il tarixli qərardan görünür ki, vətəndaş X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1564 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu Ş.Mustafayev küçəsi, 27 saylı evin 242-ci mənzilinin 1-ci mərtəbəsindəki sahəsi 19,8 kv.m olan yaşayış otağının pəncərəsinin tam bağlanması nəticəsində otağın havalandırılmasına, işıqlanmasına, rütübətin tənzimlənməsinə mənfi təsir göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, cavabdehin hərəkətləri İddiaçı ona məxsus əmlakdan istifadəsinə maneələr yaradır. Belə ki, iddiaçıya məxsus mənzilin pəncərəsinin cavabdeh X3 tərəfindən bağlanması qeyd edilən evə yaşayışın çətinləşməsinə səbəb olmuşdur. Evin havalandırma, işıqlandırma və rütubətin tənzimlənməsində maneələr yaradır. Qeyd edilən hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1564 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə də təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27 saylı evin 242-ci mənzilinin 1-ci mərtəbəsində İddiaçı mülkiyyətində olan sahəsi 19,8 kvm olan yaşayış otağının bağlanmış pəncərəsi Cavabdeh hesabına açılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar