Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1127/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeydə alnmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2023-cü il tarixində 1 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını qeydə almışdırlar. Nikah bağlamaqda məqsədləri Kənanın xarici ölkəyə viza alaraq buradan getməsi olmuşdur. Yəni ailə qurmaq məqsədilə nikaha daxil olmamışdırlar. Nikah bağlandıqdan sonra Kənan viza üçün müraciət etsə də, xarici ölkəyə getmək məqsədi alınmamışdır. Bu nikah bağladığı andan saxta nikah olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ilə arasında bağlanmış nikahın formal xarakter daşıdığını, onun nikaha girməkdə məqsədinin viza alaraq ölkə hüdudlarından kənara çıxmaq olduğunu bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 553662 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Camalov, arvada Camalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı ilə 1 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 227 nömrə qeydi ilə bağlanan nikahın formal xarakter daşıdığını (birgə təsərrüfta aparmadıqlarını) və İddiaçı ilə faktiki nikah münasibətlərində olmadığını təsdiq edərək, tərəflər arasında bağlanan nikahın etibarsız hesab edilməsinə razıdır. Cavabdeh bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İddiaçı qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın etibarsız hesab edilməsi ilə bağlı İddiaçı aidiyyəti məhkəməyə müraciət edəcəyi ona məlumdur və buna etiraz etmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o iddiaçının anasıdır. İddiaçı olan qızı Kənanla onun xaricə köçməsi üçün evlənmişdir. Onlar cavabdehin ailəsi ilə tanışdırlar. İddiaçı ilə cavabdeh arasında toy olmamışdır. Eyni zamanda elçilikdə olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o iddiaçının xalasıdır. İddiaçı ilə cavabdeh arasında nikah cavabdehin xaricə getməsi üçün bağlanmışdır. Tərəflər arasında adətlərdən olan toy və elçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Buludov Ruslan bildirmişdir ki, o iddiaçının xalası oğludur. İddiaçı ilə Cavabdehin xaricə getməsi ilə bağlı tanış olmuş və nikaha daxil olmuşdurlar. Daha sonra problem yaranmış cavbdeh gedə bilməmişdir. Onlar arasında toy olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2023cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti yoxdur. xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı, nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 25.1, 25.2 və 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikah ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək məqsədilə deyil, əmlak, şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi, başqa şəxslərin təkidilə ailə qurmaq məqsədi olmadan yalnız görünüş üçün və s. məqsədlərlə bağlanır (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəflərin izahatı və digər sübutlar əsasında müəyyən olunmuşdur ki, nikah bağlanarkən tərəflərin faktiki ailə qurmaq niyyətləri olmamış və hazırda da belə niyyətləri mövcud deyildir. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlandığını, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə tarixdə 1 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə tarixdə 1 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1127/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1127/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver