Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1166/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən hazırda "xxxx" MTK-ya məxsus olan çox mərtəbəli binanın A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilin X3 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən çox mərtəbəli binanın A bloku, 10-cu mərtəbə, ümumi sahəsi 46 kv m olan, 1 otaqlı, 65 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə Abşeron Rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan Cavabdeh MMC-nin sədri X2 aralarında 16 aprel 2019-cu il tarixdə aralarında müqavilə bağlanmış və müqavilənin predmeti olaraq iddiaçı Xırdalan şəhəri R.Axundov küçəsində inşa etdiyi üç blokdan çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, 46 kv.m 1 otaqlı mənzilin ümumi dəyəri 29.440 manat məbləğində pul ödəmiş və ona pulun ödənilməsinə dair maliyyə arayışı təqdim olunmuşdur. Mənzilin pulunu türk vətəndaşı Hakan Demir ödəmişdir. Mənzil tikilib qurtardıqdan sonra təhvil verilməli idi. Evinə baxmağa getdikdə “Fateh MMC”-nin binanı "xxxx" MTK-ya satdığının şahidi olmuş və evini tələb etdikdə "xxxx" MTK ona verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehdən bir neçə mənzil almışlar, lakin o, heç bir öhdəliyini icra etməmişdir. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da mümkün olmamışdır. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 həmin binadan bir neçə mənzil aldıqlarını, pulunun onun tərəfindən verildiyini, Cavabdeh MMCnin ofisinin binanın 1-ci mərtəbəsində yerləşdiyini və müqaviləni də həmin ofisdə bağladıqlarını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X5 bildirmişdir ki, müqavilənin onlara aidiyyəti yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, mənzil 65 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi, alıcı isə müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin bir kv.metr sahəsinin dəyəri 640 manat olmaqla, ümumi dəyəri 29440 manat təşkil edir; Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin Xırdalan şəhəri R.Axundov küçəsində inşa etdiyi üç bloklu çox mərtəbəli yaşayış binasının A-bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m. olan 1 otaqlı, 65 nömrəli mənzilin ümumi dəyəri 29440 manat tam ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Mübahisələndirilən mənzilin alınması və müqavilə üzrə müəyyən edilmiş məbləğin “satıcıya” tam həcmdə ödənilməsi alqı-satqı müqaviləsi və maliyyə arayışı ilə təsdiq edilir. İddiaçının müqavilə üzrə öhdəliyini tam yerinə yetirməsinə və Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 nömrəli mənzilin tam dəyərini ödəməsinə baxmayaraq, həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı qeyd edilən mənzilin onun tərəfindən alındığına və dəyərinin tam şəkildə ödənildiyinə, sahiblik və ondan istifadə etmək hüququnun yaranmasına istinad edərək məhkəmə qaydasında mənzilin ona təhvil verilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi (xidmətin alqı-satqısı) tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh MMC mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən 1 otaqlı mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları podrat müqaviləsidir və həmin müqavilə çərçivəsində çıxış edən Cavabdeh MMC sifarişçi kimi üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün tələb olunan məbləği tam ödəmiş, MMC isə həmin məbləği qəbul edərək onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının dəyərini tam ödədiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün iddia əsaslıdır. İddiaçının izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzil iddiaçıya təhvl verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən çox mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1166/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1166/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver