Məhkəmə qərarları › İş №2(005)-1143/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1143/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1143/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzildə yaşamağına Cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması və onun ikidə bir payının olduğu Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuşdur. Belə ki, sözü gedən əmlak mərhum atası X10 dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona verilmişdir. Həmin çıxarışa əsasən, Bakı şəhəri, H.Əliyev prospekti, ev 95 A, ümumi sahəsi 64.55 kv.metr olan 47 saylı mənzildə onun 1/2 hissə payının olduğu və ikidə bir hissə isə açıq qaldığı öz əksini tapır. Onun orada pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradılmış, onun mülkiyyətində olan mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Məhz cavabdehin onun mülkiyyət hüququ olan mənzilə dair istifadə hüququnu həyata keçirməyinə maneə olması səbəbindən o bu gün mülkiyyət hüququnun istifadəsindən məhrum olmuşdur. Cavabdeh tərəfindən yaradılmış olan maneələrin aradan qaldırılmasını dəfələrlə ondan xahiş etsə də, buna məhəl qoymamış, cavabdeh tərəfindən qanunsuz əməllər davam etdirilmişdir. Həmçinin, bununla bağlı olaraq hüquq mühafizə orqanına müraciət etsə də, mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuş çıxarışa əsasən pay hüququ tanındığından ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildə yaşamaq və istifadə hüququ vardır. Məhkəmə iclasında İddiaçı, onun vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə dair etiraz təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m olan 47 saylı 3 otaqdan ibarət mənzil atası X6 məxsus olmuşdur. Atasının Sərvinaz, Xilqət, Şəhla və Ülfət adında 4 uşağı olmuşdur. Sərvinaz ailəsi ilə Bülbülə qəsəbəsində, Şəhla ailəsi ilə Nəsimi rayonunda, Xilqət ünvan 3 ünvanda yaşayırlar. O isə atasından miras qalmış mənzildə arvadı X7, qızı Ülkər və oğlu Ülvi ilə birlikdə yaşayır. X4 qızı xx.xx.2014-cü ildə, atası X10 xx.xx.2021-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra da o ailə üzvləri ilə birlikdə mənzildə yaşayır, bacıları da həmişə mənzilə gələrək onlarla birlikdə mənzili idarə etmişlər. İddiaçı isə Nizami rayonundakı mənzilində yaşayıb, miras mənzilə gəlməyib. Atası öz xətti ilə oğlu Ülvinin adına yazdığı 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 A ünvanda yerləşən 47 saylı mənzilini nəvəsi Ülviyə vəsiyyət etmişdir. Vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən ev vəsiyyətnaməsi adlanır. Həmin maddədə göstərilir ki, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. X16 cavabdehlər İddiaçı, Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla) "Vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka payın müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.(Mülki iş hakim Nərgiz Tağıyevanm icraatındadır). Qanunun tələbinə görə miras mənzildə iddiaçının məcburi pay hüququ vardır. O, məcburi pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Nəzərə almalısınız ki, iddiaçıya verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin ikidə bir hissəsinin iddiaçının mülkiyyətində olmasına dair çıxarış məhkəmədə mübahisələndirilir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X5 vərəsəsi İddiaçıdur və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak - ünvan 4-dən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A, 47 saylı mənzildə qeydiyyatdadır. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya təqdim olunmuşdur. Belə ki, sözügedən əmlak mərhum atası X10 dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona verilmişdir. Həmin çıxarışa əsasən, Bakı şəhəri, H.Əliyev prospekti, ev 95 A, ümumi sahəsi 64.55 kv.metr olan 47 saylı mənzildə onun 1/2 hissə payının olduğu və ikidə bir hissə isə açıq qaldığı öz əksini tapır. Onun orada pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradılmış, onun mülkiyyətində olan mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.2-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) məruz qalan şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanuni sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin ikidə bir hissəsi İddiaçı mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə köçürülməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilə köçürülsün. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar