Məhkəmə qərarları › İş №2(005)-1141/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1141/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1141/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Elmar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxx 2016-cı ildə 1806 nömrəli qeyd ilə nikahı qeydə alınmışdır. Birgə nikahdan x xxxxxxxx 2016-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə qurduğu gündən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası 129 nömrəli mənzildə yaşamışlar. Yaşadıqları evin həyətində 3 ayrı-ayrı mənzil vardır. 3 otaqdan ibarət mənzildə baldızı X1 yaşayır, 2 otaqdan ibarət mənzili isə baldızı digər şəxslərə kirayə vermişdir. Yaşadıqları mənzil isə 5 otaqdan ibarətdir. Bu mənzillərdə həyat yoldaşı Cavabdeh və baldızı X1 qeydiyyatdadır. O, isə valideyinlərinə məxsus olmuş və uzun illər bundan əvvəl özgəninkiləşdiririlmiş yuxarıda göstərilmiş mənzildə qeydiyyatdadır. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri korlanmışdır. Bir neçə dəfə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etsə də, onun təşəbbüsü ilə nikahı pozulmamış, lakin aliment tələbi təmin olunmuşdur. Təqribən bir il bundan əvvəl Cavabdeh ilə aralarında mübahisə olmuş və cavabdeh, onu övladı ilə birlikdə mənzildən qovmuşdur. Artıq bir ilə yaxındır ki, azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Valideyinlərin də mənzillərini satdıqları üçün kirayədə yaşadıqlarına görə onun uşaqla birlikdə onların yanında yaşamağım qeyri-mümkündür. İlk aylar bu halın düzələcəyinə və gəlin köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, cavabdeh onun və azyaşlı övladının evə köçüb yaşamağına imkan verməmişdir. Həmçinin valideyinləri tərəfindən ona verilmiş cehiz əşyaları da mübahisəli mənzildə qalmaqdadır. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, azyaşlı övladı X3 ilə birlikdə ünvan 1ndə yerləşən 5 otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Elmar oğlu ayrıayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 5 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1806 №-li akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş 55 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Böyük X6 129 saylı ev özbaşına tikili evdir və 2 nəfər qeydiyyatdadır: Cavabdeh və X1. Evə aid heç bir çıxarış yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2636/2020 saylı qiyabi qətnaməsindən göründüyü kimi, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı oğlu arasında xx xxxxx 2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 1806 № ilə qeyd edilmiş nikah pozulmuş, xx xxxxxxxx 2016-cı il tarixdə doğulmuş X2 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 67 unvanında qeydiyyatdadır. Cavabdehlə ailə həyatı qurduqdan sonra cavabdehlərin ataları tərəfindən inşa edilmiş ünvan 1ndə yerləşən 5 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Aralarındakı nikah münasibətlərinə xitam verildikdən sonra İddiaçı uşağı ilə birlikdə yaşadığı evi tərk etmişdir. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin mənzilə istifadə hüququnun tanınması və qeyd edilən mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə və evdən istifadə qaydasının müəyyən olunması tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1--ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər ailə qurduqdan sonra iddiaçı köçdüyü və yaşadığı ev özbaşına tikili olmaqla cavabdehin atasına məxsus olduğundan, iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə iddiaçının həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması üçün əsaslar görmür və küçürülməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar