Məhkəmə qərarları › İş №2(005)-1124/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1124/2024

24.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1124/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh AR Dövlət Neft Şirkəti Geofizik və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsindən gəlir vergisi kimi tutulan məbləğin 4245,78 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin 31 oktyabr 2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cu hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar mənimlə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 03 07.2012-ci il tarixli 81/14-29ə saylı birgə Əmr-Qərarında göstərilmişdir ki, bu Əmr-qərar verildiyi tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bır təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi lə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmrqərara əsasən mənimlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək hqqının beş misli miqdarında müavinət ödənilmişdir Lakin müavinət ödənilən zaman cavbdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur.Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydasıadlanan 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir kimi müddəaya görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəsinin 6-cı hissəsinə əsasən Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. İşdənçıxma ilə bağlı ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmək istəyirəm ki, Dövlət Neft Şirkətinin baş ofisinin və onun qurumlarının sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş məbləğlər artıq geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi təşkilatları isə mənkəmə araşdırmalarını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği sabiq işçilərə qaytarmışlar. Qanunvericiliyin tələbinə əsasən mənə ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq tutulması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh AR Dövlət Neft Şirkəti Geofizik və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, İddiaçılə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar iscinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14- 29ə nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ İddiaçı ödənilmişdir. AR Vergi Məcəlləsinin 102.1.3.1 -ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad edilir. İddiaçılə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. İddiaçı ilə SOCAR-ın Geofizika və geologiya İdarəsi arasında xx.xx.2023-cü il tarixdə “1857 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə işçi arasında” Razılaşma imzalanmış və həmin Razılaşmanın 1.3-cü bəndində aşağıdakı qaydada öhdəlik götürmüşdür. Razılaşma əlavə olunur. “Əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbinin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir”. Bundan başqa İddiaçı İddia ərizəsində 4245,78 (dörd min iki yüz qırx beş manat,78 qəpik) məbləğin ona qaytarılmasını qeyd etmişdir. Lakin İddiaçı cəmi 18897,05 (on səkkiz min səkkiz yüz doxsan yeddi manat, 05 qəpik) manat məbləğində 5(beş misli) hesablanmışdır. Belə olan halda 18897,05-1000=17897,05- 2500=15397,05* 25%=3849,26+350= 4199,26 yəni beş mislidən tutulan məbləğ 4245,78 (dörd min iki yüz qırx beş manat, 78 qəpik) deyil 4199,26 (dörd min yüz doxsan doqquz manat, 26 qəpik) olmuşdur. İddiaçı hesablanmış və ondan tutulmuş məbləğ Mühasibat uçotu və hesabatı şöbəsinin Arayışından tam aydın görünür. Arayış əlavə olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıdır. Bu verginin əsas üstünlüyü ondadır ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirik ki, İddiaçı ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr-qərarına əsasən, İddiaçı orta aylığ əmək haggının bes misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir. bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olarag fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 14-2-4/3-1K-342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Geofizika və Geologiya İdarəsinin hüquq şöbəsində şöbə rəisi vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir. - Haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinətdən tutulmuş gəlir vergisinin məbləği 4.245,75 manat olmuşdur. - 253 №-li, xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında 31 oktyabr 2023-cü il tarixli Razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən işçi ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. 2.1-ci bəndinə əsasən, bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5(beş) misli miqdarında, cəmi 18897,05 manat müavinət hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, 14-2-4/3-1K-342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Geofizika və Geologiya İdarəsinin hüquq şöbəsində şöbə rəisi vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinətdən tutulmuş gəlir vergisinin məbləği 4.245,75 manat olmuşdur. İddiaçı hesab edir ki, işdən azad edilərkən ona ödənilmiş müavinət məbləği vergiyə cəlb edilməməli idi. Bu səbəbdən, o, müavinətin məbləğinin qalan hissəsinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmiş və qeyd olunan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. Beləliklə də, hazırki mülki iş üzrə iddianın predmeti cavabdeh tərəfindən iddiaçıya ödənilmiş müavinətin vergitutmaya cəlb edilməli olub-olmamasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130- cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.7-ci bəndinə görə, kollektiv saziş- müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 12-ci maddəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. 77-ci maddədə əmək müqaviləsinə başqa əsaslarla (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə əsasən əsasən orta əmək haqqının 5 misli məbləğində 18897,05 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 4.245,75 manat vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 97.3-cü maddəsinin tələblərinə əsasən gəlirlərə aşağıdakılar aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı ödədiyi orta əmək haqqının 5 misli məbləğində müavinət iddiaçının gəliridir. Hazırki işdə iddianın predmetini təşkil edən 4.245,75 manat məbləğin iddiaçıya ödənilməsi üçün iddianın hüquqi əsasını Gəlir vergisindən azadolma halları və güzəştlər əks etdirilən Vergi Məcəlləsinin 102-ci maddəsinin şərhindən asılıdır. Həmin maddənin 102.1.4-cü maddəsinin tələblərinə əsasən «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar» alan fiziki şəxslər gəlir vergisindən azaddır. Göründüyü kimi maddənin mətnində müavinətlər, dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, təminatlar, dövlət büdcəsi hesabına ödənilən birdəfəlik ödəmələr və ya maddi yardımlar vergidən azad olma obyekti olsa da kompensasiyanın vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin iddiaçı iddia tələbini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, ona müəssisə tərəfindən ödənilən dövlət pensiyaları olmaqla həmin vəsaitdən qanunvericiliyə müvafiq olaraq vergi tutulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Beləliklə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməklə həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq işin faktiki araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının mübahisələndirdiyi, ona könüllü şəkildə ödənilmiş kompensasiya məbləği vergidən azad olunan gəlirlərə aid deyil. Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu da işçinin işini itirməsi və daimi gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi nəticələri yüngülləşdirmək, habelə yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh AR Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar